Hüquqşünası məhkəmə zalında şüşə kameraya salıblar
İyulun 6-da Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə Hüquqi Maarifləndirmə Cəmiyyətinin rəhbəri İntiqam Əliyevin şikayəti üzrə ilkin məhkəmə iclası keçirilib.
Məhkəmə zalında İ.Əliyev şüşə kamerada (“akvarium”) əyləşdirilib.
Vəkil Cavad Cavadov İ.Əliyevin öz yanında oturması barədə vəsatət qaldırıb.
Sonra o, məhkəmənin audio və videoyazısının aparılması, həmçinin tam məhkəmə istintaqı aparılmaqla apellyasiya şikayətinə baxılması barədə vəsatət qaldırıb.
C.Cavadov məhkəmədən xahiş edib ki, Varşava Universitetinin professorunun xəttin yoxlanması üzrə apardığı ekspertizanın rəyi işə daxil edilsin. Ekspertiza müəyyən edib ki, Hüquqi Maarifləndirmə Cəmiyyətinin hesabından pulların çıxarılması barədə banka təqdim olunan imzalar İ.Əliyevə məxsus deyil. Vəkil bu sənədin araşdırılmasını xahiş edib.
Hakim İ.Əliyevə söz verərkən hüquq müdafiəçisi pis eşitdiyini deyib və vəkili ilə yanaşı oturmaq istədiyini bildirib.
Lakin prokuror Seyhun Azadıliyev etiraz edərək bildirib ki, müttəhimlərin bu cür əyləşdirilməsi Ədliyyə Nazirliyinin qaydalarına əsasən müəyyən edilib. Hakim isə əlavə edib ki, müttəhimin yeri Avropa standartlarına uyğun təchiz edilib. O, vəsatəti təmin etməyib.
Həmçinin hakim bildirib ki, prosesin audio və videoyazısının aparılmasına gərək yoxdur, çünkü iclasların protokolları qeyd olunur.
Prokuror həbs qətimkan tədbirinin ev həbsilə dəyişdirilməsi barədə vəsatətin əleyhinə olub.
Növbəti dəfə vəkil C.Cavadov İ.Əliyevlə məsləhətləşmək istədiyini bildirəndə məhkəmə nəzarətçiləri buna imkan verməyiblər və onun əlini tutmaq istəyiblər. Bu, Cavadovun və Əliyevin etirazına səbəb olub.
Hətta hakimin mane olmamaq çağırışından sonra belə nəzarətçilərdən biri şüşə kameraya daxil olub ki, bu da müttəhimin vəkili ilə məxfi ünsiyyət hüququnun pozulması kimi qiymətləndirilib.
Sonra məhkəmə məşvərətə gedib. Hakim Abbasov bildirib ki, müdafiə tərəfinin bütün vəsatətləri rədd edilir, şikayətə baxılması isə iyulun 21-də təyin olunur.
İntiqam Əliyev 2014-cü ilin avqustunda həbs olunub. Aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu vergidən yayınma, vəzifə səlahiyyətindən sui-istifadə, mənimsəmə, vəzifə saxtakarlığı və qanunsuz sahibkarlıqda ittiham edərək, 7,5 il müddətinə azadlıqdan məhrum edib..
İ.Əliyev bütün ittihamları rədd edərək, onları siyasi motivli sayır.