“Əslində əvvəl proqram qəbul olunmalı, sonra büdcə təsdiq edilməlidir”
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2022-ci il büdcəsi haqqında Fərman imzalayıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin gəlirləri 10 589 701,9 min manat, xərcləri isə 12 789 674,6 min manat məbləğində təsdiq edilib.
Fərmanda qeyd olunur ki, gələn il üçün ARDNF-nin büdcəsindən 17 milyon 850 min manatı “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 sentyabr tarixli 2931 nömrəli Sərəncamında nəzərdə tutulan Dövlət Proqramının maliyyələşdirilməsinə ayrılacaq.
İqtisadçı Qubad İbadoğlu deyir ki, Azərbaycanda əvvəl büdcəni tutur, sonra proqramı qəbul edirlər. Əslində əvvəl proqram qəbul olunmalı, sonra büdcə təsdiq edilməlidir:
“Məsələn, təhsillə bağlı vəsait büdcədə nəzərdə tutulsa da, Dövlət Proqramı hələ qəbul edilməyib. Xatırladım ki, 30 sentyabr 2021-ci ildə “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə bu proqramın hazırlanması üçün Nazirlər Kabinetinə 2 ay vaxt verilməsinə və bu vaxtın ötməsinə baxmayaraq, ARDNF-nin büdcəsi təsdiq olunanadək proqram qəbul olunmayıb”.
İqtsiadçı bildirir ki, anoloqu olmayan bu hadisənin Azərbaycanda baş verməsi, yəqin ki, çoxlarını təəccübləndirməyəcək.
Prezident İlham Əliyev dekabrın 23-də “2022-ci ilin dövlət büdcəsi haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb.
Fərmana görə, gələn il üçün büdcə gəlirləri 26 816 000 min manat, büdcə xərcləri isə 29 879 000 min manat olacaq.
Fərmanda bildirilir ki, “2022-ci il dövlət büdcəsi haqqında” 3 dekabr 2021-ci il tarixli qanunun 7-ci maddəsi ilə funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində ayrılan vəsaitin məbləği inzibati təsnifata uyğun olaraq dövlət büdcəsindən maliyyələşən, maliyyə yardımı alan təşkilatlar və tədbirlər üzrə təsdiq edilsin.