“Ola bilsin ki, Əliyev Ermənistan ordusunun məhdudlaşdırılmasını tələb edib”
“12-13 sentyabrda baş verən sərhəd gərginliyinin növbəti səbəbi Azərbaycanın Ermənistan ərazisindən keçən dəhliz tələb etməsidir”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 13-də parlamentdə çıxışı zamanı deyib.
“Biz heç kimə Ermənistanın ərazisindən dəhliz vermək fikrində deyilik. Amma biz Ermənistanın ərazisindən yolların açılmasını qəbul edirik və hətta maraqlıyıq”, – deyə Paşinyan əlavə edib.
Baş nazir Ermənistan Silahlı Qüvvələrinin hansısa təxribata əl atmasını təkzib edib.
Onun sözlərinə görə, bu vəziyyət ilk növbədə Dağlıq Qarabağ məsələsi üzrə danışıqlar prosesi ilə bağlıdır.
O, Ermənistanın qəbul etdiyi və təklifləri ilə əlavə etdiyi sülh müqaviləsi ilə bağlı Azərbaycanın yazda təqdim etdiyi beş prinsipi xatırladıb.
Ermənistandan fərqli olaraq Azərbaycan tərəfi Yerevanın təkliflərini qəti şəkildə rədd edərək Qarabağ məsələsinin bağlandığını bildirib.
N.Paşinya təxribatın məqsədinin həm də Ermənistan ordusunda islahatlar prosesini pozmaq və “aşkar iqtisadi uğurlarını” dayandırmaq məqsədi olduğunu dilə gətirib: “Ermənistan dünyanın 165 ölkəsi arasında 11-ci yerdədir və bu təxribat həm də Ermənistanın iqtisadi dinamikasını pozmağa yönəlib”.
Baş nazirin fikirlərini Meydan TV-yə şərh edən siyasi şərhçi Şahin Cəfərli bildirib ki, Bakının Ermənistan ərazisindən keçəcək kommunikasiyanın dəhliz statuslu olmasını istəməsi sirr deyil:
“Yəni Azərbaycan həmin yolun Ermənistan dövlətinin nəzarətindən kənar statusa malik olmasında maraqlıdır. Bu mənada Nikol Paşinyanın dedikləri yeni bir şey deyil”.
Paşinyanın “ordu islahatlarını pozması” haqda açıqlamasına gəlincə, Şahin Cəfərli deyir ki, qapalı danışıqlarda hansı müzakirələrin getməsindən ictimaiyyət xəbərsizdir:
“Ola bilsin ki, Əliyev Ermənistan ordusunun məhdudlaşdırılması tələbini irəli sürüb. Müharibədən sonra prezident bir neçə çıxışında deyib ki, əgər Ermənistan yenidən silahlanmağa başlasa, bunu Azərbaycana qarşı təhdid sayacağıq. Bu mənada İlham Əliyevin Ermənistanın qismən silahsızlaşdırması məsələsini qaldırmasını istisna etmirəm”.
İqtisadçı Nazim Bəydəmirli Nikol Paşinyanın iqtsiadi islahatlarla bağlı dediklərini bölüşdüyünü söyləyib.
Nazim Bəydəmirli Meydan TV-yə bildirib ki, Paşinyan 2016-cı ildə hakimiyyətə gələndən sonra iqtisadi şəffaflıq göz önündədir:
“Həmçinin iqtisadi islahatlara Avropa Birliyinin dəstəyi də var. Ancaq onun atəşkəs pozuntusunu iqtisadi islahatlarla əlaqələndirməsi daxili auditoriyaya hesablanıb. Yəni Paşinyan doğru danışır, sadəcə, səbəbləri düzgün göstərmir. 12-13 sentyabr olayları Rusiyanın Ukraynada uğursuzluqlarını yeni münaqişə ocağı yaradaraq öz vacibliyini dünya ictimaiyyətinə çatdırmaqdır. Rusiyanın imkanı olsa, başqa regionlarda da belə münaqişə ocağı yaradar”.
Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşma nəticəsində hər iki tərəf itkiyə məruz qalıb.
Azərbaycan Müdafiə Nazirliyi 50, Ermənistan isə 49 hərbçisini itirdiyi haqda məlumat yayıb.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilir ki, Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı hücuma keçib.
Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Aram Torosyan isə bildirib ki, Azərbaycan Ermənistanın Qoris, Sotk və Cermuk (Gorus, Zod və İstisu) rayonları istiqamətində intensiv atəş açıb, döyüşə artilleriya və PUA-lar cəlb olunub.
Xatırlatma
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.
Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.
Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.
Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.
İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.