700 milyona iddialı banklar hərraca 300 milyon çıxarılanda sifarişlərini niyə 2 dəfə azaltdılar?
“Mərkəzi Bank 300 milyon dollarlıq valyutanı hərraca çıxarmaqda gecikdi. Bu yubanma da valyuta bazarında ciddi dollar qıtlığı yaratdı”, – iqtisadçı Vüqar Bayramov öz facebook səhifəsində belə yazıb. O, bildirib ki, əslində, Mərkəzi Bank zamanında təklifləri nəzərə alıb istifadə etsəydi, valyuta bazarında son 1 aydakı vəziyyət müşahidə edilməyəcəkdi. İkincisi, kommersiya banklarının sifarişi süni tələbdir. Banklar sifarişi şişirdirdilər ki, Dövlət Neft Fondunun 50 milyon dollarlıq satışından mümkün qədər çox valyuta cəlb edə bilsinlər:
“Nəticədə, əvvəlki hərraclarda milyard dollara yaxın tələb ilə çıxış edən banklar dünən cəmi 340 milyon dollar istədilər. Niyə? Çünki öncədən hərraca 50 milyon deyil, 300 milyon dolların gələcəyini bildilər və reala yaxın tələb ilə çıxış etdilər. Halbuki bir neçə gün öncə 700 milyon dollara iddia edirdilər. 50 milyon dollar satılanda 700 milyon dollar istəyən banklar hərraca 300 milyon çıxarılanda sifarişlərini niyə 2 dəfə azaltdılar sualının cavabı da budur”.
Valyuta bazarında proseslər necə davam edəcək?
İqtisadçı bildirir ki, eyni zamanda, kommersiya bankları tələbin ödəniləcəyi halda marjla daha az spekulyasiya edəcələrini də bilirlər. Dollar qıtlığının aradan qaldırılması yalnız tələbin ödənilməsi hesabına baş verə bilərdi və tələb ödəniləcəksə o zaman dollar məhdudiyyətsiz satılacaq:
“Amma mövcud ehtiyatlar hesabına tələb daimi ödənilə bilərmi və eləcə də uzun müddətli dövrdə buna ehtiyac varmı? Təbii ki, ən məqbul yol bazarın özünün yaranan tələbi qarşılamasıdır.
Nəhayət, valyuta bazarında proseslər necə davam edəcək? Mərkəzi Bankın 4 milyard dollarlıq valyuta ehtiyatı var. Bu il üçün ümumi büdcəsi 10 milyard 688 milyon manat olan Dövlət Neft Fondu isə dövlət büdcəsinə 7 milyard 615 milyon manat transfer etməlidir. Fond bu ilin ötən aylarında artıq 3 milyard dollardan çox valyutanı hərraclar vasitəsi ilə manata çevirib. Neft Fondu büdcə öhədlikləri başa çatanadək hərraclara çıxacaq, Mərkəzi Bank isə valyuta ehtiyatlarını qoruyub saxlamağa çalışacaq”.
Hər hərracda Böyük həcmdə valyutanın təklif edilməsi mümkün deyil
“Deməli, hər iki qurum orta və uzun müddətli dövrdə bazarda əsas oyunçu olmaqda maraqlı deyil. Bu baxımdan, valyuta bazarındakı növbəti dəyişikliklər birbaşa hərraca Dövlət Neft Fondu və Mərkəzi Bankın nə qədər valyuta çıxarmasından asılı olacaq”, – deyir Vüqar Bayramov.
“Böyük həcmdə valyutanın isə hər hərracda təklif edilməsi texniki baxımdan mümkün deyil. Amma dollara olan tələbin yenidən artacağı gözləniləndir. İdxal, borc öhdəlikləri və dollarlaşma prosesi xarici valyutalara tələbi yenə də artıracaq”.
Liberal məzənnə siyasətinə keçidə qısa müddət qalıb
Vüqar Bayramov deyir ki, Mərkəzi Bank valyuta bazarında cari tələbi ödəməklə ilin sonuna doğru Rusiya və Qazaxıstanda olduğu kimi liberal məzənnə siyasətinə keçəcək və bu qaçılmazdır:
“Çünki liberal islahatlar liberal məzənnə siyasəti tələb edir. Mərkəzi Bank bu siyasətə hələ 2015-ci ildə keçməli idi, amma etmədi. İndi isə valyuta bazarını liberal məzənnə siyasətinə hazırlamaqla prosesə başlaya bilər. Proseslərin təhlili onu deməyə əsas verir ki, liberal məzənnə siyasətinə keçidə sadəcə qısa müddət qalıb”.