“İqbal Ağazadə evlərin sənədləri üçün 160 min manat pul vermişdi”

Partiya sədri şikayətçi olmadığını deyib

Source: APA

Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadənin zərərçəkən qismində tanındığı cinayət işi üzrə məhkəmə araşdırması bağlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə təqsirləndirilən şəxs qismində hakim qarşısına çıxarılan isə Sərməs Tağıyevdir. İqbal Ağazadənin 160 min manat pulunu ələ keçirməkdə ittiham olunan S.Tağıyevə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə ittiham irəli sürülüb.

Martın 1-də hakim Rahib Salmanovun sədrliyilə keçirilən məhkəmə prosesində S.Tağıyev ifadə verərək, ittiham üzrə özünü təqsirli bildiyini söyləyib. Xırdalanda daşınmaz əmlak alqı-satqısıyla məşğul olan S.Tağıyev bildirib ki, evlərə sənəd düzəldib, daha sonra onların satılması üçün İqbal Ağazadə ona 160 min manat pul verib. Evlərin satışından sonra sabiq deputatdan alınan pul ona qaytarılmalıydı.

Əvvəllər də dələduzluğa görə məhkum edilib, şərti cəza alan S.Tağıyev keçmiş deputatın şikayətindən sonra həbs edilib.

Lakin artıq İ.Ağazadə ondan şikayətçi deyil. Məhkəməyə özü gəlməsə də, təqsirləndirilən şəxsdən şikayət və tələbi olmaması barədə ərizə göndərib. Bu barədə həkim məlumat verib.

Təqsirləndirilən S.Tağıyev də bildirib ki, İ.Ağazadəyə dəymiş ziyan ödənilib. O həmçinin əməlindən peşman olduğunu vurğulayıb.

Ana səhifəXəbərlər“İqbal Ağazadə evlərin sənədləri üçün 160 min manat pul vermişdi”