İqtisadçı millət vəkilinin çıxışından təəssüflənib

“Neftin qiyməti 80 dollara düşsə, məhz 2015-ci lin dövlət büdcəsinin xərc öhdəlikləri səbəbindən Neft Fondunun ehtiyatlarından 2.2 milyard manat deyil, azı 3.5 milyard manat xərcləmək məcburiyyəti yaranacaq”

Source:


“Neftin qiyməti 80 dollara düşsə, məhz 2015-ci lin dövlət büdcəsinin xərc öhdəlikləri səbəbindən Neft Fondunun ehtiyatlarından 2.2 milyard manat deyil, azı 3.5 milyard manat xərcləmək məcburiyyəti yaranacaq”

Noyabrın 19-da Milli Məclisdə millət vəkili  Vahid Əhmədovun “neftin qiymətinin azaldılması 2015-ci il dövlət büdcəsinin icrasına təsir etmir. Ona görə bizə dərs keçməsinlər, neftin qiyməti 80 dollar olsa da, büdcə üçün heç bir risk yoxdu. Razıyam ki, gələn ilin dövlət büdcəsi sosial və investisiya büdcəsidir”-deyə söyləməsi birmənalı qarşılanmayıb. İqtisadçı Rövşən Ağayev Facebook səhifəsində deputatın çıxışından təəssüfləndiyini ifadə edib.

“Birinci ona görə təəssüflənirəm ki, Vahid müəllim iqtisadçıdır, büdcə ilə bağlı vətəndaş cəmiyyəti ekspertlərinin ifadə elədiyi narahatlıqların nə qədər əsaslı olduğunu bilməmiş deyil. İkinci ona görə təəssüflənirəm ki, Vahid müəllim millət vəkilləri içərisində az sayda insanlardan biri idi ki, daima vətəndaş cəmiyyətinin ictimai müzakirələrinə qatılıb, yeri gələndə haqlı fikirləri müdafiə edib. Dünənki çıxışında konkret ad çəkməsə də vətəndaş cəmiyyətinə xitabən deyib ki, “bizə dərs keçməsinlər, neftin qiyməti 80 dollar olsa da, büdcə üçün heç bir risk yoxdu”,-deyə iqtisadçı bildirib.

Rövşən Ağayev deyib ki, kiməsə dərs keçmək haqda təsəvür doğru deyil. Hər kəs öz təhlil imkanı, informasiya tutumu çərçivəsində düşündüklərini dilə gətirir. İkincisi, dövlət büdcəsinin 53.5 faizi Neft Fondundan formalşacaq. Məhz indiki büdcə xərcləmələri siyasətinə görə, icmal büdcənin kəsiri tariximizdə olmayan bir həddə – 5 milyard manat səviyyəsində proqnozlaşdırılır. Məhz 2015-ci il büdcəsinin xərc öhdəliklərinə görə Neft Fondu yarandığı tarixdə özünün ehtiyatlarından ən böyük həcmdə xərcləməyə məruz qalacaq. Nəhayət, neftin qiyməti 80 dollara düşsə, məhz 2015-ci lin dövlət büdcəsinin xərc öhdəlikləri səbəbindən Neft Fondunun ehtiyatlarından 2.2 milyard manat deyil, azı 3.5 milyard manat xərcləmək məcburiyyəti yaranacaq.

Onun sözlərinə görə, neftin qiymətinin 80 dollar olacağı tədqirdə ehtiyatlarımız dövlət büdcəsinin xərc öhdəlikləri üzündən bir ilin içərisində azı 15 faiz əriməyə məruz qalacaqsa, necə demək olar ki, neftin qiymətinin düşməsi problem deyil. Bu məsələyə yalnız dövlət büdcəsinin göstəriciləri kontekstində baxmaq doğru deyil, çünki dövlət büdcəsi ölkənin icmal büdcəsinin tərkib hissəsidi. Və büdcədə hələlik sabit görünən indiki vəziyyət icmal büdcənin resursları hesabına qorunur.

“Əgər icmal büdcəsi 5 milyard manat kəsirlə proqnozlaşdırılan ölkədə kimsə bunu problem saymırsa, deməyə söz tapmaq çətindir”,-deyə Ağayev fikrini tamamlayıb.

Ana səhifəXəbərlərİqtisadçı millət vəkilinin çıxışından təəssüflənib