İqtidarın Heydər Əliyevi, müxalifətin Rəsulzadəsi

İdeya yoxdur, şəxsiyyətləri “döyüşdürürlər”

Source:

Karl R. Popper “Açıq Cəmiyyət və Onun Düşmənləri” adlı əsərinin giriş bölməsində bunları yazır: “Əgər bu kitabda, insanlığın bir neçə düşüncə öndərləri haqqında sərt sözlər deyilirsə, məqsədim, ümid edirəm ki, onları aşağılamaq deyildir. Bu, daha çox, sivilizasiyamızın yaşaması üçün, böyük adamlara həddən artıq hörmət göstərmə alışqanlığından qurtulmamız gərəkdiyinə olan inamımdan irəli gəlir. Böyük adamlar böyük səhvlər edə bilərlər. Və bu kitabda göstərildiyi kimi, keçmişin ən böyük öndərlərindən bəziləri, ağla və azadlığa qarşı olan hücumları o vaxtdan üzü bəri dəstəkləyiblər.

Onların, bəzən özünü büruzə verən təsiri, sivilizasiyanı müdafiə edən kəsimləri yanlış yola sapdırmağa və bölməyə davam etməkdədir. Düşüncə qalığımızın ortaya çıxan bir bölümü olan bu kimi şeyləri açıq-aşkar tənqid etməsək, ölümcül ola biləcək bu bölünmənin məsuliyyəti boynumuza düşəcək. Düşüncə qalığının həmin bu qismini tənqid etməkdən çəkinməklə, hamısının yox edilməsinə yardımçı etmiş olarıq”

Yaxınlarda, sosial şəbəkələr, Azərbaycan Cumhuriyyətinin qurucularından biri, hətta deyərdim ki, ən önəmli siması olan M.Ə.Rəsulzadənin Gəncə şəhərində yerləşən büstünün başına keçirilən çuval ilə “

bir-birinə dəydi

”.

Baş vermiş bu hadisəyə görə insanlar çox qəzəbli idi. M.Ə.Rəsulzadəyə dəstək əlaməti olaraq, sosial şəbəkələrdə səhifələr açıldı, insanlar onun şəklini profillərində yerləşdirməyə, onun müxtəlif fikir və düşüncələrini paylaşmağa başladılar.  İnsanların başlarının qızdışdığı bu həngamədə 2015-ci il Milli Məclisə keçirilən seçkilərdə məchul qüvvələr tərəfindən seçilmiş Naqif Həmzəyev adlı şəxsin Musavat qəzetində verdiyi müsahibə

yayımlandı

.

Başımıza gətirilən bu deputat, çıxışında M.Ə.Rəsulzadəni “satqın” adlandırır, onun zamanında etdikləri ilə bağlı çoxlarının xoşuna gəlməyən çıxış edir.  Problemlərin qaz vurub, qazan doldurduğu bu anlarda, insanlar Naqif adlı bu şəxsi ortalığa atıb, hər tərəfdən döşəməyə başladılar. O, təbii ki, uğursuz zamanda uğursuz çıxış etmişdi.

Diqqət çəkən məqamlardan biri bu idi ki, Naqif adlı şəxs M.Ə.Rəsulzadəni tənqid etmək üçün legitimliyini Heydər Əliyevin adını çəkməklə qazandığını düşünür, dayanmadan, ağzı köpüklənə-köpüklənə, onun “ümumilli liderinin” Heydər Əliyev olduğunu səsləndirirdi.


Bir az haşiyə:

Bu təsadüf deyildi, çünki Azərbaycanda hakimiyyətə gəldikdən sonra Heydər Əliyev kultu uzun zaman idi ki, insanlara təbliğ olunurdu. Hakimiyyət özü üçün idealoji baza hazırlaya bilmədiyindən, əsas diqqəti şəxsiyyətə verərək, onun üzərindən öz hakimiyyətinin legitimliyini qazanmağa çalışır. Amma işi, quruca adla həll edə bilməyəcəyini bilən hakimiyyət, yerdə qalan insanlar üçün Heydər Əliyev adını, uzun zaman, hamının istifadə etməyə haqqı olan, açılmayan qapıları açan, yıxılmayan evləri yıxan, qurulmayan binaları quran, tikilməməli olan tikililəri tikən sehirli sözə, maddi rifaha, siyasi hakimiyyətə aparan universal mənalı fenomenə çevrir.

Heydər Əliyev adı məhkəmələrin qərarlarına, siyasi kursun müəyyən olunmasına təsir edir, böyük proyektlərin həyata keçirlməsi üçün istifadə edilir. Hakimiyyət bu ada güc vermək üçün onu maddiyatın, bir başqa sözlə, rifahın mənbəyinə çevirir. Etiraf edək ki, bu prosesdə  hakimiyyət ilə xalq qarşılıqlı əməkdaşlıqdan çox yaxşı faydalanıblar. Xalq doğrudan da, bu addan qidalanmağa başladı. Amma zaman keçdi, dövran dəyişdi, adın arxasında olan universal mənalı güc, yavaş-yavaş məna dəyişikliyinə uğradı .


“Bir az haşiyənin” davamı – proses necə başladı?

Bir zaman müqəddəs olan ad artıq xalq üçün heç bir işə yaramırdı. Heydər Əliyev adından zamanında istifadə edən şəxslər, artıq rifaha çatmışdılar. Tutula bilən yerlər tutulmuş, qazanıla bilən statuslar qazanılmış, cəmiyyətin hibrid, analoqu olmayan dələduz varlı “yuxarı təbəqəsi” formalaşmışdı. Həmin bu dələduzlar, artıq Heydər Əliyev adını dar mənaya salaraq, yalnız geniş mənada öz təhlükəsizliklərini (mallarını, mülklərini, siyasi güclərini) təmin  etmək üçün istifadə etməyə başlamışdılar.

O addan istifadə edib status qazanmaq istəyən şəxslərin sırası indi, bəlkə də, klometrlərə ölçülə bilər. Amma çifayda. Artıq gecdir. Kult öz missyasını tamamladı. İdeoloji dayağı olmayan, quruca adın dabanına universal məna yükləyib, insanlarla şadd-xürrəm yaşayan hakimiyyətin legitimliyi dayanmadan sarsılmağa başladı. Heydər Əliyev adı, neftdən gələn pulla dəstəklənirdi, indi isə neft azalır, pul devalvasiya olur, ona paralel olaraq da, Heydər Əliyev də öz ad dəyərini itirməyə başlayır.

Artıq insanlar inanmır, çünki o ad artıq onların zəruri həyat ehtiyaclarını, arzularını həyata keçirə bilmir. Nəinki, bunu bacarmır, o ad hətta, getdikcə, şərlə birgə çəkilməyə, insanlara bədbəxtlik gətirməyə başladığına daha çox inanılmağa başlanılır. Bir zaman sosial mobilliyin – yəni, “aşağıdan yuxarıya çıxmaq imkanı tanıyan” – açarı olan  ad,  artıq “aşağıdan yuxarıya çıxmağa çalışanların” başından basılması üçün istifadə edilməyə başlayır.

Bu addan istifadə edib özünə sərvət toplayan, siyasi status qazanan kiçik dairənin qapısı bağlandığından və bu insanlar, o adı öz monopoliyasına aldıqlarından heç kimi ora buraxmaq istəmir, “kruqa” girməyə çalışan insanları isə ya kobuduq, ya da güc yolu ilə rədd edirlər. Xəyali olan “cənnət dünyası” yıxılır, unversal məna yavaş-yavaş sökülür, dağılır,  yerdə qalan acı reallıq, adın qorxunc vahiməliyi insanların qarşsında durur.

Bu anlarda, maddi olaraq heç bir məna yükü ilə yüklənməmiş, təmiz əllləri ilə cumhuriyyət qurmuş, həyatını Azərbaycanın müstəqillinə xərcləmiş tarixi şəxsiyyətin müqəddəs siması insanların yadına düşməyə başlayır. M.Ə Rəsulzadə, xalqın Heydər Əliyevlə olan flörtündən sonra, təsadüfən, bir hadisə səbəbindən gündəmə gəlir.

Heydər Əliyevin adından istifadə edib, son anda Milli Məclisə düşmüş Naqif adlı şəxsə, insanlar qəzəblərini qusmağa başlayır. Amma tələsməyək, cəmiyyətin, hörmətə layiq olan amma daima unutdurulan, qaralanan, siyasi ayrı-seçkiliyə məruz qalan  tarixi şəxsiyyətinə layiqli qiymətin artıq verilməli olduğu günün gəlib, çatdığını düşünən sadəlövh bir ovuc insanın ümidini qıraq və cəmiyyətin Heydər Əliyev kultuna və Naqifə reyaksiyasının pərdə arxasını açmağa çalışaq. Nə baş verir?

Həyata keçməmiş arzuların, reallığın ağrılı maddi dünyasında boğulan insanlar Heydər Əliyev adından istifadənin daha fayda gətirmədiyini düşündükləri anda, Naqif adlı bir şəxs ortalığa çıxır, hələ də uğur qazanmağın mümkün olduğunu qəzəbli camaata nümayiş etdirir. Xalq, Naqifin bu virtuozluğu qarşısında ilk anda şok keçirir, daha sonra ona olan paxıllıqlarını büruzə verir.

Mən əminəm ki, Naqif düşünür ki, insanların ona qarşı olan qəzəbinin arxasında məhz paxıllıq dayanıb. Nafiq gözəl anlayır ki, gündə saatlarla nazirləri, deputatları, nazir müavinlərini  söyən insanların hamısından sorğu keçirtsən, həmin insanların hamısı  o şəxslərin yerində olmaq istədiyini deyəcək. Nafiq axmaq deyil, o insanların nə hisslər keçirtdiyini, hansı arzularla yaşadığını öz şəxsi təcrübəsində çox yaxşı öyrənib. Naqif tək deyil, o xalq kimi düşünür, xalq Nafiqin simasına öz dələduzluğunu görür.  O, daxilən çox rahatdır, ona verilən bu statusdan, yüksəldiyi xəyali amma real gücü daşıyan yerdən hamıya və hərkəsə dilini çıxardır, o gülür, lağ edir. O, qələbəni çalıb!

Naqif,  bəlkədə, Heydər Əliyev adından istifadə edib status qazanmış axırıncı adamdır. O, bu prosesdə “Sonuncu Mogikandır”. Bu mənada onun yükskək dələduzluq, aldatma, yaltaqlıq bacarığı qarşsında, şəxsən mən baş əyirəm. Mən ona qibtə edirəm!


Haşiyəsinə çıxdığım mövzuya qayıdış:

Yadımdadır, Bakı Dövlət Universitetinin həyətində, balaca bir daş lövhənin üzərində M.Ə. Rəsulzadəyə heykəl qoyulacağını qeyd edən daş lövhəciyi hər dəfə gördüyümdə yaman qəzəblənirdim, eyni hissləri Nizami  küçəsində, kiçik parkda onun heykəlinin qoyulacağı yerdə, fontan quraşdırlıdığını görəndə və o yerdən dəfələrlə keçəndə də keçirdirdim.

İnsanların tarixi şəxsiyyətlərinə qiymət verilməsini tələb etməsi sosialogiya elminə görə çox normaldır. Hamı razılaşır ki, tarixi şəxsiyyətin qiyməti onun layiq olduğu şəkildə verilməlidir. Bizim cəmiyyətdə, yuxarıda sadalanan səbəblərdən dolayı,  tarixi şəxsiyyətlərimizə hələ ki, onların layiq olduğu şəkildə qiymət verilməyib.

Şəxsiyyətə layiqli (layiqli sözün unutmayaq, çünki açar sözdür) qiymətin verilməsi onun şəxsiyyətinin, gördüyü işlərin, etdiyi bütün əmmələrin, daşıdığı və yaydığı fikirlərin məcmusunun qiymətləndirilməsini tələb edir. Burada selektiv yanaşaraq, şəxsiyyətin yalnız müsbət xaraket, düşüncə və hərəkətlərini qiymətləndirmək olmaz, bu pozitiv ayrı-seçkilikdir. Bu mənada M.Ə.Rəsulzadənin və ya Heydər Əliyevin tariximizdə oynadığı rolu hərtərəfli qiymətləndirmək lazımdır. İstənilən selektiv yanaşma, bizi yanlışlıqlara götürəcək, qaş düzəltdiyimiz yerdə gözü vurub çıxardacağıq.

Azərbaycandakı indiki idarəçilik sistemi elə bir durumdadır ki, o bizə bu imkanı tanımır. Hakimiyyətin inandığı dəyər, appelyasiya etdiyi idealogiya olmadığından o, şəxsiyyətə pərəstişə yatırım edib. Hakimiyyətin bu yatırımı, müxalif düşünən insanların cavab reyaksiyasında da tapıb. Müxalif düşərgə, öz alternativ şəxsiyyətini üzə çıxardıb. Heydər Əliyev və M.Ə.Rəsulzadə xalqın istifadəsinə verilib. Hər iki tərəfdə müqdəddəsləşdirmə prosesi gedir. İdeya olmadığından şəxsiyyətlər bir-biri ilə savaşdırılır.

Naqifin adını, bu hissədə, bir daha xatırladığım üçün üzr istəyirəm. Deməli, bu Naqif fenomeni də, məhz bu anda ortaya çıxaraq problemin necə xoşagəlməz olduğunu bir daha nümayiş etdirdi. İdeyaların, dəyərlərin yoxluğunda və ya özünə yer tapıb xalqda öz əksini tapa bilməməsinə görə, biz şəxsiyyətə ya nifrətin ya da pərəstişin qurbanı oluruq.

K.R.Popper də məhz bunu deyirdi, o bir çox fikir adamının düşüncəsini sərt şəkildə tənqid etmiş filosoflardan biridir. Onun amasnız tənqidinə hamı tuş gəlmişdi, o bunu ağlın və azadlığın xeyrinə etdiyini deyirdi. K.R.Popperə görə, bütün fikirlər, düşüncələr, edilən hərəkətlər açıq tənqid olunmalıdır. Bu mənada, bizim tariximizdə rol oynamış şəxslərin fikri, düşüncələri və hərəkətləri açıq müzakirə olunmalı, onlara layiq olduğu qiymət verilməlidir.

Bu isə yalnız demokratik mühit yarandıqdan sonra tam anlamı ilə mümkün olacaq. Əsas olan odur ki, heç kim qərəzli olmasın, heç kim addan istifadə edib status qazanılmasının mümkün olduğunu düşünməsin. Ümumiyyətlə, addan istifadə edib hər hansısa status qazanmaq imkanı cəmiyyətimizdə yerli-dibli yoxa çıxardılmalıdır ki, bu gündən sonra şəxslər yox, ideyalar danışıla və müzakirə oluna bilsin.


Yazıdakı fikirlər müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim Fikrimcəİqtidarın Heydər Əliyevi, müxalifətin Rəsulzadəsi