İqtisadçı: Ölkədən çıxan dollar ölkəyə gələn valyutadan çoxdur

Samir Əliyev: ”Manatın iki dəfə ucuzlaşması da qeyri-neft məhsullarının ixracatına müsbət təsir edə bilməyib”

Source:
Samir Əliyev


Samir Əliyev: ”Manatın iki dəfə ucuzlaşması da qeyri-neft məhsullarının ixracatına müsbət təsir edə bilməyib”

Dövlət Gömrük Komitəsi bildirib ki, 2017-ci ilin yanvar-iyul aylarında idxal olunan malların həcmi ixrac olunan malların həcmini üstələyib və nəticədə xarici ticarət dövriyyəsində 167 mln 466 min dollar mənfi saldo yaranıb. 2015-ci ilin yanvar-may aylarında mənfi saldo 281 mln 500 min dollar olub.

İqtisadçı Samir Əliyev Meydan TV-yə bildirib ki, 2015-ci illə müqayisədə 2016-cı ildə həm idxalda, həm də ixracatda azalma müşahidə olunub: “Ümumilikdə, son 2 ayda xarici ticarətdə müsbət saldo olub, amma 7 ayın nəticəsinə görə mənfi saldo qalıb. Yəni 167,5 milyon manat mənfi saldo olub. İyunda bu rəqəm 281,5 milyon idi, indi azalıb, səbəbi həmin ay müsbət saldonun olması idi. Buna baxmayaraq, xarici ticarətdə mənfi saldonun qalması tədiyyə balansında mənfi saldonun yaranmasıyla nəticələnir. Azərbaycanın tədiyyə balansının strukturu belədir ki, bütün istiqamətlərdə həmişə mənfi olsa da, yalnız xarici ticarətdə müsbət olub. 2016-cı ilin 7 -ci ayının nəticələrinə görə yeganə xarici ticarətdə mənfi qeydə alındığından tədiyyə balansı da mənfi qalır. Bu isə manata təzyiqi artırır, o mənada ki, ölkədən çıxan dollar ölkəyə gələn valyutadan çoxdur”.

O, bildirib ki, son 7 ayda qeyri-neft sektorunda istənilən nəticə əldə olunmayıb, əksinə, ötən ilin müvafiq dövrüylə müqayisədə 30 faizdən çox azalma var: “Bu da onu göstərir ki, hökumətin qeyri-neft ixracatını stimullaşdırmaqla bağlı addımları hələ bəhrəsini vermir. Hətta milli valyutanın iki dəfə ucuzlaşması da qeyri-neft məhsullarının ixracatına müsbət təsir edə bilməyib: “Gəlin rəqəmlərə baxaq, ötən ilin müvafiq dövrüylə müqayisədə meyvə-tərəvəz istehsalı 30 faiz, çay istehsalı isə üç dəfə azalıb, bu, çox diqqəti cəlb edən məqamdır, çayın ixracat qiyməti ötən il 4600 dollar idisə, indi 5400 dollar olub. Çayın bahalaşmasının səbəbi maya dəyərinin xaricdən idxal olunan mallar təşkil etməsidir. Bitki və heyvan mənşəli piylər və yağların ixracı 5,5 dəfə, şəkərin ixracı 2 dəfə, spirtli və spirtsiz içkilərin ixracı 25 faiz azalıb, kimya sənayesi məhsullarınin ixracı 30 faiz azalıb. Artan məhsullara gəldikdə, plastmasa və onlardan hazırlanan məmulatlar 11 faiz, pambıq iplik 50 faiz, qara metallar və onlardan hazırlanan məmulatlar 10 dəfə artıb. Bu məsələ maraq yaradır, təsəvvür edin ki, ötən ilin 7-ci ayında idxal olunan bu məmulatın 1 tonunun qiyməti min dollar idisə, bu il 375 dollardır. Yəni satış qiymətinin 3 dəfə azalması hesabına ixraacı 10 dəfə artırmaq mümkün olub. Bu, yerli malların qiymət baxımından xaricdə rəqabət qabiliyyətinin ucuzluğunu göstərir. Yəni bizə baha başa gəlir. Əsas artımlardan biri də alüminiumda 8 faiz olub. İxracatda qeyri-neft məhsullarında azalma var, idxalda ət, çay iki dəfə artıb. Maraqldır, çay ixracatımız azalıb, idxalı isə artıb. Ümumilikdə, ixracatın azalma tempi idxalın azalma tempini üstələyib. Bu isə son nəticədə xarici ticarət dövriyyəsinin vəziyyətinin pis olduğunu göstərir”.

S.Əliyev hesab edir ki, hökumətin qarşısında qısa və uzun müddətli dövr üçün çox ciddi vəzifələr dayanır: “Uzun müddətli dövr üçün neftdən asılılığı azaltmaq və qeyri-neft ixracını artırmaq, qısa müddətdə ucuz neftin vurduğu zərərdən qurtarmaq üçün ölkəyə valyuta gəlməsi barədə düşünmək lazımdır. Bunun üçün ixrac potensialını artırmaq vacibdir. İxracla bağlı subsidiya sistemi tətbiq olunacaq, amma ixrac etməyə keyfiyyətli mal yoxdursa, milli valyutanı ucuzlaşdırsan da ixracı artırmaq mümkün olmayacaq. Azərbaycanda problem qiymətlə bağlı deyil ki, manatı ucuzlaşdırmaqla ixracı stimullaşdıraq. Problem istehsal olunan malların keyfiyyətinin beynəlxalq standartlara uyğunluğudur”.

Ana səhifəAnalitikaİqtisadçı: Ölkədən çıxan dollar ölkəyə gələn valyutadan çoxdur