İqtisadçı: “AtaBank” problem təcili həll olunmalıdır

“Bu isə vəziyyəti daha da gərginləşdirir, çünki hazırda əmanətlər sığortasızdır”.

Source: Foto: arxiv


“Bank sektoru yenidən çətin və məsuliyyətli dövrə qədəm qoyur”

“Bank sektoruna etimadsızlıq yaradan “AtaBank” problemi təcili həll olunmalıdır. Yoxsa başqa banklar da batacaq”.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu belə deyir. Əlavə edir ki, son 3 ayda fiziki şəxslərin cəmi əmanətləri 222 milyon 625 min manat azalıb. Bunun isə başlıca səbəbi banklara olan etimadın azalmasıdır.

“AtaBank” 2019-cu ilin sentyabrından əmanətçilərin depozitlərini qaytara bilmir. Bank problemi həll etmək əvəzinə vaxtı çatan depozitlərə faiz hesablanmasını dayandırmaq üçün onları əmanətçilərin adına cari hesab açaraq həmin hesablarda yatırıb.

Qubad İbadoğlu deyir ki, bank bunu etməklə bir növ problemi "dondurub". Əlacsız qalaraq bununla razılaşan əmanətçilərin isə məsələnin bu cür həllinə də ümidi qalmayıb:

“Son 6 ayda “AtaBank” əmanətçilərinin qarşılaşdığı problemə Mərkəzi Bankın laqeyd münasibəti bu tendensiyanın daha da güclənəcəyini proqnozlaşdırmağa əsas verir. Hələ üstəlik, son zamanlar dünya bazarında neftin qiymətinin ucuzlaşması bank əmanətçilərində devalvasiya gözləntilərini artırıb. Bu, o deməkdir, bank sektoru yenidən çətin və məsuliyyətli dövrə qədəm qoyur:

“Bu dövrə də ən böyük məsuliyyət bu sektora nəzarət hüququnu tam ələ keçirən Mərkəzi Bankın üzərinə düşür”.

Yanvarın 31-də Mərkəzi Bankın sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında “AtaBank” barədə danışıb. Deyib ki, “Atabank” ASC-də yaranmış vəziyyətə dair təkliflər hazırlayıb. Onu Maliyyə Sabitliyi Şurasına təqdim edəcək:

“Bankla bağlı atılacaq addımlar ciddi olduğu üçün Şurada müzakirə ediləcək. Görüləcək tədbirlərin “Atabank”ın əmanətçiləri üçün hər hansı qorxusu yoxdur. Bu bankda qorunmayan əmanətlər də var. Biz bank rəhbərliyinə dedik ki, hər bir müştəriyə bildiriş göndərilsin və onlar gəlib əmanətlərini sığortalasınlar”.

qubad-ibadoqlu.jpg
Qubad İbadoğlu

İqtisadçı deyir ki, bu açıqlamanın üzərindən nə az, nə çox düz 1 ay 5 gün ötüb. Ancaq hələ də “AtaBank”ın əmanətçilərinin taleyi ilə bağlı qərar yoxdur:

“Üstəlik, dünən "Əmanətlərin tam sığortalanması" barədə qərar da qüvvəsini itirdi. Bu isə vəziyyəti daha da gərginləşdirir, çünki hazırda əmanətlər sığortasızdır”.

Qubad İbadoğlu deyir ki, əmanətçilər, “AtaBank”-da "yananları" görənlər pullarını hətta digər banklardan da geri çəkməyə başlayıblar. Ancaq bu məsələyə hələ də Mərkəzi Bank, Maliyyə Sabitliyi Şurası susur.

Prezident İlham Əliyev də ötən ilin yekunlarına həsr olunmuş müşavirədə bank sektorundan, əmanətlərin sığortalanmasından danışıb. Deyib ki, əmanətlərin dövlət tərəfindən tam sığortalanması çox böyük addımdır və bu, bank sektorunun məsuliyyətini artırır:

“Nəzarət elə olmalıdır ki, sürpriz olmasın. Mərkəzi Banka verilmiş yeni səlahiyyətlər hesab edirəm ki, bu məsələnin həllinə köməklik göstərə bilər”.

Qubad İbadoğlu isə deyir ki, Mərkəzi Bankın laqeyliyi davam etsə, hələ sürprizlər çox olacaq. Çünki məsələ təkcə “AtaBank”la bağlı deyil. İnsanların bank sisteminə etimadı itir:

“Bank sektoruna etimadsızlıq yaradan “AtaBank” problemi təcili həll olunmalıdır. Bank ya bağlanmalı, ya da başqası ilə birləşdirilməlidir. Əks təqdirdə yenidən 2015-ci ildəki kimi maliyyə böhranı ilə üzləşə bilərik”.

İqtisadçı deyir ki, bunu Mərkəzi Bankın sədri də yaxşı bilir. Ancaq tədbir görmürlər.

Ana səhifəİqtisadiyyatİqtisadçı: “AtaBank” problem təcili həll olunmalıdır