İqtisadçı prezidentin qanunu geri qaytarmasını düzgün saydı

“Hər bir ölkədə investorların görmək istədiyi müəyyən təminatlar və zəmanətlər var”

Source:
Qubad İbadoğlu


“Hər bir ölkədə investorların görmək istədiyi müəyyən təminatlar və zəmanətlər var”

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu prezidentin “Valyuta tənzimi haqqında” qanununa dəyişikliyi imzalamadan geri qaytarmasını düzgün hesab edib.

Bu barədə öz Facebook səhifəsində yazan İbadoğlu bildirib ki, yanvarın 16-da Milli Məclis “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər etdikdən sonra, bəzi kateqoriya şəxslər istisna olmaqla, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycandan kənara xarici valyutanın köçürülməsi üçün əməliyyat məbləğinin 20 faizi miqdarında icbari yığımın tam məbləğdə dövlət büdcəsinə ödənilməsi üçün əsas yaranmışdı.

O, bu dəyişikliyin sahibkarların və investorların, xüsusilə də xarici sərmayəçilərin ciddi narahatlığına səbəb olduğunu bildirib: “Hələ Milli Məclis qərar verərkən mən də öz növbəmdə bu dəyişikliyi şərh edərək, onun yarada biləcəyi fəsadlar barədə fikirlərimi mətbuat vasitəsilə ifadə etmidim. Butün bunları nəzərə alaraq, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 19 yanvar tarixli Qanunun Konstitusiyanın 110-cu maddəsinin I hissəsinə uyğun şəkildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmadan Milli Məclisə geri qaytarılmasını təqdir edirəm”.

İqtisadçı hesab edir ki, indiki həsas zamanda bununla da kifayətlənmək olmaz: “İnvestorlar üçün güclü biznes və investisiya mühitini dəstəkləyən siyasi şəraitin yaradılmalı və onların təhlükəsizliyi təmin olunmalı, onlara müvafiq zəmanətlər verilməli, xüsusilə də vergi və tarif qanunvericiliyində sabit rejim yaradılmalı, hökümətin fəaliyyətində açıqlıq və səffaflıq artırılmalı, biznes korrupsiyadan azad olmalı, yaxşı idarəetmə tətbiq edilməlidir. Bununla yanaşı, hər bir investor əmin olmalıdır ki, investisiya yatırımı təhlükəsizdir, ölkədə dövlət və məhkəmə orqanları tərəfindən ədalətli və qərəzsiz davranış təmin edilir, biznesin qarşılaşdığı çətinliklər və üzləşdiyi mübahisələr müstəqil məhkəmələrdə qanun çərçivəsində ədalətlə həll edilir. Nəhayət, hər bir ölkədə investorların görmək istədiyi müəyyən təminatlar və zəmanətlər var. İnvestorun prinsipial maraqlarına aşağıdakı hüquqların təmin olunması daxildir: 1) Xüsusi olaraq, müqavilələrin icrası və dövlət borclarının ödənilməsi məsələlərində xarici və yerli investorlar üçün bərabər və ayrı-seçkiliksiz davranış; 2) Qanunla icazə verilən və tənzimlənən tərzdə bütün sektorlara hər bir formada (birbaşa, portfel və s.) investisiya yatırmaq; 3) Milliləşdirmə, özgəninkiləşdirmə və oxşar nəticələrə gətirib çıxaran hər hansı digər tədbirlərin görülməyəcəyinə və bu cür şəraitin milli təhlükəsizlik səbəblərindən zəruri olduğu halda ədalətli kompensasiyanın təmin ediləcəyinə zəmanət; 4) Qanunla tələb olunan vergilərin və ödənişlərin ödənilməsindən sonra gəlirləri xarici valyuta ilə xarici ölkələrə köçürmək; 5) Qanunla tələb olunan şərtlərə müvafiq olaraq investisiyaların stimullaşdırılması tədbirlərindən faydalanmaq; 6) Torpaq üzərində mülkiyyət hüququ; 7) Əqli və sənaye mülkiyyətinin qorunması. Unutmayaq ki, Azərbaycan iqtisadiyyatının sabitləşməsində investisiyaların rolu hazırda daha çox önəmlidir və bu həsas dövrdə investorlar üçün nəinki baryerlər yaradılmalı, hətta onların qarşılaşdıqları bütün əngəllər tezliklə aradan qaldırılmalıdır”.

Ana səhifəXəbərlərİqtisadçı prezidentin qanunu geri qaytarmasını düzgün saydı