Qadir İbrahimli: ”Manat əvvəlki vəziyyətinə qayıda bilməyəcək, çünki bunun üçün heç bir resurs yoxdur”
“Cənab prezidentin aydın və dərin düşünülmüş iqtisadi islahat konsepsiyası var. Hazırda biz həmin konsepsiyanın icrası ilə məşğuluq. Bu konsepsiya dörd əsas istiqaməti əhatə edir”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyevin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov AzTV-yə müsahibəsində deyib.
O bildirib ki, birinci istiqamət maliyyə bazarlarında sabitlik, manatın likvidliyinin bərpa olunması, eyni zamanda, bu sahədə maliyyə intizamının möhkəmləndirilməsidir: “Azərbaycan 38 milyard dollara yaxın valyuta ehtiyatlarına malikdir. Bu, ümumi daxili məhsulun həcmindən daha böyük rəqəmdir. Belə bir strateji ehtiyatlara malik olan dövlət təbii ki, heç bir maliyyə çətinliyi çəkə bilməz. Amma maliyyə resurslarından düzgün, səmərəli istifadə və maliyyə resurslarını sonradan əlavə dəyərə çevrilməklə ümumi daxili məhsulun həcminin artırılmasında iştirak prinsiplərinin tənzimlənməsi cənab prezidentin müəyyən etdiyi ən prioritet istiqamətdir. Maliyyə Bazarlarına Nəzarət Palatası da bu məqsədlə yaradılıb. Palatanın bütün təşkilati məsələləri fevral ayında həll olunacaq, normativ hüquqi aktlar hazırlanıb qəbul ediləcək. Mart ayından etibarən Mərkəzi Bank, eyni zamanda, Palata və digər aidiyyəti qurumlar ölkədə manatın likvidliyinin artırılması istiqamətində çox ciddi qərarlar qəbul edəcək. Çox yaxın müddətdə ölkədə manatın aktivliyi tamamilə bərpa olunacaq. Bu, cənab prezidentin müəyyən etdiyi digər üç istiqamət üzrə islahatların həyata keçirilməsini dəstəkləyən və eyni zamanda, təmin edən amil kimi çıxış edəcək.
Prezidentin köməkçisinin fikirlərini Meydan TV-yə şərh edən iqtisadçı Qadir İbrahimli bildirdi ki, manat bundan sonra əvvəlki vəziyyətinə qayıda bilməyəcək, çünki bunun üçün heç bir resurs yoxdur. Ölkəyə xarici valyuta gətirən yeganə sektor neftin qiyməti enir və bu tendensiya uzun müddət davam edəcək.
Qadir İbrahimli hesab edir ki, hökumətin manatla bağlı ata biləcəyi ən böyük addım indiki məzənnəni sabit saxlamaqdır. Bunun üçün müəyyən əsaslar artıq yaranıb. Dövlət Gömrük Komitəsinin sədri Aydən Əliyev təxminən 10 gün əvvəl idxalın 65-70 faizə yaxınlaşdığını bildirdi. Bu isə dollara təlabatın kəskin azalması deməkdir. Fevralda idxal əməliyyatları 65-70 faiz azalacaqsa, dollara tələbat da kəskin azalacaq. Çünki dollara tələbatı idxalçılar yaradır. İdxal dinamikasının yaxın müddətə enəcəyi təqdirdə manatı təxminən ilin sonuna qədər sabit saxlamaq imkanları yaranır. Bu, hökumətin xidməti yox, iqtisadi prosesdir.
O, son vaxtlar dükanlarda mal qıtlığının büruzə verdiyini, brend mallar satan marketlərin tənəzzülə getdiyini dedi: “Təbii ki, idxalın azalması xidmət və mal satışında böyük geriləmə yaradacaq və nəticədə işsizlər ordusuna təkan verəcək. Bu neqativ şərtlər daxilində manat bir müddət sabit qalsa da, özüylə çox sayda sosial problemlər gətirəcək. Hökumətin yeganə çıxış yolu iqtisadi liberallaşmaya gedib idxal və ixracda monopoliyanı aradan qaldırmalıdır. Əks təqdirdə, işsizlik problemi həll olunmasa, sosial təlatümlərlə nəticələnəcək”.