İqbal Əbilovun işi məhkəməyə göndərilib

İqbal Əbilov. Foto: Meydan TV

Əbilovun özü və vəkilləri artıq işin materialları ilə tanış olublar

Azərbaycanda həbsdə olan etnik tədqiqatçı İqbal Əbilovun işi üzrə ibtidai istintaqın başa çatdığı bildirilir.


Bu barədə tədqiqatçının vəkili Fariz Namazlı məlumat verib. Onun sözlərinə görə, Əbilovun özü və vəkilləri artıq işin materialları ilə tanış olublar.


Cinayət işinin baxılması üçün gələn həftə (17-23 fevral) Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcəyi gözlənilir.


Belarusda yaşayan İqbal Əbilov 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarının yanına gəldiyi zaman saxlanılıb.


Azərbaycandakı milli azlıqlar, o cümlədən talışlarla bağlı araşdırma aparan etnoqraf İqbal Əbilov barəsində 2024-cü il iyulun 24-də Səbail Rayon Məhkəməsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib. Daha sonra həbs müddəti uzadılıb.


Özü də milliyyətcə etnik talış olan İqbal Əbilova qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə ittiham irəli sürülüb.


İqbal Əbilov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, razılaşdırılmış şəkildə Azərbaycanda milli zəmində nifrət yaratmaq cəhdində ittiham olunur.


Yaxınlarının Meydan TV-yə verdiyi məlumatlara görə, İqbal Əbilov bu ittihamlarla razılaşmır, özünü təqsirli bilmir.


O, hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır.

İqbal Əbilov Latviyada qeydiyyatdan keçmiş Talış Milli Akademiyasının təsisçilərindən biridir.

Ana səhifəXəbərlərİqbal Əbilovun işi məhkəməyə göndərilib