Maliyyə Nazirliyi

Mənbə: meydan tv

Başlıq: Maliyyə Nazirliyi

İqtisadçı: Növbəti ilin büdcəsinin xarici şoklardan asılılığı artıb

“Büdcə gəlirlərinin təmin olunması riski çoxalıb”

2020-ci ildə büdcənin sosialyönümlü xərcləri cəmi xərclərin 40,7 faizini və ya 11253,7 milyon manat təşkil edəcək. 2019-cu ildə bu faiz 30,8 olub. Yeni rəqəm builkindən 2664,2 milyon manat çoxdur.

Maliyyə Nazirliyi 2020-ci ilin dövlət büdcəsi layihəsi üzərində işləri yekunlaşdıraraq sənədi Nazirlər Kabinetinə təqdim edib. Nazirlik bu sənədin bəzi konturlarını açıqlayıb.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, sənəddə bir xeyli məlumatlar var. Ancaq onların içində cari ilin büdcəsi ilə müqayisədə 4-5 məqam diqqəti cəlb edir:

“Məsələn, növbəti ildə əməyin ödənişi üzrə xərclər 6723,4 milyon manat olacaq. Bu rəqəm 2019-cu ildə 4751,9 milyon təşkil edib. Təqaüdlər və sosial müavinətlər üzrə xərclər isə 3213,4 milyon manatdır. 2019-cu ildə isə bu rəqəm 2527,4 milyon manat olub”.

İqtisadçı deyir ki, icbari tibbi sığortanın tətbiqi üzrə xərclər də artıb. 902,9 milyon manat olub. 2019-cu ildə isə bu rəqəm 223,5 milyon manat təşkil edib:

“Ərzaq məhsullarının alınması və təminatı üzrə xərclərə 414 milyon manat nəzərdə tutulub. 2019-cu ildə 640,6 milyon manat olmuşdu”.

Qubad İbadoğlu deyir ki, gələn il Azərbaycan Dövlət Neft Fondundan büdcəyə 11 767,5 milyon manat vəsaitin transfer edilməsi nəzərdə tutulub. Bu isə 2019-cu illə müqayisədə 403 mln. manat, 3,55 faiz çoxdur. Bütövlükdə 2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24484 milyon manat proqnozlaşdırılır ki, onun da 43 faizi (10536,5 milyon manat) qeyri-neft sektorunun, 57 faizi (13947,5 milyon manat) neft sektorunun payına düşəcək:

Qubad İbadoğlu

Qubad İbadoğlu

Mənbə: meydan.tv

“Baxmayaraq ki, İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, ortamüddətli dövrdə, 2020-2023-cü illərdə ÜDM-in tərkibində qeyri-neft sektoru 65,8 faiz, neft sektoru isə 34,2 faiz olacaq. Bundan əlavə, növbəti ilin büdcəsindən dövlət borcuna xidmət üzrə 2458,2 milyon manat xərc proqnozlaşdırılır. Bu da cari illə müqayisədə 123,4 milyon manat çoxdur”.

Maliyyə Nazirliyinin açıqlamasında bildirilir ki, 2020-ci ilin büdcəsində ilk dəfə olaraq cari xərclərin cəmi xərclərdə xüsusi çəkisi 60 faizi ötəcək.

Qubad İbadoğlu deyir ki, bu, qeyri-neft gəlirlərinin büdcənin cari xərclərinin 80 faizini ödəyə biləcəyi anlamına gəlir:

“Cari xərclərin yerdə qalan 20 faizi, dövlət borcuna xidmət xərcləri və əsaslı xərclər bütövlükdə neft gəlirləri hesabına maliyyələşdiriləcək. Bu isə o deməkdir ki, Azərbaycanda hələ də büdcənin artan xərcləri qeyri-resurs sektoru hesabına təmin edilməsi mümkün deyil. Beləliklə də, növbəti ilin büdcəsinin xarici şoklardan asılılığı artıb və büdcə gəlirlərinin təmin olunması riski çoxalıb”.

Sənəddə o da bildirilir ki, 2020-ci ilin büdcə layihəsi ilk dəfə olaraq Maliyyə Sabitliyi Şurasında da müzakirə olunub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/bgpppa

Ən çox baxılan