Hüquqşünasın yeni vəkilinin işinə də müdaxilələr edilir
İntiqam Əliyevə qarşı təzyiqlər davam edir. Bu barədə onun qızı Nərmin Kamilsoy Meydan TV-yə məlumat verib. O, vəkil Cavad Cavadovun İntiqam Əliyevlə görüşündən sonra yazdığı qeydlərin müsadirə edildiyini deyib: “Qalan son vəkili ilə müdafiə taktikası qurmasına imkan verilmir. Vəkilə hazırlamaq üçün yazdığı şikayətlər, qeydlər və əlyazmalar əlindən alınır, senzuradan keçirilir və ona qaytarılmır”.
Nərmin əlavə edir ki, hüquqşünasa iki ay ərzində hələ də qəzet verilməyib.
İntiqam Əliyevi müdafiə edən 4 vəkil ( Fariz Namazlı, Anar Qasımlı, Əlayif Həsənov, Xalid Bağırov) iş üzrə şahid qismində ifadə verəcəklərinə görə prosesdən uzaqlaşdırılıb. İ.Əliyev bildirib ki, müdafiəsini özü təşkil edəcək.
Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev 8 avqustda həbs edilib. O, Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham elan olunur. İ. Əliyev ittihamları qəbul etmir və bu həbsi fəaliyyəti ilə bağlayır.