İntiqam Əliyevin son sözü!

Hörmətli iştirakçılar, mən çox peşimanam!

Source:

-Adınız?

-İntiqam

Soyadınız?

-Əliyev

– Buyurun

Hörmətli iştirakçılar, məni ittiham edirlər ki, güya mən Azərbaycan vətəndaşlarının hüquqlarını müdafiə etmişəm. Bu, çox cəfəng iddiadır. Məgər, azərbaycanlıların hüquqları varmı?

– Siz hüquqşünassınız, bilməlisiniz ki, Azərbaycan vətəndaşlarının hər cür hüquqları var.

Hörmətli iştirakçılar, azərbaycanlıların kağız üstündəki hüquqlarından danışsaq, həm də yalan danışmış olarıq. Mən sizi heç nəyə inandırmaq istəmirəm, ona görə də həyatda rastlaşdığımız və heç bir maneəsiz yaşadığımız, həyata keçirməyə təhrik edildiyimiz hüquqlarımızdan danışmaq istəyirəm. Azərbaycanlıların çörəyi nisyə almaq, dükanlara qəpiklərlə toplanıb minlərə çevrilən məbləğdə borclu olmaq, ac qalıb səfil olacağından qorxduğu üçün uşaqlarının əlindən tutub intihar etmək hüququ var. Amma bu hüquqları qorumağa ehtiyac varmı ki, mən onu qoruyum?!

Məni ittiham edirlər ki, mən Avropa İnsan Haqları Məhkəməsinə şikayət edənlərə kömək etmişəm. Amma mənim üçün də maraqlıdır ki, bu gün o şikayətlərin əsl müəllifləri niyə qanun və məhkəmə qarşısında cavab vermir? Onlar kimdir? Qış bulvarında, “Sovetski”də insanların evlərini başlarına uçuranlar, “Bayraq Meydanı” tikmək üçün Azərbaycan bayrağı uğrunda canından keçən, canından keçməyə hazır olan hərbçilərin qadınlarını və uşaqlarını təhqiramiz formada sürüyüb çölə atanlar. Oğlu ölüb, qızı yoxdur deyə yaşlı insanların mülklərini əlindən almaq üçün fırıldaqçılarla əlbir olan məhkəmə hakimləri. Şəhid ailələrini kimsəsiz ailə kimi ictimai fikrə tanıdıb, onların bütün haqlarını tapdayan dövlət məmurlarıdır o şikayətlərin əsl müəllifləri.

Siz heç bilirsinizmi, yaşlı bir qadının “oğul, heç kimim yoxdur deyə məni evimdən çölə atırlar, kömək elə küçələrdə ölmək istəmirəm” – deyib göz yaşı tökməsi nə deməkdir? Bu, dövlətin, qanuni hakimiyyətin, məhkəmələrin ölməsi deməkdir. Çünki hüquqi dövlətdə vətəndaşın ən böyük sahibi onu qanunlarla qoruyan dövlətidir. Bu isə əslində mənim məhkəməm deyil, bu və buna oxşayan bütün toplantılar Azərbaycanda hüquqi dövlətin rəsmi yas mərasimləridir. Biz öz dövlətimizi itiririk.

Heç kim tarix üzərində qələbə çala bilməyəcək. Heç kim, başqasının mülkiyyətinin daimi sahibi ola bilməyəcək. Başqalarının göz yaşlarından sel düzəltmək olar, amma bu, yalnız sizin özünüzü boğacaq. Siz çıxardığınız qərarların nə demək olduğunu anlamırsınız. Bu anlaqsız qərarlarınız toplumu qəddarlaşdırır və düşmənçiliyi dərinləşdirir.

Düşünün ki, bu ölkədə nə qədər günahsız adama qatil, nə qədər ziyalıya narkoman, nə qədər siyasi fəala dələduz və ya xuliqan damğası vurmusunuz. Nə qədər insan sizin ədalətsiz qərarlarınızdan əlini yerdən üzüb və göyə tutub. Siz bu məmləkətdə terrorun və fundamentalizmin körükləyicisi, dəstəkçisi və təkanvericisisiniz. Bu ölkədə reallığa inamını itirib, ilahi ədalət axtaran hər kəsin törətdiyi cinayətin arxasında sizin qanunsuz və ədalətsiz qərarlarınız dayanır. Siz Somalidə acından, İraqda və Fələstində zorakılıqdan, müharibədən ölən uşaqların qatillərindən sadəcə metodunuza görə fərqlənirsiniz. Siz onlardan daha qəddarsınız, çünki bu ölkəni cəngəlliyə çevirirsiniz və bu, təkcə bizim körpələrimizin deyil, sizin öz övladlarınızın sabahı üçün də qorxuludur. Siz öz övladlarınızın, nəvələrinizin gələcəyinin qatillərisiniz. Sizin hər bir ədalətsiz hökmünüz öz miqyasında bizim cəmiyyətimiz üçün radioaktiv nüvə zərbəsidir. Çünki bu, təkcə indi olanı məhv etmək deyil, həm də gələcəyi zəhərləməkdir.

Hörmətli iştirakçılar, mən çox peşimanam! Bunu dilə gətirməyim sizi incidə bilər, amma inanın ki, peşmançılığımın həddi-hüdudu yoxdur. Siz düşünməyin ki, mən bu dəmir barmaqlıqlar arxasında olduğum üçün bu hissləri keçirirəm, əsla! Mən sadəcə, bu gün rəsmi adı həbsxana olan yerdən əsl həbsxanada baş verənlərə müdaxilə edə bilmədiyim üçün peşmanam. Və bir gün siz də bu barmaqlılar arxasına keçmək üçün nəsə etmisinizsə, çalışın bura gəlmədən öncə çox iş görəsiniz. İşinizi yarımçıq qoyduğunuz hissi ilə burada peşman olmayasınız. Əgər bir gün nəvənizin, körpə övladınızın gözünün içinə dik baxa bilməyəcəksinizsə, yaşamağa dəyərmi? Bu sualı özünüzə verin. Mən sizdən ən yüksək cəzanı istəyirəm, günahımı boynuma alıram. Mən günahkaram ki, bizim toplumun bu cür idarəçiləri var! Təşəkkür edirəm!


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim Fikrimcəİntiqam Əliyevin son sözü!