İqtisadçı prezidentin fərmanını birmənalı qarşılamadı

”Bütün dövlət strukturlarının səlahiyyət çərçivələrinin ASAN xidmətin hesabına daraldırlması şəffaf və effektiv idarəçilik deyil”

Source:


”Bütün dövlət strukturlarının səlahiyyət çərçivələrinin ASAN xidmətin hesabına daraldırlması şəffaf və effektiv idarəçilik deyil”

Prezidentin “ASAN Kommunal” mərkəzlərinin yaradılması ilə bağlı tədbirlər haqqında fərmanı artıq media və sosial şəbəkələrdə müzalirə predmetinə çevrilib.

Sənəd əhaliyə kommunal sahədə xidmətlərin göstərilməsində idarəetmənin optimallaşdırılması və şəffaflığın artırılması, “ASAN xidmət” təcrübəsinin digər xidmət sahələrində tətbiq edilməsi, xidmətlərin daha keyfiyyətli, rahat və innovasiyaların tətbiqi ilə həyata keçirilməsi və bu sahədə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə imzalanıb.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, ”Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi fiziki və hüquqi şəxslərə xidmət göstərilməsi sahəsində olan xidmətlərinin “ASAN Kommunal” mərkəzlərində həyata keçirilməsini təmin etmək üçün Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin həmin mərkəzlərdə onlar üçün müəyyən etdiyi yerləri zəruri işçi qüvvəsi, texniki kommunikasiya və informasiya resursları ilə təmin etməli, müştəri xidmətləri sahəsində funksiyalarının “ASAN Kommunal” mərkəzlərinə ötürülməsini (“outsource”) təmin etməklə həmin xidmətlərin bu mərkəzlərdə göstərilməsi, habelə bu fərmanla nəzərdə tutulmuş mərkəzlərin yaradılması və təşkili ilə bağlı xərcləri maliyyələşdirməli və mövcud informasiya sistemlərinin “ASAN ödəniş” sistemi ilə inteqrasiyasını təmin etməlidirlər.

Eyni zamanda, əhaliyə müştəri xidmətləri göstərən digər hüquqi şəxslər Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırılmış qaydada bu fərmanın tələblərinə uyğun olaraq müştəri xidmətlərini “ASAN Kommunal” mərkəzlərində həyata keçirə bilərlər.

Meydan TV fərmanı şərh etmək üçün iqtisadçı Məhəmməd Talıblıya müraciət edib

M.Talıblı bildirib ki, fərmanın mahiyyətində kommunal sahəni əhatə edən idarəetmə səlahiyyətlərinin müəyyən bir qisminin yenə ASAN xidmətə keçməsi dayanır: “ASAN-ın keyfiyyətli xidmət nümunəsi digər dövlət strukturlarında geniş tətbiq edilməsindənsə, onların səlahiyyətlərinin ASAN xidmətə köçürülməsi baş verir. Əgər belədirsə, o zaman niyə vəzifə səlahiyyətlərini icra edə bilməyən şəxslər uzaqlaşdırılmır və həmin qurumlar yeniləri ilə əvəzlənmir? Əslində, bu hökumətin üzünü az-çox ağ edən layihə elə budur. Az qala bütün dövlət strukturlarının səlahiyyət çərçivələrinin ASAN xidmətin hesabına daraldılması şəffaf və effektiv idarəçilik deyil. Daxildə barmaqla sayılacaq qurumlarda şəffaf və hesabatlı fəaliyyət yaratmaq da yetərli deyil. Qlobal təşəbbüslərdə Azərbaycanın yeri ili-ildən aşağı düşür”.

Məhəmməd Talıblı
Məhəmməd Talıblı

İqtisadçı əlavə edib ki, açıq cəmiyyətin formalaşması və şəffaflıq təşəbbüslərinin sərhədlərinin genişlənməsi artıq qloballaşan dünyada yeni tendensiya təşkil edir. Ötən il MSŞT(Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü-EİTİ) çərçivəsində ölkəmizin statusu bir pillə aşağı salındı. İndi isə AHT (Açıq Hökumət Təşəbbüsü) üzrə beynəlxalq İdarə heyəti ölkəmizin bu təşəbbüsdə iştirakını “qeyri-aktiv” səviyyəyə düşürməsi haqqında qərar verib. Hər iki təşəbbüs (T.Bleyer və B.Obama) ən ciddi qlobal təşəbbüs hesab olunur və ən üstün mandat deməkdir. Beynəlxalq səviyyədə şəffaflıq təşəbbüslərdə geriyə gedən ölkəmizin daxildə bəzi “pir” qələbələri nə şəffaflıqla əlaqəsi var, nə də effektiv idarəçiliklə. Hər iki amil hökumətlərdən kompleks tədbirləri gerçəkləşdirmək iradəsi tələb edir. Bu mövsümü tədbirləri və imitasiyanı istisna edir.

Ana səhifəXəbərlərİqtisadçı prezidentin fərmanını birmənalı qarşılamadı