2008-ci il mayın 7-də Rusiyada bir eksperimentin gerçəkləşdirilməsinə başlandı. Dmitri Medvedev prezident oldu. 2012-ci il mayın 7-də isə eksperimentin gerçəkləşdirilməsi başa çatdı və Rusiyanın adi reallığına çevrildi – Putin yenidən prezident oldu. Bu, qanunla spekulyasiya etmək idi. Bunun yaxşı və ya pis olduğu, ümumi yanaşdıqda müzakirə olunmur. Amma müqayisəyə çıxartdıqda, müzakirəyə açıqdır. Yəni özünü birbaşa konstitusiyadan üstün etmək yaxşıdır, yoxsa qanunla “oynamaq”?
Havel “Gücsüzlərin gücü”ndə deyir ki, bizim (sosialist ölkələrini nəzərdə tuturdu) diktaturaların Afrika diktaturalarından fərqi ondadır ki, bizdə formal olaraq, qanunlara riayət edirlər. Məsələn, SSRİ-də kimisə öldürmək lazım gələndə, məhkəməsini edirlər, ölüm hökmü verib, güllələyirlər. Amma Afrikada prezident deyir, filankəsi öldürün, gedib heç bir məhkəmə qərarı-filan olmadan öldürürlər.
Latın Amerikası diktaturalarında da Afrikadakı kimi idi, sadəcə daha gizli öldürməyə çalışırdılar. SSRİ-də isə evindən öldürülmək üçün çağırılan adam barədə cinayət işi açılırdı, ibtidai istintaqı aparılırdı, barəsində hökm, hökmdən şikayət vermə müddəti, instansiyaları olurdu. Düzdür, yaxın nəticə hər ikisində də eyni idi – repressiya və ya irtica həyata keçirilirdi. Amma uzaq nəticə fərqli ola bilər.
Uzaq nəticə “işləyən pis qanun, yoxsa işləməyən yaxşı qanun?” müzakirəsinin nəticəsidir. İşləyən pis qanun diktatora istədiyini həyata keçirməyə elə imkan verir ki, sonra özünə bəraət qazandıranda “Mən istəsəm də, dəyişə bilmərəm. Qanun belədir” deyə bilsin. Belə demək mümkünsə, bu, daha həyasız sistemdir. Belarus kimi.
Lukaşenko səmimi olaraq, diktator olduğunu bəyan edir və ya Nazarbayev qanunla ömürlük prezidentdir. İşləməyən yaxşı qanunda isə insanların, qanunu işlədə bilərlərsə, hər şeyin düzələcəyinə ümidi ola bilər. Çünki hökumət qanunlarla spekulyasiya edir, həmçinin bu zaman imitasiya da olur ki, bu da vətəndaş cəmiyyətinin, azad medianın qismən də olsa, yaşamasına imkan verir.
Lakin işləyən pis qanun şəraiti həm də o deməkdir ki, insanlar qanunu dəyişməklə rejimi dəyişəcəklərinə inanırlar. Məsələn, ABŞ-da. Quldarlığı dəyişmək üçün qanunu dəyişdilər. Sonra qanunun təfsiri mübahisə doğurdu, müharibə də oldu, axırda qanun təfsir edildi, hamı sakitləşib, adam kimi yaşamağa başladı. İşləməyən yaxşı qanun isə qanunu hörmətdən salır. İnsanlar hesab edirlər ki, qanunu dəyişməklə nə isə həll olunmur. Əsas qanunu işə salmaqdır, buna görə də qanunu işlədən subyekti dəyişmək lazımdır, nəticədə qanlı çevriliş ehtimalı artır.
2009-cu ilə qədər Azərbaycanda “işləməyən yaxşı qanun” modeli daha üstün idi. O zaman isə Konstitusiya dəyişdirildi, prezidentliyə 2 dəfə seçilmə limiti ləğv edildi. Bununla da qanunların pisləşdirilməsi gücləndirildi. Son bir neçə ildə QHT, siyasi partiyalar və s. qanunvericiliklərə mürtəce dəyişikliklər də bizim qanunları “pis qanunlar” kateqoriyasına saldı. Amma, biz pisin də pisi olduq. Bizim heç pis qanunlarımız da işləmədi. Bizdə “işləməyən pis qanunlar” rejimi yaradıldı.
Ona görə də bizdə prezident 2 dəfə “seçiləndən” sonra yerinə başqasını qoymağa ehtiyac olmadı. Əlbəttə, davam edə bilsə, 4-cü dəfə də namizədliyini verəcək. Biz Medvedevşinadan yalnız 2003-də qismən istifadə etdik.
İndi isə Azərbaycanda hökumətin Medvedevşinaya ehtiyacı yoxdur. Baş prokuror, Ombudsman daxil olmaqla, əksər həlledici mövqelər ömürlük elan olunub. Amma imitasiyanı saxlayan qonşu ölkələr Medvedevşinadan hələ ki, istifadə edirlər. Məsələn, Erdoğanın “medvedevi” Ahmet Davutoğludur.
Azərbaycanda isə daxili idarəetməsində demokratiyanı imitasiya edən klassik müxalifət partiyalarıdır – AXCP və Müsavat. AXCP-də Əli Kərimlinin seçkisiz (təknamizədli proses seçki deyil, sadəcə imitativ şoudur) şəkildə hər dəfə hakimiyyətə yiyələnməsi partiya daxilində narazılıq, ictimai sektor daxilində isə lağlağı doğurduğundan, Əli Kərimli özünə bir “medvedev” gətirdi – Cəmil Həsənli. Prezident seçkilərindəki çıxışları ilə xeyli hörmət qazanan ağsaqqal adam indi Əli Kərimlinin yanında fırlanır, demokratik idarəçilik, “ağsaqqal sözü” imitasiyası yaradır.
Müsavatda isə İsa Qəmbər 2 dəfədən artıq namizədlik verməmək təcrübəsini yaratmaqla, “Müsavatın Corc Vaşinqtonu” olmaq istədi, amma alınmadı. Çünki hakimiyyətdən əl çəkmək üçün səmimi olaraq, Corc Vaşinqton olmaq lazımdır. Nəticədə İsa Qəmbər başqan yerinə öz “medvedevini” – Arif Hacılını qoydu. Müsavat daxilindəki ikitirəlik sayəsində isə seçki görüntüsü və seçki ilə seçilmiş başqan imitasiyası yaradıldı.
Aydın məsələ idi ki, İsa Qəmbər kimi dəstəkləsə, o da başqan, daha doğrusu medvedev olacaqdı. Nəticəni vizual olaraq da, görmək olar. Medvedevhansısa yan kabinetdə oturur, əsl başqanı isə əsrin dörddə biri qədər oturduğu kabinetindən çıxartmaq mümkün olmur.
Öz Konstitusiyalarına, Nizamnamələrinə xəyanət edən bu insanların hərəkətlərinin, yuxarıda vurğuladığım kimi, müsbət və mənfi nəticələri ola bilər. Belə ki, medvedevşina “Nizamnaməni, Konstitusiyanı möhkəmləndirməklə, bu vəziyyətdən çıxmaq olar” düşüncəsini də yarada bilər, “nə qədər ki, “Putin” (əlbəttə, AXCP-nin, Müsavatın, Türkiyənin də öz putinləri nəzərdə tutulur) var, heç nə dəyişməyəcək” fikrini də formalaşdıra bilər.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.