"Onların bizdən asılı vəziyyətə düşməsini qısqanclıqla qarşılamaq lazım deyil"
“Məndən olsa, Rusiya qazını yox, elə Azərbaycan qazını Ermənistana satardıq. Hətta Gürcüstanda olduğu kimi oradakı qazpaylayıcı şəbəkəni də almaq olardı”. İqtisadçı Natiq Cəfərli belə deyir.
O bildirir ki, bu məsələyə təkcə iqtisadi qazanc kimi yox, sırf siyasi-praqmatik, gələcəyə yönəlik baxmaq lazımdır.
“Şimali Qafqaz-Zaqafqaziya” qaz kəməri təmirə dayandığından Rusiya qazı Ermənistana müvəqqəti olaraq Azərbaycan ərazisindən ixrac ediləcək.
Buna görə martın 16-da Rusiyanın “Qazprom” şirkəti SOCAR-la qısamüddətli müqavilə bağlayıb.
Müqaviləyə görə, “Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəmərinin Rusiyaya aid olan hissəsində təmir işləri aparıldığından Ermənistana mavi yanacaq Azərbaycanın Gürcüstan sərhədinədək olan ərazisindən keçərək veriləcək.
İqtisadçı Qubad İbadoğlu isə deyir ki, Rusiya qazının Azərbaycan ərazisindən Ermənistana müvəqqəti nəqli SOCAR-la “Qazprom eksport" arasında qısamüddətli (təxminən 3 həftəlik) müqavilə imzalanmasına fərqli münaisbətlər sərgilənir.
Onun fikrincə, Ermənistanın və Dağlıq Qarabağın Azərbaycan və Türkiyəyə inteqrasiyası sahəsində iqtisadi imkanlardan maksimum bəhrələnmək lazımdır: “Bu mövcud problemin həlli yollarından biri və vacibidir. Onların bizdən asılı vəziyyətə düşməsini qısqanclıqla qarşılamaq lazım deyil. Nəzərə alaq ki, Ermənistana ötürülən qaz Rusiya qazıdır və Rusiya qazı martın 17-dən başlayaraq müvafiq tranzit ödənişi ilə Azərbaycan ərazisindən Gürcüstan ərazisinə və oradan Ermənistana çatdırılacaq”.
İqtisadçı deyir ki, burada başlıca məsələ şəffaflığın və hesabatlığın təminatıdır: "Çox yaxşı olardı ki, SOCAR-la “Qazprom eksport" arasındakı müqavilə açıqlansın və ordakı şərtlərlə hər kəsin tanış olmaq imkanı təmin edilsin".