İqtisadçı: EXPO-da nə təqdim edəcəyik, çəlləkdə neft?

Azərbaycan ”EXPO 2025”-ə ev sahibliyi etmək istəyir

Source:


Azərbaycan ”EXPO 2025”-ə ev sahibliyi etmək istəyir

“Azərbaycanın “EXPO 2025” ümumdünya sərgisinə ev sahibliyi etməsi ilə bağlı maliyyə məsələlərinin dəqiqləşdirilməsi və ətraflı araşdırılması məqsədilə mütəxəssislər cəlb edilib, hesablamalar aparılır”.

Beynəlxalq Sərgilər Bürosunun qiymətləndirmə missiyasının Bakıya səfərinin yekunlarına dair mətbuat konfransında maliyyə naziri Samir Şərifov belə

deyib

.

Nazir bildirib ki, Bakı ev sahibi seçilərsə, 7 il ərzində hər il təxminən 120 milyon avroyadək xərci çıxa bilər:

“Ümumdünya sərgisinin meydançasının qeyd olunan ərazidə tikilib hazırlanması üçün ümumi xərclərimiz 765 milyon avro məbləğində qiymətləndirilir”.

İqtisadçı Natiq Cəfərli deyir ki, dünyada EXPO keçirilmə tarixi 1844-cü ildən, Britaniya şahzadəsi Albertin Londonda təşkil etdiyi sərgidən başlayır. İkinci dünya müharibəsindən sonra EXPO keçirmək istəyən ölkələrin sayı, sərginin nüfuzu artıb, təşkilatçı olmaq istəyən ölkələr arasında ciddi rəqabət yaranıb.

Samir Şərifov
Samir Şərifov

İqtisadçı ölkələrin niyə EXPO keçirmək istəməsinin səbəblərini də sıralayır:



1) Bu sərgi təşkilatçı ölkə üçün ciddi prestij, imic yaradır;





2) EXPO dövründə dünya mediasının diqqəti həmin ölkədə olur;





3) Ev sahibi ölkə öz iqtisadi potensialını göstərir, şirkətlər iqtisadi tərəfdaşlar qazanır, böyük yatırım və müştərək işlərlə bağlı müqavilələr bağlanır;





4) Ev sahibi ölkə yeni təşəbbüslərlə, texnoloji yeniliklərlə çıxış edib, sözün yaxşı mənasında təəccüb yaradır;





5) Təşkilatçı dövlət xarici investorlar üçün çox cəlbedici təşviqlər təklif edir.

İqtisadçı deyir ki, Azərbaycanın 2025-ci ildə EXPO keçirmək üçün verdiyi namizədliyində qazanmaq şansı çoxdur:

Natiq Cəfərli
Natiq Cəfərli

“İlin sonunda qərar veriləcək. Ölkənin belə bir sərgi keçirmək istəyi normaldır, amma bunun məqsədi hökumət üçün sırf imic məsələsidirsə, bu, yanlış və effektsizdir. Azərbaycanın ixracatının 92 faizi neft, qaz, neft məhsulları, qızıl və elektrik enerjisidir. EXPO-da nə təqdim edəcəyik, çəlləkdə neft? Balonda qaz? Axı biz nə istehsal edirik ki, sərgi yolu ilə də bunu satmağa, tanıtmağa çalışaq?! Ən tanınan məhsulumuz Zirə pomidorudur, o da EXPO-suz da satılır”.

“Bəlkə də kimsə deyəcək “hələ 7 il var da, o zamana qədər istehsal olacaq, müəssisələr qurulacaq, yeni texnoloji məhsullar yaranacaq”. Buna da cavab var: Olmayacaq, 25 ilə olmayıbsa, indiki sistemlə bu mümkün deyil. Çünki idarəetmədə problemlər var, amma bu da əsas problem deyil. Məsələ budur ki, elm yoxdur ki, yeniliklər yaradaq. Elm ona görə yoxdur ki, təhsil pis gündədir. Yəni, elm və təhsil olmayan yerdə texnoloji məhsullar yarana bilməz. Hökumət EXPO-ya 7 ilə 765 mln. avro xərcləmək istəyir. İndiki məzənnə ilə 1,6 mlrd. manat, amma 2025 məzənnəsi ilə bu 5 mlrd. manat da ola bilər. Həmin vəsaitə, yəni 1,6 mlrd. manata, təqribən 25-30 min gənci Avropada oxutmaq olar, əgər indi bu prosesə start verilsə, həmin gənclər 7 ildən sonra istehsalatda, biznesdə, idarəetmədə, elmdə çalışsalar, 2030-35-ci illərdə EXPO keçirməyin məntiqi və mənası ola bilər. İndiki şəraitdə EXPO-ya yüzmilyonlarla vəsaitin xərclənməsi geri dönüşü olmayan, əlavə dəyər yaratmayan, sırf imic üçün lazım olan bir layihə olacaq”.

Beynəlxalq Sərgilər Bürosunun qiymətləndirmə missiyası Bakıda səfərdədir. Beynəlxalq missiyanın son qərarı noyabr ayında veriləcək.

170 ölkənin üzv olduğu “Ümumdünya sərgisi” hökumətlərarası təşkilat olan Beynəlxalq Sərgilər Bürosu tərəfindən təşkil

olunur

. Azərbaycan 2008-ci ildən üzvdür. “Ümumdünya sərgisi” hər beş ildən bir üzv ölkələr arasından səsçoxluğu ilə seçilən ölkədə keçirilir. Məsələn, belə EXPO sərgilərdən biri 2010-cu il Şanxayda, 2015-ci ildə Milanda baş tutub, növbəti tədbir 2020-ci ildə Dubayda keçiriləcək.

Başlanğıcda öndə olan şəhərlərdən biri Paris, bu yaxınlarda maliyyə məsələlərinə görə sərgiyə namizədliyini geri götürüb. Çox sayda insanın verdiyi proqnozlara görə, Osaka bu sərgiyə evsahibliyi edəcək şəhərlərdən biri olacaq, amma hər an hər şey baş verə bilər. Bu il baş tutacaq qiymətləndirmə prosesindən sonra Beynəlxalq Sərgilər Bürosu səsvermə üçün noyabrda toplaşacaq. Hazırda Bakı “Ümumdünya sərgisi 2025”-ə evsahibliyi etmək üçün Yaponiya və Rusiya ilə mübarizə aparır.

Son illərdə Bakı bir sıra beynəlxalq yarışlar, əsasən də idman yarışları təşkil edən məkan kimi fəaliyyət göstərir. Bu siyahıya Avropa Oyunları, “Formula 1” və 2012-ci ildə təşkil olunan “Eurovision” yarışmasını daxil etmək olar. Amma “EXPO” digərlərinə bənzər yarışma deyil, çünki yarışın qaydaları və seçimi asanlıqla müəyyən edilmir.

Ana səhifəXəbərlərİqtisadçı: EXPO-da nə təqdim edəcəyik, çəlləkdə neft?