Samir Əliyev: “Yeni maliyyə aləti kifayət qədər cəlbedicidir”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aylardır ki, dəyər itirən yerli valyutadan danışıb.
Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada prezident məzənnə artımı ilə bağlı narahatlıqlarını aradan qaldırmaq istəyən vətəndaşlara bəzi maliyyə alternativləri təklif edib.
Prezident banklarda əmanəti olan insanlara üzünü tutaraq bildirib ki, türk lirəsi məzənnəsinin ucuzlaşma səviyyəsi lirə əmanətinə verilən faiz gəlirindən çox olarsa, həmin fərq birbaşa əmanətçiyə ödəniləcək. Üstəlik, bu, gəlir vergisindən də azad olunacaq.
“Bundan sonra heç bir vətəndaş sırf məzənnə yüksək olacağı üçün əmanətlərini TL-dən xarici valyutaya köçürməyə ehtiyac duymayacaq”, – deyə Ərdoğan əlavə edib.
Ən son TL qarşısında 18,36-dək yüksələn dollar bu qərarın ardından dəyər qazanıb. 1 dollar 13 TL, 1 avro 15 TL-yə enib.
Türkiyə Banklar Birliyinin rəhbəri və “Ziraat” Bankının müdiri Alpaslan Çakar Prezident Ərdoğanın açıqlamasından sonrakı bir neçə saat içində 1 milyard dollar satıldığını açıqlayıb.
İqtisadçı Samir Əliyev Türkiyə Prezidentinin təklif etdiyi yeni mexanizmi milli valyutanı qorumaqla yanaşı, bank sektorunun dollarlaşmasının qarşısını almaq cəhdi kimi dəyərləndirib.
Onun sözlərinə görə, ixracatçı şirkətlərə Mərkəzi Bank vasitəsilə forvard məzənnələr (red: razılaşdırılmış qiymətə qiymətli kağızları və valyutaları almaq və ya satmaq üçün öhdəlik) veriləcək. Nəticədə şirkətlər satış strategiyasını həmin məzənnə əsasında quracaqlar.
Bu halda da forvard məzənnə ilə satış məzənnə arasındakı fərq ixracatçı şirkətlərə kompensasiya ediləcək:
“Yeni maliyyə aləti kifayət qədər cəlbedicidir. Təsadüfi deyil ki, açıqlama bazara pozitiv siqnal göndərdi və lirə dollar qarşısında əhəmiyyətli dərəcədə bahalaşdı. Dünənki xəbərin təsiri bu gün də davam edib. Asiya bazarlarında lirə mövqeyini xeyli möhkəməndirib. Hətta lirə dollar qarşısıda bahalaşaraq 11,32 USD/TL səviyyəsinə çatıb”.
İqtisadçı Türkiyə lirənin ucuzlaşmasının zərərlərindən də danışıb.
O deyir ki, bunlardan biri bankların dollarlaşmanı stimullaşdırmasıdır: “Yola saldığımız 2021-ci ildə həm kredit, həm də depozit portfeli ABŞ dollarının “nəzarəti altına” keçib. Belə ki, dekabrın 10-u tarixinə olan məlumata görə, il ərzində xarci valyuta kreditlərinin payı kredit qoyuluşunda 31.9%-dən 41.6%-ə, ümumi depozitlərdə 54,5%-dən 63,6%-ə yüksəlib. Bu göstərici xarici valyutaların xeyrinə qiymətli kağızlarda da dəyişərək 41,2%-dən 52,4%-ə çatıb”.
Samir Əliyevə sözlərinə görə, xarici valyutaların payının artması lirə depozitləri və kreditlərinin azalması ilə bağlı yox, xarici valyutaların artım tepminin lirənin artım tempini üstələməsi və əlbəttə, məzənə ilə bağlıdır:
“Məsələn, il ərzində lirə kreditləri 17,5%, depozitləri 25,8% artıb. Ancaq bu müddət xarici valyuta kreditləri 79%, xarici valyuta depozitləri 83,2% artıb. Ərdoğanın təqdim etdiyi maliyyə alternativini müsbət təsirinin nə qədər davam edəcəyini söyləmək çətindir. Hazırda əsas problem inflyasiyadır. Ölkədə qiymətlər kəskin sürətdə bahalaşır, bir tərəfdən də pul emissiyası artacaq. Ölkədən kapital axını var, valyuta ehtiyatı tükənir, xarici borc artır”.
İqtisadçı hesab edir ki, lirəyə inamın arxasında real iqtisadi güc durmalıdır:
“Nə qədər ki siyasi hakimiyyət monetar hakimiyyətə müstəqil qərar verməyə imkan verməyəcək, bu zaman atılan addımların effektinin uzunmüddətli və dayanıqlı olması şübhə doğuracaq”.
Yeni depozit qaydalarında həmçinin bildirilir ki, əgər kimsə bankda əmanətdə olan pulunu 6 ay TL-də saxlayarsa, onda kurs fəqinin 50 faizini, 1 il TL-ni bankda tutarsa, onda kurs fərqinin 100 faizini alacaq. Yenə də ödəniləcək kurs fərqi vergilərdən azaddır.
İqtisadçı Qubad İbadoğlu deyir ki, əslində gizli olsa da, faiz artımı baş verir və bu artım dollara tələbi artırdığından dollar ucuzlaşmağa başlayıb.
İqtisadçı düşünür ki, bu, qısamüddətli effekt verəcək layihədir:
“Məncə, sonra məzənnə yenidən artmağa və geriyə dönməyə başlayacaq. Burada ən ciddi məsələ yaranacaq məsrəflərin banka necə ödənməsidir. Əslində bankların bu xərcləri nə ödəmək marağı var, nə də buna imkanı çatır. Görünür, yaranacaq xərcləri dövlət ödəyəcək. Bu zaman da sual yaranır: nəyin hesabına?”.
Onun fikrincə, belə olan halda dövriyyəyə əlavə lirə buraxılmalı, vergilər artırmalıdır: “Başqa cür büdcənin bu maliyyə yükünü örtmək çətindir. Bu zaman da nə baş verəcək? İnflyasiya artacaq, qiymətlər bahalaşacaq, əhali daha da yoxsullaşacaq”.
“Eyni zamanda, büdcənin xərcləri və kəsiri artacaq, artan xərclərə büdcə davam gətirməyəcək. Şirkətlər və bankların bir hissəsi müflisləşəcək. Sonda lirə yenidən ucuzlaşacaq, dollar bahalaşacaq. Yenə də siyasi spekulyasiyalar davam edəcək”, – Qubadoğlu qeyd edib.
İqtisadçı bildirib ki, problemə hazırki yanaşma Türkiyənin dollar problemini həll edə bilməyəcək: “Türkiyədə hazırda baş verənlər istehsalçıları, ticarətçiləri gözləmə mövqeyinə gətirdiyindən, alışları-satışları dayandırdığından belə yanaşmalar perspektivdə mövcud problemin həllini bir az da ləngidəcək”.