İqtisadçı: “Əhalisi 50 min nəfərdən az olan rayonlar ləğv edilməlidir”

Gəncə şəhəri, MasyuraN/shutterstock

“Azərbaycan hakimiyyəti yolayrıcındadır: bilmir ki, regional idarəetməyə keçsin, ya yox?!”

Fevralın 15-də Milli Məclis Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarının ləğv edilməsinə dair layihəni I oxunuşda qəbul edib.

“Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Layihədə Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarının ləğv edilməsi təklif edilib.

Dəyişiklik Nizami və Kəpəz rayonlarındakı inzibati ərazi dairələrinin Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilməsi nəzərdə tutulub.

Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

İqtisadçı Samir Əliyevin sözlərinə görə, Azərbaycan hakimiyyəti hazırda iki yolayırıcındadır: bilmir ki, regional idarəetməyə keçsin, ya yox?!

Lakin son vaxtlar atılan addımlar hökumətin regional idarəetmə barədə düşündüyünə işarədir:

“Məsələn, ötən ilin dekabrında Qarabağ iqtisadi rayonuna daxil olan və işğaldan azad edilmiş ərazilərdə prezidentin xüsusi nümayəndəsi təyin edildi. Elə həmin ay Təhsil Nazirliyinin rayon idarələrinin regional idarələrlə əvəzlənməsini nəzərdə tutulan sərəncam imzalandı. İndi isə Nizami və Kəpəz rayonlarındakı inzibati ərazi dairələri ləğv edilərək Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilməsi müzakirə edilir”.

İqtisadçı bildirib ki, onsuz da bundan əvvəl vergilər, mədəniyyət kimi nazirliklərin timsalında regional idarəetməyə keçid baş vermişdi. Hazırki proseslərdən isə görünən budur ki, hökumət bu barədə fikirləşir, amma daxilində güclü tərəddüd var:

“Çünki səlahiyyətlərini heç kimlə bölüşmək istəmir. Regional idarəetmənin əsas qüvvəsi olan bələdiyyələrin acınacaqlı mövcud durumu isə heç kimə sirr deyil”.

Samir Əliyev deyir ki, burada diqqətin niyə bələdiyyələrə yönəldiyi sualı çıxa bilər.

Samir Əliyev
Source: Meydan TV

İqtisadçınun sözlərinə görə, bunun üçün dünya təcrübəsinə baxmaq və Azərbaycanın qoşulduğu Yerli Özünüidarəyə Dair Avropa Xartiyasının tələblərini nəzərdən keçirtmək lazımdır:

“Xartiyanın 4.3-cü bəndində deyilir ki, dövlət səlahiyyətlərinin həyata keçirilməsi, bir qayda olaraq, əsas etibarı ilə vətəndaşlara daha yaxın olan hakimiyyət orqanlarına həvalə edilməlidir, yəni bələdiyyələrə. Çünki yerli problemləri bələdiyyələr mərkəzi hakimiyyət orqanlarından yaxşı bilir”.

İqtisadçı deyir ki, Azərbaycan rəsmilərinin bələdiyyələrin icra hakimiyyəti strukturlarının funksiyasını tam və ya qismən üzərlərinə götürməsi ilə bağlı düşüncələri mənfidir.

Düşünürlər ki, peşəkar kadrların çatmadığı, idarəetmə bacarığının aşağı və maliyyə potensialının zəif olduğu quruma bu  məsuliyyəti həvalə etmək olmaz:

“Üstəgəl, cəmiyyətin müxtəlif qrupları tərəfindən dövri olaraq bələdiyyələrin lazımsız qurum olması, onların ləğvinin vacibliyi fikri səslənir. Əslində isə bələdiyyələrin mövcud duruma düşməsinin səbəbi obyektivdir. Böyük neft pullarının ölkəyə gəlməsi fonunda 2000-ci illərin ortalarından başlayaraq mərkəzi hakimiyyətin hədsiz mərkəzləşdirmə siyasəti bələdiyyələr haqqında lazımsız qurum imici formalaşdırıb”.

İqtisadçı bildirir ki, nəticədə, illər ərzində bələdiyyələrin səlahiyyətləri məhdudlaşdırılıb, maliyyə potensialı zəiflədilib:

“Bələdiyyələr yerli icra hakimiyyəti strukturlarından asılı vəziyyətə salınıb. Ancaq bələdiyyələrin mövcud durumu onları prosesdən kənarlaşdırıb, fərqli bir strukturun yaradılması təşəbbüsünə yol açmamalıdır”.

Samir Əliyev deyir ki, Azərbaycan hökuməti 2002-ci ildə Yerli Özünüidarəyə Dair Avropa Xartiyasını qəbul edəndə üzərinə bir sıra öhdəliklər götürüb.

Dövlət əks-mərkəzləşməyə getməli, səlahiyyətlərinin əhəmiyyətli hissəsini vətəndaşlara daha yaxın olan hakimiyyət orqanlarına həvalə etməli, onları zəruri maliyyə mənbələri ilə təmin etməlidir: “Təəssüf ki, indiyədək aparılan qiymətləndirmələr hökumətin öhdəliklərini icra etmədiyini göstərir”.

Rövşən Ağayev
Mənbə: Meydan TV

İqtisadçı Rövşən Ağayev isə bildirir ki, ümumiyyətlə əhalisi 50 min nəfərdən az olan kiçik rayonlar da ləğv edilməlidir:

“Əgər hökumətin regionları inzibati ərazi vahidinə çevirməyə niyyəti yoxdursa, ən azından əhalisi az olan kiçik rayonları birləşdirsin. Məsələn, götürək Naxçıvan Muxtar Respublikasındakı Şahbuz, Sədərək və Kəngərli rayonlarını. Onları ətraf rayonlara birləşdirmək olar. Çünki bu 3 rayonun birlikdə əhalisi cəmi 74 min nəfərdir”.

İqtisadçı hesab edir ki, ümumiyyətlə, kiçik ərazilərə rayon statusunun verilməsi səmərəli deyil.

O əlavə edir ki, cəmi 17 min nəfər əhalisi olan Xızını, 35 min nəfər əhalisi olan Daşkəsəni də rayon statusunda saxlamaq iqtisadi baxımdan sərfəsizdir.

Ana səhifəBölgəİqtisadçı: “Əhalisi 50 min nəfərdən az olan rayonlar ləğv edilməlidir”