Həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevə Avropa Vəkillər Kollegiyası ve Hüquq Cəmiyyətləri Şurasının (CCBE) Ali insan haqları mükafatı verilib.
Cümə axşamı Vyanada təşkilatın illik hesabat toplantısında mükafatı hüquqşünasın oğlu Nəcmin Kamil qəbul edib.
Nəcmin Kamil BBC Azərbaycancaya deyib ki, mükafat İntiqam Əliyevə insan haqları sahəsindəki fəaliyyətinə görə 2 ay bundan əvvəl Brüsseldə təqdim olunmalı imiş, amma Fransada baş verən hücumlardan sonra təqdimetmə gecikib.
“Mükafatı qəbul edərkən iştirakçılardan Azərbaycanda siyasi məhbuslara və çətin şəraitdə fəaliyyət göstərən vəkillərə dəstək istədim”, deyən Nəcmin Kamil İntiqam Əliyevin məktubunu da oxuduğunu əlavə edib.
O, həmçinin İntiqam Əliyevin məktubunu iştirakçılara təqdim edib. Məktubda yazılır:
“Dəyərli dostlar, Yüksək etimada, bu xoş hissləri mənə və yaxınlarıma yaşatdığınıza görə namizədliyimi irəli sürənlərə və dəstəkləyənlərə təşəkkürümü çatdırıram. 21-ci əsrdə hələ də elə ölkələr qalmaqdadır ki, orada insan haqqları ziyanlı, bu fəaliyyətlə məşğul olan insanlar təhlükəli sayılırlar;onları təqib edirlər, öldürürlər, həbsə atırlar. Təəssüf ki, mənim ölkəmdə də bu durum ağır olaraq qalır. Bu anlarda ölkəmdə əqidələrinə görə həbsə atılmış onlarla dostlarımı – jurnalistləri, gənc fəalları, siyasiləri, hüquq müdafiəçilərini qürü hissi ilə xatırlayıram. Bu mükafatda adımı hansısa mənada simvolik sayıram: bunu həm həbsdə olan dostlarıma, həm də çox ağır duruma baxmayaraq fəaliyyətini davam etdirən vətəndaş cəmiyyətinin fəaliyyətinə verilən qiymət və dəstək kimi qiymətləndirirəm. Mən bu xoş anlarda həmçinin peşə fəaliyyətlərini həyata keçirdiklərinə görə dünyanın müxtəlif güşələrində həbsə atılmış həmkarlarımı xatırlayıram. Bəzi ölkələrdə vəkillik riskli peşələrdən birinə çevrilib. Mənim ölkəmdə də həyatlarını, azadlıqlarını risk altına alaraq, son illərin ağır siyasi məhbus yükünü öz çiyinlərinə götürmüş vəkillər var, onlar əsl qəhrəmandırlar. Bu mükafatda onların da payı var. Həbs olunandan sonra dostlarımdan birindən dəstək məktubu almışdım. Məktub bir fikirlə biritdi: “Bizim sevgimiz onların nifrətindən güclü.” Az sonra onun özünü də həbs etdilər. Bu şəxs təkcə Azərbaycanda yox, onun hüdudlarından çoc-çox uzaqlarda söz azadlığının, igidliyin simvoluna çevrilmiş jurnalist Xədicə İsmayilovadır. Sərt senzuraya baxmayaraq, Xədicədən, həbsdə olan digər həbsdə olan digər dostlarımdan, həmçinin azadlıqda olan çoxsaylı dostlarımdan, tanıdığım və tanımadığım insanlardan sevgi dolu məktublar almaqdayam və onlara eyni məzmunlu cavablar yazmaqda davam edirəm: “Möhkəm olun dostlar. Bizim sevgimiz onların nifrətindən güclü! Çünki bizim söykəndiyimiz dəyərlər sülh, demokratiya və insan haqları, onların dəəyərləri isə hakimiyyət hərisliyi və zorakılıqdır. Bir daha əməyimə verilən bu yüksək dəyərə görə CCBE təşkilatına ən dərin minnətdarlığımı və ehtiramımı çatdırıram.”
İntiqam Əliyev daha öncə “People in Need” təşkilatının, Norveç Helsinki Komitəsinin və Beynəlxalq Vəkillər Kollegiyasının mükafatlarına da layiq görülüb.
İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunub və vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq və mənimsəmə maddələri ilə ittiham olunub.
Ötən ilin aprelində hüquq müdafiəçisi 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Beynəlxalq insan haqları təşkilatları onun həbsini siyasi motivli saysa da, Azərbaycan hökuməti bu iddiaları rədd edir.