“İnzibati cəza alanların videosunu yayan polislər məsuliyyətə cəlb edilməlidir”

“Bu insanların görüntülərinin yayılması, sırf aşağılayıcı məqsəd güdür”.

Source: Specify Source


Hüquqşünas: “Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz”

Son günlər sosial şəbəkələrdə inzibati cəza almış şəxslərin görüntüləri yayılır. Onların başı qırxılıb, üzr istəyirlər və s.


“Ailəsinə özünü öldürəcəyini deyib”

Həmin görüntülərin birində vətəndaş kamera qarşısında "günahını" etiraf edir, buna görə üzr istəyib, ayaqyolu təmizləyir.

Ayaqyolu təmizləyən şəxs videoda avtoxuliqanlığa görə həbs edildiyini söyləyir.

Ailəsi isə övladlarının Binəqədi rayonu 43-cü polis bölməsində təhqir edildiyini deyir, bunu edənləri qınayır. Yaxınlarının Meydan TV-yə verdiyi açıqlamaya görə, bu hadisə ona o qədər pis təsir edib ki, telefonda ailəsinə həbsdən çıxandan sonra özünü öldürəcəyini deyib:

“Ailəli adamdır, uşaqları var. Yoldaşı da indi deyir ki, mən də özümü öldürəcəm. Biz bilmirik nə edək. Bir insan günahkar olsa, lap adam öldürsə belə, onu bu cür təhqir etməzlər”.


Profilaktik söhbətlər…

Digər görüntüsü yayılan şəxsin isə başı keçəl qırxılıb. O, bir neçə gün öncə sosial şəbəkələrdə görüntüsü yayılan şəxsdir. Görüntüdə o, əks istiqamətdə gedərək digər sürücünün yolunu kəsir. Buna etiraz edən sürücünün üstünə dəmirlə hücum çəkir.

Vaqif Əsədov
Vaqif Əsədov

Görüntüləri Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yayıb. Bildirilir ki, idarənin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov onunla profilaktik söhbət edib. Sürücü səhvini başa düşdüyünü və bir daha bu cür hərəkətlərə yol verməyəcəyini qeyd edib. Vaqif Əsədov bildirib ki, daha təmkinli olmaq və bu cür vəziyyətlərdə məsələni çətinləşdirəcək əməllərə yol verməmək lazımdır.

Daha bir görüntü mayın 18-də yayılıb. Ağdam rayonundan olduğunu deyə 1992-ci il təvəllüdlü şəxsin də başı qırxılıb, üzr istəməsini əks etdirən video sosial şəbəkələrdə yayılıb. Həmin videoda Vaqif Əsədovun da səsi düşüb. Şəxsin onunla danışdığı bəlli olur.


Vətəndaşın niyə tualet təmizləməsinə aydınlıq gətirilməyib

Ayaqyolu təmizləyən şəxslə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirmişdi ki, avtoxuliqanlıq etdiyinə görə inzibati qaydada həbs edilmiş 23 yaşlı Məhəmməd Hüseynli barəsində müvafiq araşdırmalar aparılıb.

“Müəyyən edilib ki, o, xeyli müddətdir paytaxt ərazisində günün müxtəlif saatlarında özünə məxsus qırmızı rəngli “99-RA-367” və etibarnamə ilə idarə etdiyi ağ rəngli “99-TV-117” dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobillərlə cəmiyyətə açıq hörmətsizlik etməklə, digər hərəkət iştirakçılarının – sürücü və piyadaların həyatına real təhlükə yaradıb. O, bu hərəkətlərinin çəkilişlərini apararaq sosial şəbəkələrdəki özünə aid olan səhifələrdə yerləşdirməklə hüquqazidd əməllərini təbliğ edib”.

ehsan-zahidov.jpg
Ehsan Zahidov

Ehsan Zahidov bildirib ki, məhkəmənin qərarı ilə o, 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 30 sutka inzibati qaydada həbs edilib. Ancaq Ehsan Zahidov niyə ona tualet təmizlətdirildiyi, bu videonu kimin çəkib paylaşdığı haqda heç bir məlumat verməyib.

İnzibati qaydada həbs edilən birinin görüntülərini yaymaq hüquqi məsuliyyət yaradırmı?

Hüquqşünas Yalçın İmanov deyir ki, həm İnzibati Xətalar Məcəlləsi, həm Azərbaycan Konstitusiyası, həm də beynəlxalq Konvensiyalar həmin görüntüləri işgəncə və ya ləyaqəti alçaldan rəftar kimi müəyyənləşdirir və qadağan edir:

“İnzibati Xətalar Məcəlləsinin 5.3-cü maddəsinə görə, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. İXM-nin 91.0.5-cü maddəsinə əsasən, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati qaydada tutulmuş şəxsin hüquqlarının təmin edilməsi üçün bir sıra tədbirlər görür, o cümlədən tutulmuş şəxslə davranışda onun şəxsiyyətinə və ləyaqətinə hörmətlə yanaşmağa borcludur”.

Yalçın İmanov deyir ki, Konstitusiyanın 46-cı maddəsinə görə vətəndaşın şəxsiyyəti, ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəsə işgəncə və əzab verilə bilməz:

“Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinə görə heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. İXM-nin 5-ci maddəsinə görə, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar”.

Hüquqşünas əlavə edir ki, bu görüntülərdə Cinayət Məcəlləsinin 293-cü maddəsinin tərkib əlamətləri var. Həmin maddənin 2-ci bəndinə görə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır:

“Bu maddədə “işgəncə” dedikdə şəxsin özündən və ya digər şəxsdən məlumat və ya etiraf almaq, yaxud onu və ya digər şəxsi qorxutmaq, özünün və ya digər şəxsin törətdiyi və ya törədilməsində şübhəli bilindiyi əmələ görə cəzalandırmaqdır. Bundan əlavə, insanın iradəsi əleyhinə hər hansı əməli törətməyə məcbur etmək məqsədilə və ya ayrı-seçkiliyə əsaslanan hər hansı səbəbdən ona güclü fiziki ağrı və ya psixi iztirablar vermə başa düşülür”.

Hüquqşünas Yalçın İmanov
Yalçın İmanov

O ki qaldı görüntülərin yayılmasının yaratdığı hüquqi məsuliyyətə, Yalçın İmanov deyir ki, Azərbaycan Konstitusiyasının 24-cü maddəsinə görə, insan ləyaqəti qorunur və ona hörmət edilir. Konstitusiyanın 32-ci maddəsinə əsasən, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir:

“Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Avropa Konvensiyasının 8-ci maddəsinə görə, hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir. Yayılmış görüntülər 8-ci maddənin pozuntusunu təşkil edir”.

Yalçın İmanov deyir ki, Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi həyatın toxunulmazlığını pozmanı kriminallaşdırıb. Həmin əməllərin vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildilməsi ağırlaşdırıcı bənd kimi nəzərdə tutulub və üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır:

“Görüntülərin inzibati həbs olunanların müvəqqəti saxlama yerində çəkilməsi və sonradan yayılması onun polis əməkdaşları tərəfindən çəkilməsi və yayılması ehtimalını gücləndirir. Görüntüləri yayılmış şəxs cinayət işinin başlanması üçün ərizə ilə hadisənin baş verdiyi yerin rayon prokurorluğuna şikayət edə bilər. Hərçənd, prokurorluq özü də vətəndaşın ərizəsinə gözləmədən kütləvi informasiya vasitələri və yaxud da sosial şəbəkələrdə yaılmış görütülər əsasında araşdırmalara başlaya bilər. Belə ki, Cinayət Prosessual Məcəllənin 206-cı maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayətlər haqqında kütləvi informasiya vasitələrinin məlumatları cinayət işinin başlanması üçün əsasdır”.


Görüntülər mediada işıqlandırılarsa…

Həmin görüntülərin mediada işıqlandırılmasına gəlincə, media sahəsi üzrə ekspert Ələsgər Məmmədli deyir ki, hadisə ictimai əhəmiyyət daşıdığından mediada işıqlandırılması normaldır. Sadəcə bunu edərkən bəzi qaydalara əməl edilməlidir:

“Şəxsin şərəf və ləyaqəti qorunmalıdır. Bunun üçün üz cizgilərini və ad soyadını gizlətmək lazımdır”.

Ələsgər Məmmədli də polisin həbs almış vətəndaşın görüntüsünü yaymasını qanun pozuntusu hesab edir. Deyir, inzibati pozuntuya yol vermiş şəxsə maksimum inzibati həbs verilə bilər. Bu da azadlığını müvəqqəti məhdudlaşdırmaqdır. Ancaq həmin şəxsin ləyaqətinin alçaldılması yolverilməzdir:

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

“Bununla bağlı Konstitusiyanın 24-cü maddəsində də deyilir. İnsan ləqayaqəti qorunur. 46-cı maddədə isə deyilir ki, dövlət bilavasitə insan ləyaqətini qorumaq üçündür. Vətəndaşın ləyaqətini alçaldıb, onu videoya çəkən şəxslər isə bunu dövlət adından ediblər. Bunun yayılması ictimai əhəmiyyət daşıyır. Həmin polislər dərhal məsuliyyətə cəlb edilməlidirlər”.

Ələsgər Məmmədli əlavə edir ki, həmin şəxslər inzibati qaydada həbs ediliblər və həmin inzibati pozuntu onun ləyaqətinin alçaldılmasına əsas deyil:

“Bu baxımdan da DİN həmin görüntülərin harada çəkildiyini müəyyən etməlidir. Bunu edənləri cəzalandırmalıdır. Çünki həmin şəxslər dövlətin onlara verdiyi səlahiyyətdən sui-istifadə ediblər”.


“Polis beynəlxalq normaları pozub”

Hüquqşünas Samirə Ağayeva da görüntülərin yayılmasını doğru hesab etmir. Deyir, bunu etməklə polis nəinki Azərbaycan qanunlarını, eləcə də beynəlxalq normaları da pozub:

Samirə Ağayeva
Samirə Ağayeva

“Bu insanların görüntülərinin yayılması, sırf aşağılayıcı məqsəd güdür. Bu da Avropa Konvensiyasının 3-cü maddəsinin pozuntusu deməkdir. Burada söhbət işgəncə, qeyri-insani davranışdan gedir. Vətəndaşa həm fiziki, həm də mənəvi iztirab veriblər. Videoların yayılması sırf cəzalandırma xarakteri daşıyır. Bu, Avropa Məhkəməsinin 3-cü maddəsinin pozuntusu hesab edilə bilər. Bununla bağlı vətəndaşlar məhkəməyə müraciət etməlidir. Yerli məhkəmələr şikayətləri təmin etməsə, o zaman vətəndaşlar Avropa Məhkəməsinə üz tuta bilərlər”.


Rəsmilər deyir ki…

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Meydan TV-nin suallarını cavablandırmaq istəməyib:

“Mən hazırda tədbirdəyəm, telefon zəng çaldı deyə açdım. Gəlin üzbəüz danışaq bu məsələni”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov isə Meydan TV-yə deyib ki, məsələ araşdırılır, tədbir görüləcək.

Ana səhifəSosial“İnzibati cəza alanların videosunu yayan polislər məsuliyyətə cəlb edilməlidir”