Avqustun 19-da İstanbul Universitetinin doktorantı, iqtisadçı alim Fazil Qasımovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesə hakim Aqil Musayev sədrlik edib.
Fazil Qasımov məhkəmədə vəkili Nemət Kərimlidən imtina edib. Bu haqda Meydan TV-yə onun qardaşı Nazim Qasımov məlumat verib.
“Məhkəmənin sonuna yaxın Fazil Nemət Kərimlidən imtina elədi. Səbəb odur ki, ona heç bir hüquqi yardım göstərmir, müdafiə etmir, orada məhkəmə vaxtı vəkilə beş dəqiqəlik Fazillə ünsiyyət yaratmaq üçün vaxt verildi, onda da Nemət Kərimli telefonu götürüb çıxdı çölə. Yəni bu səbəblərdən və digər demədiyim səbəblərdən Nemət bəydən imtina etdi. Yəni haqlı səbəblərdən. Demək, mart ayının sonlarında biz Nemət müəllimlə müqavilə bağlamışıq, bir dəfə Fazilin yanına gedib, o da çox xahiş-minnətdən sonra. Son olaraq ayın 14-ü Apellyasiya Məhkəməsində hakimin göstərişi ilə Fazili cinayət işi ilə tanış olmaq üçün Nemət müəllimi dəvət ediblər ora. Həmin o Apellyasiya məhkəməsinə gələndə də heç bir konfidensial görüş olmayıb. Yəni məhkəmə işçilərinin nəzarəti altında görüş olub. Bu səbəblərdən də Fazil avqustun 19-da Nemət Kərimlidən imtina etdi”.
Meydan TV-yə açıqlama verən Nemət Kərimli bu barədə danışmaq istəmədiyini qeyd edib.
Qardaşı Fazilin səhhətindən narahat olduğunu deyib:
“İndi də köçürülür 3 saylı cəzacəkmə müəssisəsinə, Şüvəlana. Vəziyyəti çox ağırdır, səhhəti pisdir, çox gərginliklər keçirir”.
Fazil Qasımov məhkəmə qarşısında dövlət tərəfindən vəkillə təmin olunması barədə vəsatət qaldırıb. Qardaşının sözlərinə görə, onlar vəkil olaraq Fəxrəddin Mehdiyevi istəsələr də, o, Qubad İbadoğlunun vəkili olduğundan bu işə baxa bilmir:
“Bizim öz hesabımıza vəkil tutmaq imkanımız yoxdur. Maddi durumuzu çox acınacaqlıdır. Məcburuq dövlətdən vəkil tutmağa. Fazil orada məhkəmə vaxtı bütün təqsirsizliyini sübut edən sənədləri hakimə təqdim elədi, vəsatət verdi, qəbul olunmadı. Ümumi 4 vəsatət verildi, vəsatətlərin heç biri təmin olunmadı”.
Növbəti məhkəmə prosesi avqustun 25-nə təyin edilib.
İqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı 2023-cü ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov 2025-ci il martın 13-də 9 il müddətinə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
Fazil Qasımov özünü təqsirli bilmir və heç bir cinayət törətmədiyini, ona qarşı irəli sürülmüş saxta pul ittihamının yalan olduğunu deyir.