İqtisadçı: “Azərbaycanda 76 min 878 ölüm halı qeydə alınıb”

Foto: Photographee.eu/shutterstock

“Doğum sayı azalıb, ölüm sayı artıb”

Azərbaycanda son iki ildir ölüm sayında antirekort qeydə alınıb.

Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumatda belə bildirilir.

2020-ci ildə Azərbaycanda ölənlərin sayı əvvəlki illərə baxanda 20 min nəfər artıb.

55 mindən 75 min nəfərə yüksəlib.

İqtisadçı Fərid Mehralızadə deyir ki, bu, o vaxtadək Azərbaycanda qeydə alınan ən yüksək göstəricidir.

İqtisadçının sözlərinə görə, 2021-ci ildəki ölüm sayı isə hətta 2020-ci ili də geridə qoyub.

O deyib ki, ölkədə 76 min 878 ölüm halı qeydə alınıb: “Koronavirus ölümlərini çıxsaq da, ardıcıl iki ildir ki, 15 min “artıq ölüm” qeydə alınıb. Ən pisi isə odur ki, ölənlərin 40 faizi 65 yaşa çatmayanlardır. Ölənlərin 1793 nəfəri (2,3 faizi) 0-17 yaşda, 7747 nəfəri (10,1 faizi) 18-49 yaşda, 21,004 nəfəri (27,3 faizi) 50-64 yaşda, 46,334 nəfəri (60,3 faizi) isə 65 və yuxarı yaşda olub”.

Fərid Mehralızadə bildirib ki, ölənlərin sayı artsa da, doğulanların sayında ciddi azalma var: “Əgər 2019-cu ildə ölkədə 141 min uşaq doğulmuşdusa, 2020-ci ildə bu rəqəm 126 minə, 2021-ci ildə isə 112 minə enib. 2021-ci ildəki rəqəmləri nisbətən 2020-ci ildəki toy qadağası ilə izah etmək olar. Amma 2020-ci ildə qeydə alınan göstərici göstərir ki, doğum sayında təbii azalma da var”.

Fərid Mehralızadənin şəxsi arxivindən

Fərid Mehralızadə deyir ki, ölümün artmasına paralel olaraq doğum da azaldığı üçün ölkədə təbii artım göstəricisi (doğulanlar və ölənlər arasındakı fərq) də kəskin aşağı düşüb: “Əgər 2015-ci ildə Azərbaycanda təbii artım 115 min nəfərə bərabər idisə, bu rəqəm 2019-da 85 minə, 2020-də 51 minə, 2022-də isə cəmi 35 minə bərabər olub”.

İqtisadçının fikrincə, Azərbaycanda demoqrafiq statistika ilə bağlı ən çox gündəmə gələn məsələ boşanmaların sayıdır.

Nədənsə bir il ərzində qeydə alınan boşanmaların sayını il ərzində qeydə alınan nikahların sayına bölərək tez-tez “hər üç ailədən biri dağılır” ağlaşması qurulur: “Halbuki nəzərə almaq lazımdır ki, nikah sayları sadəcə bir ildə qeydə alınan nikahların sayını göstərsə də, boşanma sayları təkcə bu il yox, indiyədək qeydə alınan bütün nikahlar arasındakı boşanmaların sayını göstərir. Ona görə, bu müqayisə uğursuzdur. Əhalinin hər min nəfərinə düşən boşanmaların sayına baxdıqda görünür ki, boşanma saylarında qeyri-adi bir artım yoxdur”.

İqtisadçının dediyinə görə, narahatlıq yaradan əsas məsələ ölüm sayının ilbəil artması, doğum sayının isə azalmasıdır.

Ana səhifəSosialİqtisadçı: “Azərbaycanda 76 min 878 ölüm halı qeydə alınıb”