DİN şəxsin üzərində hər hansı xəsarət aşkar edilmədiyini deyir
Daxili İşlər Nazirliyinin tabeliyində olan İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsində cəza çəkənlərdən biri yanvarın 31-də ölüb. Bu, 35 yaşlı Aslan Məmmədovdur.
Meydan TV-nin əldə etdiyi məlumata görə, Aslan Məmmədov oğurluq ittihamıyla həbs olunmuşdu. Ona məhkəmə İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsilə 2 ay inzibati həbs cəzası kəsmişdi.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti də nazirliyin tabeliyindəki məntəqədə saxlanılan şəxsin ölüm faktını təsdiqləyib. Bu qurumdan Meydan TV-yə bildirilib ki, Aslan Məmmədov narkotik istifadəçisi olduğundan məntəqədə səhhəti qəfil pisləşib:
“Əvvəllər dəfələrlə məhkum olunan Aslan Məmmədov narkotik vasitələrin aludəçisi olduğundan səhhəti qəfil pisləşdiyi üçün saxlanma məntəqəsində ilkin tibbi yardım göstərilib. Bütün tibbi müdaxilələrə baxmayaraq, o xəstəxanaya aparılarkən ölüb. Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlərin və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış keçirilib. İlkin xarici müayinə zamanı meyit üzərində digər hər hansı xəsarət aşkar edilməyib. Faktla bağlı araşdırma aparılır”.
Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu inzibati həbsdə olarkən – yanvarın 5-dən 23-nə qədər aclıq etməsinin əsas səbəblərindən biri İnzibati Həbs Olunanlarıb Saxlanılma Məntəqəsində saxlanılan şəxslərə münasibət, onlara verilən qidanın keyfiyyətsizliyi və s. hallara etiraz idi.
Daxili İşlər Nazirliyi isə saxlanılan şəxslərə münasibətin də, yeməyin keyfiyyətinin də qaydalar çərçivəsində, normalara uyğun olduğunu açıqlamışdı.
Qurumun məlumatına görə saxlanılan şəxslərin qida təminatı qanunla müəyyənləşdirilmiş hüquqi normativə əsaslanır:
“Saxlanılan şəxslərə qanunvericilikdə nəzərdə tutulmuş formada, sanitar-epidemioloji-gigiyenik qayda və tələblər nəzərə alınmaqla qidalar verilir. Məntəqədə keyfiyyətsiz qida məhsullarının saxlanılan şəxslərə verilməsi haqda iddialar tam əsassızdır. İndiyədək orada saxlanılan şəxslərin sağlamlığında heç bir xoşagəlməz hal müşahidə edilməyib”.