İqtidarlı-müxalifətli seksistlər

Vəziyyət elə gətirib ki, bir ölkədə qadına, LGBT-yə münasibət o cəmiyyətin eyni zamanda rifahının və azadlığının göstəricisi olur

Source:
Günel Mövlud (illüstrasiya)
Günel Mövlud (illüstrasiya)

Vəziyyət elə gətirib ki, bir ölkədə qadına, LGBT-yə münasibət o cəmiyyətin eyni zamanda rifahının və azadlığının göstəricisi olur. Mən indi nə qədər çalışsam da, özümü zorlasam da, qadını evə qapayan, LGBT fərdlərini öldürən, ya kütləvi rüsvayçılığa, cəzaya məruz qoyan bir dənə də olsun ölkə adı çəkə bilmərəm ki, orda demokratiya olsun, rifah olsun, insanlar gözəl yaşasın. Amma onlarla həyat səviyyəsi aşağı, diktaturadan əziyyət çəkən ölkə adı çəkə bilərəm ki, orda qadına münasibət alçaldıcıdır, LGBT fərdlərinə münasibət qəddardır.

Bugünlərdə rus dilini inkişaf etdirmək üçün tez-tez bizə gələn, ixtisasca politoloq olan norveçli xanım Anna ilə söhbət edirdik. Süfrəyə çox şey düzdüyümə fikir verdi və təəccübləndi. Dedim ki, bizdə, Qafqazda ənənədir, qonaq gələndə mütləq süfrədə çox şey olmalıdır. Anna dedi ki, təxminən 50 il əvvəl Norveçdə də belə olub. Evə qonaq gələndə evin xanımları süfrəni doldururmuşlar. O dövrdə qadınların çoxu evdar imiş, təhsil səviyyəsi elə də yaxşı deyilmiş. Evə gələn qonaqla yeganə ünsiyyət mövzusu ancaq evin xanımının hazırladığı yeməklər, onların reseptini müzakirə etmək, tərifləmək kimi şeylər təşkil edirmiş.

“Son 50 ildə qadınlar kişilərlə bərabər işləməyə başladılar. Təhsil səviyyəsi yuxarı qalxdı. İndi Norveç qadınının nə çoxlu yemək bişirməyə ehtiyacı var, nə də onları müzakirə etməyə luzum. Çünki qadın evə gələn qonaqla bütün sahələrdən geniş söhbət etmək savadına malikdir. Buna görə də, biz daha evə qonaq gələndə bunu yemək-içmək məclisinə çevirmirik, çalışırıq ki, söhbət üçün daha çox zamanımız qalsın”-Anna deyir.

İstəməzdim ki, müxtəlif ölkələrdəki seksizm kimi dərin kökləri, səbəbləri olan mövzunu mətbəx səviyyəsində müqayisə edim. Amma gördüyünüz kimi, mətbəx söhbətinin də sosial əsasları var – inkişaf etmiş ölkələrdə nə kişinin ora girməyə vaxtı var, nə də qadının.

Azərbaycanda vəziyyət ona görə bu baxımdan faciəvidir ki, seksizmi kişilər də, qadınlar da dəstəkləyir. Sadə insanlar da, partiya liderləri də dəstəkləyir. Savadsız da, ziyalı da dəstəkləyir. Azərbaycan daha hansı seksist çıxışları görməyib? Cəbhədə geri çəkilən əskər və zabitlərə “hamınız arvadsız” sözünü təhqir kimi işlədən jurnalisti az qala elə qadınlar özləri kulta çevirir, partiya liderinin evinin qarşısında aksiya edən qız “arvad kimi evdə gizlənmisən” deyib, öz cinsinə ikrah nümayiş etdirir, yazıçımız “arvad varsa, mən niyə evə paltaryuyan maşın almalıyam?” deyir, hakimiyyətlə mübarizə aparan müxalifət lideri isə “mübarizəni kişi kimi aparın” söyləyir. Hakimiyyətlə mübarizə aparan bloger bacıları həbs olunanda polislərə “siz kişisiniz?” -deyir.

Ölkənin ən müxtəlif təbəqələrində qadın zəifliyin, yalanın, saxtalığın, məkrin, fırıldağın, kişi isə dürüstlüyün, mərdliyin, güclülüyün simvolu kimi təqdim edilir.

İnsanlar Bakının mərkəzi küçəsində gəzir, sekulyar ölkələrdəki geyimlərdən fərqlənməyən, konservativliyi ilə nəzərə çarpmayan geyimlərdə yeriyən qadınları görür, kağız üzərində haqlarının kişi haqlarından heç nə ilə fərqlənmədiyini oxuyur və belə bir qənaət yaranır ki, Azərbaycan qadın üçün normal ölkədir, bu ölkədə qadın özünü rahat ifadə edə, istədiyini edə bilər.

Amma cinsinin adı naqisliklə bərabər tutulan cəmiyyədə qadın özünü rahat ifadə edə bilməz və biz bunu görürük. Qadın sərbəst ola bilməz, bunu görürük. Rahat təhsil ala bilməz, bunu görürük. TQDK-nın rəsmi məlumatları qan dondurur – hər il ərə gedən məktəbli qızların sayı artır, ali təhsil arxasınca gedənlərin sayı isə azalır. Hər il daha çox uşağı savadsız, orta məktəb təhsili belə olmayan qadınlar dünyaya gətirir. Bu savadsız anaların böyüdəcəkləri uşaqlar isə bu seksizm bəlasının qurbanlarıdır.

Qadını paltaryuyan maşın, qabyuyan, mətbəx robotu kimi görən, qadın cinsini naqisliklə eyniləşdirən, kişi cinsinin nəsə özəl, birinci dərəcəli olmasını qəbul edən dəyərlərin qurbanıdır bu savadsız anaların övladları.

Biz bu gün Cümhuriyyətimizin 99 ilini qeyd edirdik. Bu tarix həm də onunla önəmlidir ki, o Cümhuriyyəti quranlar savadlı qadınlarla evlənmək istəyirdilər. Onlar öz həyat yoldaşlarını hüququnu bilməyən qadınlar arasından seçmək istəmirdilər, onlar evlənib, cinsinin üstünlüyünü göstərmək istəməyən kişilər idilər. Onların tutduqları vəzifə onların evləndikləri qadınların savadını da brendləşdirir, savadlı qadını təsdiq etmiş olurdu.

Bu gün onlara göstərilən rəğbət, ehtiram o zaman səmimi olardı ki, bu ölkədə onların qadına münasibəti də bölüşüləydi. Daha onlardan yüz il sonra “mən mitinqə çıxan qızla evlənmərəm” deyib, bu adamların dəyərlərini bölüşmək mümkün deyil.

Ana səhifəMənim Fikrimcəİqtidarlı-müxalifətli seksistlər