Martın 3-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hüquqşünas İntiqam Əliyevin məhkəmə prosesi davam edib. Məhkəmədə İntiqam Əliyevin rəhbəri olduğu Hüquq Maarifçiliyi Cəmiyyətində mühasib olmuş Gülşən Orucovanın zərərçəkən kimi dindirilməsi davam edib. Gülşən Orucova vəkillərin suallarını cavablandırıb. Vəkillər onun istintaqa verdiyi ifadə ilə məhkəmə ifadəsi arasında ziddiyyətin olduğunu bildiriblər. Gülşən Orucova istintaqda İntiqam Əliyevdən qeyri-qanuni pul almadığını desə də, məhkəmədəki ifadəsində ona 500 manat məbləğində qeyri-qanuni ödənişin olduğunu bildirib. Gülşən Orucova bu ziddiyyəti vəkillərin onu düzgün başa düşməməsi ilə izah edib. Daha sonra vəkillər bildiriblər ki, istintaqa ifadəsindən və bank sənədlərindən görünür ki, Gülşən Orucova bacısı Əfsanə Orucovanın hesabına guya onun tərcüməçi xidmətinə görə ödəmələr edib. Halbuki qurum rəhbəri İntiqam Əliyev Əfsanə Orucovanın tərcüməçi kimi xidmət göstərmədiyini iddia edir. Gülşən Orucova isə məhkəməyə bildirib ki, tərcüməçi kimi xidmət göstərən şəxs rəsmi sənəd təqdim edə bilmədiyinə görə, o, sənədləşmə işlərini bacısının adına etməli olub.
Gülşən Orucova bu işlərdən, maliyyə hesabatlarından İntiqam Əliyevin xəbərdar olduğunu iddia etsə də, İntiqam Əliyev bu cür iddiaları əsassız sayıb. İntiqam Əliyev bildirib ki, donor təşkilatlara təqdim olunan maliyyə hesabatlarının heç birində Əfsanə Orucovanın adı keçmir:
“Bunu sübut edən bütün sənədlər istintaq orqanının əlindədir və dəfələrlə vəsatət qaldırmağımıza baxmayaraq, o sənədlər bizə qaytarılmır ki, burada onlardan sübut kimi istifadə edək”.
Gülşən Orucova vəkillərin bəzi suallarını cavablandırmaqdan imtina edib. Nümayəndəsinin Orucovaya verilən suallara müdaxilə etməsi vəkillərin etirazına səbəb olub. Onlar nümayəndəni zərərşəkənin ifadəsinə təsir göstərməkdə ittiham ediblər. Bu zaman yaranan qarışıqlıqda Gülşən Orucova da müdafiə tərəfinin özünüreklam etməsini vurğulayıb:
“İntiqam Əliyevin yanında oturan vəkillər ancaq özlərini reklam etməklə məşğuldurlar”. Bu fikir məhkəmə zalında gülüşə səbəb olsa da, hakimin bu söhbətə müdaxiləsi gülüşlə yanaşı təəccüb də doğurub.
Hakim Rasim Sadıqov: “Keçən dəfə internetə baxıram, görürəm ki, Elçin Sadıqov (vəkil-red.) məhkəmə binasının qarşısında jurnalistə müsahibə verir. Siz vəkilsiz, gərək müsahibə verməyəsiz”.
Daha sonra vəkil Cavad Cavadov Gülşən Orucovaya sual edib:
C. Cavadov: Siz əmək haqqını vaxtlı-vaxtında tam almısız?
G.Orucova: Bəli almışam.
C.Cavadov: İndi nədən şikayətçisiz?
G.Orucova: Keçən ilin yanvar ayına görə 214 manat maaşımı almamışam.
Buna İntiqam Əliyevin cavabı isə belə olub: “Bu, heç o adama oxşayır ki, onun 214 manatı məndə qala və onu ala bilməyə? Sənədlərimizi qaytarın sübut edim”.
Bundan sonra məhkəmədə fasilə elan olunub. Prosesin ikinci mərhələsi saat 3-ün yarısına təyin edilsə də, saat 3-də vəkil Şəhla Hümbətovanın zərərçəkmiş qismində ifadə verən Gülşən Orucovaya sualları ilə başlayıb. Vəkil sual verib ki, bacısının “Unibank”dakı hesabı nə zaman açılıb. Gülşən Orucova 2009-cu ildə açıldığını bildirib. Sonra növbəti suallar səsləndirilib: – İntiqam Əliyev xaricdə olanda ödəniş tapşırıqlarını kim imzalayırdı?
– Bu zaman onun öncədən imzaladığı sənədlərdən istifadə edirdim
– Həmin vaxt həyata keçirilən ödəniş tapşırıqları nə qədər önəmli idi ki, öncədən imzalayıb gedirdi?
– Bəzi layihələr vardı ki, onların bitmə tarixinə qədər bütün hesabatlar verilməli idi. Həmin ödəniş tapşırıqları da gələn aya qala bilməzdi
– Protokolda 12 may 2011-ci il tarixli ödəmə tapşırığı var. Həmin vaxt İntiqam müəllim ölkə xaricində olub. Mayın 9-da ölkədən çıxıb, bir də mayın 13-də qayıdıb. Ödəniş tapşırığı isə mayın ortasında imzalanıb. Yəni, ay sonu deyil. Özü də İntiqam müəllim bir gün sonra ölkəyə qayıdıb. Bir halda ki, bir gün sonra dönəcəkdi, niyə öncədən imzalasın?
Suala Gülşən Orucova cavab verə bilməyib. Bu zaman hakim müdaxilə edərək, müdafiə tərəfin vəkillərinə bildirib ki, yaxşı-yaxşı araşdırıb baxsınlar, həmin tarix hansı layihənin bitməsi ilə üst-üstə düşür. Daha sonra bu sualları verərlər.
İntiqam Əliyev bu zaman hakimə bildirib ki, onun dediyi məsələni araşdırmaq üçün gərək sənədlərə baxılsın. Sənədlər isə onlarda deyil: “Ona görə biz sizə deyirik, bizim sənədlərimiz qaytarılsın ki, müdafiəmizi qura bilək. Sizə göstərək ki, həmin vaxtı bizim layihəmiz olub, ya yox. Mən anlamıram, siz niyə maliyyə sənədlərini bizə vermək istəmirsiniz?”
Daha sonra vəkil Gülşən Orucovaya verdiyi sualları davam etdirib.
– Adətən ödəniş tapşırıqlarının surəti də olur. Siz onu neyləmisiz?
– Ofisdədir
– Bəs istintaqa bu barədə hər hansı sənəd təqdim etmisiniz? İstər ödəniş tapşırıqları olsun, istərsə də bank hesabları ilə bağlı
– Bəli, bir dənə sənəd təqdim etmişəm
– Bəs, bacınızın hesabından çıxarışla bağlı sənədi kim təqdim edib istintaqa?
– Mən
– Bu, necə olur?
– Bacım çıxarışı alaraq mənə verib. Mən də istintaqa təqdim etmişəm
– Bəs,yaxşı, deyirsiniz, 119 min manatı çıxarıb İntiqam Əliyevə təqdim etmisiniz. Bununla bağlı sizin şifahi ifadənizdən savayı hər hansı sənəd varmı? Bunu necə sübut edə bilərsiniz?
– Xeyr, burada hər hansı sənəddən söhbət gedə bilməz. Axı qanundankənar işdir.
– Ötən ifadələrinizdə bildirirdiniz ki, həyata keçirdiyiniz ödənişlərlə bağlı qeydlərinizi dəftərə yazırsınız. Həmin dəftər yanınızdadır?
– Xeyr, istintaqa vermişəm
– Bəs, bayaq deyirsiniz istintaqa bircə dənə sənəd vermisiniz? Bu, necə olur?
Gülşən Orucova bu suala cavab vermir. Şəhla Hümbətova suallara davam edir.
– Bacınızın hesabına başqa təşkilatlardan da köçürmələr olubmu?
– Bu sualı bacıma verin. Mənim məlumatım yoxdur.
Bu zaman hakim müdaxilə edir. Sualı hesaba almadığını bildirir. Vəkil isə bildirir ki, burada söhbət ondan gedir ki, Gülşən Orucova hansı təşkilatlarda işləyibsə, onların hesabından bacının hesabına pullar köçürüb.
– Bəs Media Hüququ İnstitutunun hesabından bacının hesabına köçürülən vəsaitlə bağlı nə deyə bilərsiniz? Həmin köçürməni siz etmisiniz?
– Xatırlamıram
– Bəs, həmin hesabdan bacınızın hesabına köçürülən pulu çıxarıb kimə vermisiniz?
Hakim bu sualı da çıxarıb.
– Siz ötən dəfəki ifadənizdə bildirdiniz ki, bacınızın hesabına köçürülən vəsaitlər görülən və görülməyən işlərlə bağlıdır. Deyə bilərsinizmi görülməyən işlər deyındə nələri nəzərdə tutursunuz?
– Xatırlamıram. Ya da deyim, həmin işlər kitabların tərcüməsi ilə bağlıdır. Məsələn, layihəsdə 500 nüsxə kitab çapı nəzərdə tutulubsa, 100 kitab çap ediblər. Sonra da həmin kitabları bir neçə layihəyə təqdim ediblər.
Daha sonra İntiqam Əliyev bildirib ki, əgər, doğrudan da, Gülşən Orucova bacısının hesabından çıxardığı 119 mini ona veribsə, bu gün onun kimi Gülşən Orucova da təqsirləndirilən kürsüsündə olmalı idi: “Belə olan halda biz burada birgə oturmalı idik”.
Bu zaman hakim İntiqam Əliyevə bildirib ki, belə çıxır Gülşən Orucovanı 2009-cu ildən işdən çıxarmalı imiş: “Siz bu xanımı təşkilatın pulunu mənimsədiyinə görə çoxdan çıxarmalıydınız işdən. Sizin bütün olanlardan xəbəriniz olmalı idi”.
İntiqam ƏLiyev: “Mən maliyyə hesabatlarını baş mühasib olaraq Gülşən Orucovaya etibar etmişdim. Odur ki, onun təşkilatın hesabından bacısının hesabına köçürdüyü pullardan xəbərim olmayıb”.
Hakim: “Necə yəni, siz təşkilat rəhbərisiniz, bütün bunlardan xəbəriniz olmalıydı”.
İntiqam ƏLiyev: “Dövlət büdcəsi hər gün talanır. Boş-boş işlərə, yolların yenidən bərpasına, hasarlara və s. xərclənir. Sizin bütün bunlardan xəbəriniz varmı?”
Bu zaman hakim ikinci zərərçəkmiş Sadiq Bağırovu ifadə verməyə dəvət edib. S. Bağırov da bildirib ki, 2006-cı ildə “Hüquq Maarifçiliyi Cəmiyyəti”nin işlə bağlı elan etdiyi müsabiqədən keçərək təşkilatda hüquqşünas kimi fəaliyyətə başlayıb: “2010-cu ilə qədər orada hüquqşünas və bəzi layihələrdə koordinator kimi çalışmışam. Bu müddət ərzində İntiqam müəllimdən çox şey öyrənmişəm. Buna görə ona minnətdaram. Və bildirmək istəyirəm ki, mən bu gün ona görə zərərçəkmişəm ki, zərərçəkmiş kürsüsündə çıxış edirəm. İntiqam Əliyev mənim müəllimim olub. Ona çox şey borcluyam. Orda çalışdığım müddətdə əmək haqqımı vaxtlı-vaxtında almışam. Maddiyyat baxımından heç bir şikayətim yoxdur. Ancaq mən bu gün zərərçəkmiş statusundan ona görə imtina etmirəm ki, bu günə qədər məhkəmələrə, istintaqa gedib-gəldiyim müddətdə mənə zərərçəkmiş kimi sual dolu baxışlarla baxıblar. Bunun səbəbkarı da İntiqam müəllimdir. Mən bu gün mənəvi zərərçəkmişəm sadəcə”. Bundan sonra S. Bağırov dövlət ittihamçısı və müdafiə tərəfin suallarını cavablandırıb.
Növbəti zərərçəkən isə Könül Bayramovadır. Bir müddət “Hüquq Maarifçiliyi Cəmiyyəti”ndə könüllülük əsasında, daha sonra isə müəyyən əmək haqqı müqabilində çalışıb. İfadəsində bildirib ki, istintaq zamanı ona əmək haqqı cədvəlləri göstərilib ki, işdən çıxdığı müddətdə onun adına müəyyən məbləğdə pul yazılıb. Halbuki Könül Bayramova həmin vaxt Almaniyada təhsil alırmış:
“3 ay ərzində mənə hər ay 243 manat olmaqla əmək haqqı yazılıb. Mən isə həmin vaxt işləməmişəm və düşünmürəm ki, həmin vəsait mənim haqqım idi, almalıyam və s. Mən bu gün özümü hər hansı haqqı tapdanmış, əmək haqqı verilməmiş zərərçəkmiş saymıram. Zərərçəkmiş qismində olmağımın səbəbi sənədlərdə adımın olmasıdır. İstintaqa cəlb edildiyim gündən bu günə qədər burada olmağım mənə sadəcə mənəvi zərbədir. Mənəvi zərər çəkdiyimi düşünürəm. Buna səbəb olan şəxsin isə hələ ki, İntiqam Əliyev olduğunu düşünürəm. Düzdür, İntiqam müəllim deyir ki, onun imzası və sənədlər saxtalaşdırılıb. Bu baxımdan düşünürəm ki, məhkəmə araşdırmasından bəlli olacaq mənim mənəvi zərər çəkməyimim səbəbkarının kim olması. Hələlik isə heç nə bilmirəm”.
Bu zaman İntiqam Əliyev üzünü hakimə tutaraq “Hüquq Maarifçiliyi Cəmiyyəti”ndə yoxlama zamanı aparılan sənədlərin onlara qaytarılmasını tələb edib. Bildirib ki, sənədlərini, təşkilatın möhürünü və s. aparmaqla asanlıqla sənədləri saxtalaşdırmaq mümkündür: “İstintaq zamanı bizə göstərilən əmək haqqı cədvəlləri bomboş idi. Sonradan orada nələr yazılıb bilmirəm. Xahiş edirəm sənədlərimiz bizə qaytarılsın. Daha sonra isə imzalarla bağlı ekspertiza təyin edilsin. Mən bilirəm bütün bunlar məni gözdən salmaq üçündür”.
Bundan sonra hakim bildirib ki, proses martın 10-da davam etdiriləcək.