neft

Mənbə: Foto: arxiv

Başlıq: neft

İqtisadçı: "Ölkənin ödəniş balansı təhdid altındadır

“SOCAR kəskin rəqabət şəraitinə uyğunlaşmış peşəkar bazar oyunçuları ilə bir müstəvidə dura bilməyəcək”

Azərbaycan 2020-ci ilin yanvarında 4 milyon ton xam neft satıb. Bir ay sonra, fevralda isə Azərbaycan 1,7 milyon ton xam neft sata bilib. Yəni satışın həcmi 1 ay ərzində 2,3 milyon ton və ya 58 faiz azalıb.

Dövlət Gömrük Komtəsinin açıqladığı rəsmi məlumatlardan belə məlum olur.

İqtisadçı Nemət Əliyev deyir ki, Azərbaycanın 2020-ci ilin ilk 2 ayında xam neft satdığı bazarların 58 faizini itirməsi il sonunadək neft satışından olan gəlirlərinin 7 milyard dollardan çox azalacağının göstəricisidir:

"Ölkənin ödəniş balansı təhdid altındadır. Manata təzyiqlər, bütün rəsmi açıqlamaların əksinə olaraq, nəinki azalmayıb, əksinə artıb".

İqtisadçı deyir ki, iqtisadiyyatı, büdcəsi, sosial həyatı neftə köklənmiş bir ölkə üçün bu, çox dəhşətli itkilərdir:

"Müqayisə üçün deyim ki, 2019-cu ilin fevral satışı yanvar satışını 41 faizdən çox üstələmişdi. Lakin 2020-ci ildə hadisələr 180 dərəcə əks istiqamətə meyl edib və aylıq satışın həcmi 2,4 dəfə azalıb. İtkilərin bu həddə gəlib çatmasında çevik qiymət mexanizminin olmaması, real proqnoz göstəricilərin çatışmaması və qərarvermə prosesində qətiyyətsizlik öz sözünü deyib".

Nemət Əliyev deyir ki, heç olmasa, bir ay sonraya birjalarda qiymətlərin hansı ssenari üzrə dəyişə biləcəyinə dair real, yaxud da reala bənzər proqnoz göstəricilər olsaydı, və bir az da qətiyyət çatsaydı, vəziyyət bu dərəcədə ağırlaşmazdı. İqtisadçı əlavə edir ki, bazar payının qorunub saxlanılmasında ən təsirli alət hesab olunan qiymət mexanizmi düzgün şəkildə istifadə olunsaydı, yenə də bu qədər itkilər olmayacaqdı:

"Hətta pessimist proqnoz göstəricilər də konkret və real, bir az da mütəhərrik qiymət mexanizmləri ilə bərkidilmirsə, böyük itkilərdən qaçmaq mümkün deyil. Odur ki, ölkə daxilində enerjidaşıyıcılarına münasibətdə hökumət tərəfindən yürüdülən yanlış qiymət siyasətinin fərqli bir qiyafədə xarici partnyorlara münasibətdə də davam etdirilməsinə heç bir şübhəm yoxdur. Peşəkar ticarət oyunçuları daha yaxşı bilər ki, qiymətlərdə müşahidə olunan və ya gözlənilən ən kiçik tendensiya, detallar belə dərhal qeydə alınmalı, anındaca reaksiya verilməli, adekvat düzəlişlər tətbiq olunmalı və müştəriləri itirməmək naminə digər əlavə cəlbedici mexanizmlər işə salınmalıdır".

Nemət Əliyev deyir ki, bu qaydalara operativ şəkildə əməl etməyən istənilən bazar iştirakçısı böyük pay itkiləri ilə üzləşəcək. Neft bazarlarında 58 faiz pay itirilməsində isə naşılıq, qərarvermə prosesindəki lənglik rol oynayır:

"Sanki bir arxayınçılıq yaşanıb, gözləmə mövqeyi tutulub. Azərbaycan tərəfinin, xüsusən də SOCAR-ın monopoliya şəraitində oynamağa və qazanmağa adətkar olmasının da baş verənlərə mənfi təsiri var. Elementar rəqabət qabiliyyəti olmayan SOCAR kəskin rəqabət şəraitinə uyğunlaşmış peşəkar bazar oyunçuları ilə bir müstəvidə dura bilməyəcək. İşi-peşəsi neft çıxarmaqdan və satmaqdan ibarət olan SOCAR -ın martın ortalarında Səudiyyədən ucuz neft alması onun rəqabət qabiliyyətinin nə dərəcədə aşınmasının, yaxud da zəif düşməsinin bariz nümunəsidir".

İqtisadçı bildirir ki, xam neftin satış həcminin 2,4 dəfədən çox düşməsi, fevralda gəlirlərin əhəmiyyətli dərəcədə azalması ilə müşayiət olunub.

Xam neftin satışından bu ilin yanvar ayında 2,0 milyard dollar, fevralda isə 0,8 milyard dollar gəlir əldə olunub. Fevralda satışdan gələn gəlirlər 1,2 milyard dollar və ya 60 faiz azalıb.

Bu barədə də Dövlət Gömrük Komitəsinin hesabatında bildirilir.

Nemət Əliyev isə deyir ki, Azərbaycan neftinin 1 bareli yanvarda orta hesabla 67, fevralda isə 62 dollara ticarət edilib. Deməli, fevralda satış bazarlarının əldən çıxması paralel şəkildə çox da böyük olmayan qiymət itkiləri ilə müşayiət olunub:

"Konkret hesablamalar göstərir ki, fevralda əmələ gələn 1,2 milyardlıq itkilərə ucuzlaşma 10 faiz, müştəri itkisi isə 90 faiz təsir edib. Deməli, fevralda əsas sarsıdıcı zərbəni neft bazarlarının itirilməsindən almışıq".

Nemət Əliyev

Nemət Əliyev

Mənbə: Foto: Amerikanın səsi

Bunun martda hansı vəziyyətə gəlib çıxmasına gəlincə, iqtisadçı deyir ki, bu ay həm ölkə iqtisadiyyatına, həm də əhalinin sosial həyatına vurulan ciddi zərbələrin altını Azərbaycan sonrakı aylarda hələ çox çəkməli olacaq:

"Məsələ bundadır ki, dünya birjalarında xam neftin qiymətləri bu ilin yanvar və fevral aylarında nisbətən yüksək olsa da, martın 1-ci ongünlüyünün sonlarından başlayaraq kəskin eniş edib: martın 2-də 1 bareli 52 dollara ticarət edilən brend markalı neft martın 6-da 45, martın 18-də 25, martın 26-da isə 26 dollara ticarət edilib. Bu aralıq dövrdə maksimum qiymət 53,9 dollar, minimum qiymət 24,5 dollar olsa da, orta qiymət 35 dollar təşkil edib. Fevralda isə brend markalı neft orta hesabla 56 dollara alınıb, satılıb. Beləliklə, martda orta qiymət fevrala nəzərən 38 faiz düşüb".

Nemət Əliyev deyir ki, bu təsir Azərbaycan üçün 38 faizin üzərində də ola bilər. Əvvəlki ayda itirdiyi bazarları geri qaytarmaq niyyəti və istəyi onun tərəfindən daha ucuz qiymətlər təklif etməyi gündəmə daşıya bilər. Bu da daha böyük itki anlamına gəlir. Beləliklə, iqtisadçı deyir ki, əgər hökumət xam neftin ixrac həcmində dəyişikliyə nail ola bilməyibsə, o zaman yalnız ucuzlaşma hesabına martda daha 300 milyon dollar gəlirdən məhrum olacağına şübhə yoxdur. Bu halda mart gəlirləri 475 milyon dollar hesablanır:

"Deməli, xam neftin faktiki aylıq ixrac gəlirləri bu ilin yanvarında 2 milyard dollar, fevralında 0,8 milyard dollar olubsa, martda 0,475 milyard dollar gözlənilir. İqtisadi cəhətdən çox təhlükəli tendensiyadır. Əgər aprel və sonrakı aylarda ixrac və qiymət səviyyəsində elə bir əhəmiyyətli dəyişiklik baş verməzsə, o zaman xam neftin ixracından 2019-cu ildə əldə etdiyimiz gəlirlər 2020-ci ilin sonunadək 7,3 milyard dollar və ya 50 faizə qədər azalacaq".

Bu gün – martın 30-da dünya birjalarında neft son 17 ilin ən aşağı səviyyəsinə düşüb.

Dünyada koronovirus böhranı dərinləşir. ABŞ-da yoluxmaların sayı sürətlə artır.

Qərbi Texas neftinin bareli 5,3 faiz düşərək 20 dollara yaxınlaşıb. Brent nefti isə 6,5 faiz düşərək 23 dollar olub.

Artıq koronovirusdan dünya üzrə ölənlərin sayı 34 mini keçib.

Neft bazarlarında bir neçə həftədir qiymətlər enir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/zg59el

Ən çox baxılan