Hüquq müdafiəçisi Avropa Məhkəməsinə üz tutacaq
Fevralın 24-də Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevin kassasiya şikayətinə baxılıb.
Bu barədə “Turan”-a məlumat verən vəkil Cavad Cavadov bildirib ki, aşağı instansiya məhkəmələri İntiqam Əliyevin Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə çəkişməsini pozaraq obyektiv məhkəmə istintaqını təmin etməyiblər.
Prosesdə vəkil məhkəməni bəraətedici əsaslar üzrə cinayət işinin icraatını dayandırmağa çağırıb.
Lakin prokuror Orxan Dəmirli İntiqam Əliyevin “günahını sübut etməyə” təkid edib.
Qısa müşavirədən sonra Ali Məhkəmə hüquq müdafiəçisinin şikayətini təmin olunmadığını bildirib.
Müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət vermək niyyətindədir.
C.Cavadov bildirib ki, Avropa Məhkəməsi İntiqam Əliyevin iki əvvəlki şikayəti üzrə kommunikasiyanı başa çatdırıb. Məsələ qəbuledilmə ərəfəsindədir.
İntiqam Əliyev 2014-cü il avqustun 8-də vergi ödəməmə, sui-istifadə, qanunsuz sahibkarlıq, mənimsəmə ittihamı ilə həbs olunub.
2015-ci il aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 7,5 il müddətinə azadlıqdan məhrum edib. İyulun 21-də Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.
Amnesty İnternational İntiqam Əliyevi “siyasi məhbus” kimi tanıyıb.