''Dövlətin maliyyələşdirdiyi bahalı layihələr hesabına 1-2 zavod açmaqla sənayeləşmədən danışmaq gülüncdür''
Martın 15-də Baş nazir
Novruz Məmmədov
Milli Məslisdə Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatını təqdim edib.
Baş nazir 2018-ci ilin dərin iqtisadi islahatlar ili olduğunu bildirib. Deyib ki, ölkədə makroiqtisadi sabitlik təmin olunub, iqtisadi artım 1,4 faiz təşkil edib. Qeyri-neft sektorunda artım 1,8, qeyri-neft sənaye məhsulu isə 9,1 faiz artıb:
“Əsas kapitala yönəldilmiş 17,2 milyard manat vəsaitin 11 milyard manatdan çoxu və ya 65,5 faizi qeyri-neft sektorunun payına düşüb. Bu vəsaitin 69,7 faizini daxili sərmayələr təşkil edib. Eyni zamanda, 2018-ci ilin iyulunda Sumqayıt Kimya Sənaye Parkında polipropilen zavodu işə salınıb. İlin sonunadək burada 14 min ton məhsul istehsal edilib”.
Baş nazir bildirib ki, sənayenin inkişafına və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramlarının icrası çərçivəsində, Sumqayıt Kimya Sənaye Parkında Karbamid Zavodunun inşası başa çatıb:
“Ümumi dəyəri təxminən 800 milyon avro təşkil edən həmin müəssisədə ildə 600-650 min ton azot gübrəsi istehsal ediləcək. Ölkənin daxili tələbatını ödəməklə yanaşı, zavodun məhsullarının həm də dünya bazarlarına ixrac edilməsindən respublikaya hər il 160 milyon ABŞ dolları məbləğində vəsaitin daxil olması gözlənilir”.
N.Məmmədov onu da deyib ki, sənayenin inkişafına dair 2015-2020-ci illər üzrə Dövlət Proqramının icrası artıq bəhrəsini verib. Müasir texnologiyalara və geniş ixrac imkanlarına malik sənaye parklarının və sənaye məhəllələrinin yaradılması siyasətinə xüsusi önəm verilməsini həm ölkənin sənaye potensialının gücləndirilməsi, həm də Dördüncü Sənaye İnqilabı istiqamətində atılmış düşünülmüş addımlardır:
“2018-ci ildə ölkədə yaradılmış və ümumilikdə 55 müasir müəssisəni özündə birləşdirən 5 sənaye parkında və 4 sənaye məhəlləsində 41 rezident qeydiyyata alınıb. Onlardan 21-i fəaliyyət göstərir. Mingəçevir Sənaye Parkına 85 milyon ABŞ dolları məbləğində investisiya qoyulub. İllik istehsal gücü 20 min ton olan iki müəssisədə pambıq mahlıcdan iplik istehsal ediləcək”.
Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, dövlətin maliyyələşdirdiyi bahalı layihələr hesabına 1-2 zavod açmaqla sənayeləşmədən danışmaq gülüncdür. Üstəlik, tikintidə istifadə edilən mıxı, çəkici, baltanı, hətta onun sapını xaricdən gətirən bir dövlət üçün:
“Baş nazir parlamentdə dördüncü sənaye inqilabından danışıb. Halbuki, qeyri-neft sənayesində əsaslı kapital qoyuluşu 26,4 faiz azalıb. Çıxışını oxudum, ona hesabat olduğunu yazmağa adamın əli də gəlmir. Çıxışında Azərbaycanda 4-cü sənaye inqilabının baş verdiyini diqqətə gətirdi və onu dövlət başçısının ölkədə sənayeləşmə siyasəti ilə bağladı. Baxmayaraq ki, son illər Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitlər, yəni istisadiyyata sərmayə qoyuluşu ildən ilə azalır. Ötən il azalma 4,4 faiz idi. Bu ilin 2 ayında azalma daha da çoxalıb 9,3 faizə çatıb”.
İqtisadçı deyir ki, ən pisi də bu dövrdə sərmayə qoyuluşunun yalnız 12,7 faizi qeyri-neft sənayesinə yönəlməsidir:
“Ümumiyyətlə isə qeyri-neft sənayesində əsaslı kapital qoyuluşu 2019-cu ilin yanvar-fevral aylarında 2018-сi ilin yanvar-fevral aylarına nisbətən 26,4 faiz azalıb. Budur dördüncü sənaye inqilabının nəticəsi? Dövlətin maliyyələşdirdiyi bahalı layihələr hesabına 1-2 zavod açmaqla sənayeləşmədən danışmaq gülüncdür. Azərbaycan tikintidə istifadə etdiyi mıxı nəinki, çəkici, baltanı hətta onun sapını belə daxildə istehsal etməyib, xaricdən gətirirsə, onda hansısa inqilabdan danışmağa dəyərmi?”
Bu, Baş nazir kimi N.Məmmədovun parlament qarşısında ilk hesabatıdır.
11 aprel 2018-ci il tarixli prezident seçkilərindən cəmi 10 gün sonra – aprel ayının 21-də parlamentin xüsusi iclasında prezident İlham Əliyevin təqdimatı ilə N.Məmmədovun Baş nazir vəzifəsinə namizədliyinin təsdiqlənməsi məsələsinə baxılıb və təsdiqlənib.