IPHR: 44 günlük müharibə zamanı hərbi cinayətlərin törədildiyinə dair dəlillər var

”Bəzi hallarda bir ailənin bütün üzvlərinin ölümünə səbəb olublar”.

Source: IPHR


Beynəlxalq təşkilat hesabat yayıb

“Azərbaycan və Ermənistan silahlı qüvvələrinin mübahisəli Dağlıq Qarabağ bölgəsi ətrafındakı 44 günlük müharibə zamanı hərbi cinayətlər törətdiklərinə dair dəlillər var”.

Beynəlxalq İnsan Haqları Təşkilatı olan IPHR\Truth Hounds and Global Diligence LLP-nin

hesabat

ında belə deyilir.

Hesabatda bildirilir ki, həm Azərbaycan, həm də Ermənistan tərəf müharibədə əsir götürdüyü hərbçi və mülki vətəndaşlara işgəncə verib, onları edam edib:

“Eyni zamanda, Ermənistanın ölən azərbaycanlı əsgərlərinin cəsədlərini yaraladığına dair dəlillərimiz var”, – IPHR direktoru Brigitte Dufour belə deyib.

Direktor bildirir ki, bu işləri görən cinayətkarlar ədalət mühakiməsinə cəlb edilmədikcə, narazılıqlar artacaq və Dağlıq Qarabağda sülh olmayacaq.

Təşkilatların əməkdaşları hesabatı hazırlamadan öncə, 2020-ci ilin oktyabrından dekabrınadək Azərbaycan, Ermənistan və münaqişə zonası olan Dağlıq Qarabağda olub, şahidlərlə görüşüblər:

“Münaqişə bölgəsi, onlarla raket, bomba zərbəsi endirilən yerlər ziyarət edilib. İnsanlarla söhbət aparılıb, hadisələr sənədləşdirilib, açıq mənbəli araşdırmalar aparılıb və peyk görüntüləri təhlil edilib”.

Sənəddə bildirilir ki, Ermənistan və Azərbaycan Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramının üzvü olduqları halda, ABŞ, Fransa və Rusiya ilk müharibə zamanı – 1988-1994-cü illərdə bölgə üzərində Minsk Qrupunun bir hissəsi olaraq Dağlıq Qarabağ məsələsində sülh yaradacaqları məsuliyyətini üzərlərinə götürüblər.

“Hesabatımızda göstərilən vəhşiliklərə məhəl qoymamaq, Avropa Tərəfdaşlığı ölkələrinə Cenevrə Konvensiyalarına riayət etmədən müharibə aparmağa imkan verəcək” – deyə, Dufour bildirib.

“AB ilə birgə işləyən Minsk Qrupu müvafiq beynəlxalq mexanizmlər vasitəsilə müharibə cinayətləri törədənləri araşdırıb onları məsuliyyətə cəlb etməsi ilə bağlı müstəqil bir qurum yaratmalıdır”.

Hesabatda təşkilatlar izlədikləri bəzi hadisələrdən misal çəkiblər. Bildirirlər ki, hadisələrin birində Azərbaycan təhlükəsizlik qüvvələri bir erməni əsirini DTX-nın türməsinə aparmazdan öncə onu lüt soyundurub, dəyənəklərlə döyüblər. Zabitlər sorğu-sual zamanı onu elektroşoka verib, elektrik naqilləri ilə döyüb və başına plastik torba keçirərək onu boğublar.

Hesabatda qeyd edilir ki, altı həftəlik münaqişə zamanı 5000-dən çox insan öldürülüb. Azı 100.000 nəfər məcburi köçkün düşüb:

“Azərbaycanın silahlı qüvvələri qəsdən erməni xəstəxanalarını, dini və ya mədəni əhəmiyyətə malik yerləri də daxil olmaqla mülki infrastrukturu hədəfə almış kimi görünür”.

Hesabatda hər iki tərəfin də mülki yaşayış məntəqələrini ayırmadan atəşə tutduğuna dair dəlillər təqdim olunur.

Məsələn, bildirilir ki, Azərbaycanın Gəncə şəhərinə edilən bir hücumda yaşayış məntəqələrinə 3 ədəd ‘SCUD’ raketi atılıb. Nəticədə 13 mülki şəxs ölüb və 53 nəfər yaralanıb:

“Raketlər atıldığında Əli həyat yoldaşı ilə birgə televizora baxırdı. Onlar raket zərbəsindən sonra çölə qaçarkən hər yerin məhv olduğunu və dirəkdən insan əzasının sallandığını görüblər. Raket zərbəsi uşaqlarının qollarını, ayaqlarını zədələyib və hamilə qızlarının övladı dünyaya vaxtından əvvəl gəlib”.

Hesabatda bildirilir ki, hər iki tərəfdəki silahlı qüvvələr mülki insanları bilərəkdən ağır artilleriya və ya hava dəstəyi ilə atəşə tutub. Bəzi hallarda bir ailənin bütün üzvlərinin ölümünə səbəb olublar”.

Hesabatda bildirilir ki, beynəlxalq ictimaiyyət törədilən bu hadisələrin sanksiyasız keçməsinə icazə verə bilməz.

Amnesty İnternational və Human Rights Watch da daha öncə hesabatlarında Azərbaycan və Ermənistan arasında gedən 44 günlük münaqişə zamanı müharibə cinayətləri törədildiyinə dair hesabatlar yaymışdılar.

Qarabağ münaqişəsi yeni mərhələdə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

BMT 1993-cü ildə Azərbaycan ərazilərinin erməni qüvvələri tərəfindən işğal olunmasını tanıyan dörd qətnamə qəbul edib, amma bu qətnamələr icra olunmayıb.

2020-ci il sentyabrın 27-də isə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti dəfə ağır döyüşlər başladı.

44 günlük bu müharibə (İkinci Qarabağ Müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ aldı.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Ana səhifəSiyasətIPHR: 44 günlük müharibə zamanı hərbi cinayətlərin törədildiyinə dair dəlillər var