“Barəsində “ölüm” hökmü çıxarılan banklar kiçik banklardır”
İqtisadçı Samir Əliyev Mərkəzi Bankın “EvroBank” ASC-nin bank lisenziyasının ləğv edilməsi, “Azərbaycan Kredit Bankı” ASC-yə isə müvvəqəti inzibatçının təyin edilməsi barədə qərarının gözlənilən olduğunu bildirib.
Bu barədə Facebook səhifəsində yazan Samir Əliyev bildirib ki, banklar məcmu kapitalın 50 milyon manata qaldırılması ilə bağlı normativinə əməl edə bilməyiblər: “Əslində yanvar ayından adıçəkilən bankların fəaliyyəti dayandırılmalı idi. Ancaq ötən ilin sonlarında başlayaraq bank sektorunda gərginliyin artması Mərkəzi Bankı qərar verməkdən çəkindirdi. Hesabatlarda da 5 bankın ləğvetmə prosesində olduğu görünürdü və onların dördünün məcmuu kapitalının 50 milyon manatdan az idi. Həmin banklar barədə qərarın çıxarılması zaman məsələsi idi”.
İqtisadçı hesab edir ki, banklarla bağlı çıxarın qərar mövcud böhranla bağlı deyil: “Hazrki böhrandan zərbə almış bankların taleyi ilə bağlı qərarlar barədə sonra xəbər tutacağıq. Barəsində “ölüm” hökmü çıxarılan banklar haqqında onu demək olar ki, onlar kiçik banklardır. Bazar payları heç 1 faiz deyil. “Evrobank” ASC Əmanətlərin Sığortalanması Fondunun da üzvü deyildi. Filialı da yoxdur. Düşünürəm ki, “Azərbaycan Kredit Bankı” ASC-nin də gələcək taleyi “Evrobank” kimi olacaq və lisenziyası əlindən alınacaq və ya ən yaxşı halda başqa banka birləşdiriləcək”.
“Hamını bir sual düşündürür. Digər bankların da bağlanmaq təhlükəsi varmı? Bəli. Bankların taleyi ilə bağlı qərarı Mərkəzi Bank verir və buna görə də qəti hökm vermək düzgün olmazdı. Ancaq ehtimallar göstərir ki, bu proses bununla bitməyəcək. Əlavə olaraq bir neçə bankın da bağlanmasna başlanacaq. Ümumən götürəndə Mərkəzi Bankın konsolidasiya prosesinə start verdiyini söyləmək olar”,-deyə Əliyev fikrini bitirib.