İqtisadçı: Dövlət Sosial Müdafiə Fonduna ödənişlər də artacaq

“Bunun dövlət sektorunda çalışanlara daha çox xeyri dəyəcək”

Prezident İlham Əliyev fevralın 8-də imzaladığı sərəncamla minimum əmək haqqının məbləğini 180 manat müəyyən edib. Sərəncam 2019-cu ilin martın 1-dən qüvvəyə minəcək.

Sənəddə həmçinin Nazirlər Kabinetinə dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli üzrə aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bu sərəncama uyğunlaşdırmaq tapşırılır.

Minimum əmək haqqının məbləği 50 manat, yəni 38,5 faiz artırılıb. Hazırda minimum aylıq əməkhaqqının məbləği 130 manatdır.

"Bunun dövlət sektorunda çalışanlara daha çox xeyri dəyəcək"

Natiq Cəfərli

Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli deyir ki, artım az qala 40 faiz təşkil edir. Təbii ki, müsbət addımdır, amma bəzi başqa nüanslar var:

"Minimum əmək haqqının, əslində işə götürənlər üçün də, işçilər üçün də ciddi əhəmiyyəti yox idi (bəzi hesablamalara təsir edirdi). Yeganə olaraq biznes rəsmi müqavilədə minimum əmək haqqından az maaş göstərə bilməzdi, onsuz da ölkədə heç kim özəl sektorda aylıq 130 manata çalışmırdı. "Qara maaş" çox olurdu, sadəcə rəsmiləşdirəndə 130 manat civarında müqavilə bağlayırdılar. Dövlət sektorunda isə bütün müqavilələr rəsmi idi və maaşlar 130 manatdan çox idi, indi 180 manatdan çox olacaq, yəni bunun dövlət sektorunda çalışanlara daha çox xeyri dəyəcək".

“Bəs əsas nüans nədir?”

Natiq Cəfərli deyir ki, məsələyə bir az dərindən baxmaq lazımdır, Vergi Məcəlləsinə və İcbari Sosial Müdafiə ödənişləri qaydalarına edilən yeni dəyişikliklərə görə VÖEN-lə və ya xidməti müqavilə ilə çalışanlar, fərdi sahibkarlar DSMF-na minimum əmək haqqının 20%-dən 50%-ə qədər (fəaliyyət növünə və yaşayış yerinə görə, formula uyğun) ödəməlidirlər:

"Minimum əmək haqqının ciddi artırılması yaxşı xəbər olsa da, DSMF-yə ödənişləri də artıracaq. Əslində DSMF çoxdan özünümaliyyələşməyə keçməli idi, yeyib-bitirdilər Fondu, buna imkan olmadı. Prezidentin bu gün verdiyi fərman Fonda əlavə vəsait cəlb olunmasına səbəb olacaq, amma kiçik biznesin üzərinə də əlavə yük gətirəcək".

İqtisadçı deyir ki, qərarın daha bir əhəmiyyəti odur ki, başqa ölkələrlə müqayisəli statistikada vəziyyətimiz bir az yaxşılaşacaq:

"Daha 100 dollardan az minimum əmək haqqı olan ölkələrin siyahasından çıxacağıq...".

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ajbwpy

Ən çox baxılan