İntiqam Əliyev: Vəsatətləri təmin edilənə qədər ifadə verməkdən imtina edir (yenilənib)

Hakim məhbusun vəkillərinin yanında əyləşməsi barədə göstəriş verib

Source:


18.32.

İntiqam Əliyevin işi üzrə prosesdə günün ikinci yarısında müdafiə tərəfi yeni vəsatətlərlə çıxış edib.

Vəkil Şəhla Hümbətovanın “Turan İA”-a verdiyi məlumata görə, xüsusən, Hüquq Maarifçiliyi Cəmiyyətinin mühasibi Gülşən Orucovanın bacısı Əfsanə Orucovanın Unibank ASC-dəki hesabına pul köçürülməsi haqqında ödəmə tapşırıqlarında İntiqam Əliyevin adından atılmış imzaların xətşünaslıq ekspertizasının aparılması haqqında vəsatət irəli sürülüb.

İstintaqın iddiasına görə, pul Ə.Orucovanın hesabına köçürülür, sonradan nağd olaraq İntiqam Əliyevə verilirdi.

Müdafiə tərəfin məlumatına görə, G.Orucovanın başqa QHT-lərdə də mühasib işlədiyini nəzərə alsaq, o, bu təşkilatların vəsaitlərini də bacısının hesabına köçürüb. Bu zaman istintaq yalnız G.Orucovanın ifadələri ilə kifayətlənərək, bankdan onun bacısının hesabına daxilolmalar haqqında məlumat istəməyib.

Müdafiə tərəfi həmçinin Ədliyyə Nazirliyindən qrant müqavilələrinin qeydiyyat reyestri kitabını istəmək barədə vəsatət qaldırıb. Ədliyyə Nazirliyi vəkillərə Əliyevin verdiyi qrantların qeydiyyatı haqqında məlumat verməyib.

Hakim məhkəmə istintaqının hazırki mərhələsində vəsatətləri baxılmamış saxlayıb. O bildirib ki, əlavə dəlillərə ehtiyac yaranarsa, bu vəsatətlərə növbəti istintaq zamanı qayıtmaq olar.

İntiqam Əliyev buna etiraz edib. O qeyd edib ki, vəsatətləri təmin etməməklə məhkəmə müdafiə tərəfi onun xeyrinə dəlil toplamaq imkanından məhrum edir.

O, bildirib ki, müdafiə tərəfin vəsatətləri təmin edilənə qədər ifadə verməkdən imtina edir.

Növbəti məhkəmə iclası fevralın 17-nə təyin edilib.


Hakim məhbusun vəkillərinin yanında əyləşməsi barədə göstəriş verib

Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan vəkil İntiqam Əliyevin barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.


APA

-nın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hakim İntiqam Əliyevin vəkillərinin yanında əyləşməsi barədə göstəriş verib. Bundan sonra İ. Əliyev vəkillərinin yanında oturub.

Daha sonra vəkillər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət veriblər. Məhkəmə vəsatəti təmin etməyib.

Vəkil Cavad Cavadlı İ. Əliyevin qapalı yerdə məhkəməyə gətirildiyini, hər dəfə vəziyyətinin pisləşdiyini, bununla bağlı məhkəmənin Penitensiar Xidmətə müraciət etməsini istəyib.

Hakim məhkəmənin bu müraciəti edəcəyini deyib.

İntiqam Əliyev bildirib ki, o, avtozakla məhkəməyə gətirilərkən xüsusilə təhlükəli və aqressiv cinayətkarlar üçün nəzərdə tutulmuş xüsusi bölməyə oturdulub. Bu, dar yerdir, işıq və hava yoxdur və bu şəkildə daşınma təqsirləndirilən şəxsin səhhətinə mənfi təsir göstərib.

İntiqam Əliyev zalda özünü pis hiss edib və ona dərman veriblər.

Vəkillər və Əliyev məhkəmədə bu iradlarının Penitensiar Xidmətə çatdırılmasını xahiş ediblər.

İntiqam Əliyevi həmçinin bildirib ki, məhkəməyə gətirilməzdən əvvəl onu diqqətlə yoxlayırlar, soyundururlar və bütün qeydləri əlindən alırlar.

Vəkilləri ilə görüşlərindən əvvəl də məhbusun qeydləri əlindən alınır. Hüquq müdafiəçisi bunu vəkilləri ilə ünsiyyətin məxfiliyinin pozulması kimi qiymətləndirib. Məhbusun qeydləri rəhbərliyə verilir və surəti çıxarılır.

İntiqam Əliyev qeydlərin əlindən alınmasını və avtozakda qəbri xatırladan kamerada daşınmasını qeyri-insani rəftar və Avropa İnsan Haqları Konvensiyasında zəmanət verilmiş hüquqlarının pozuntusu kimi qiymətləndirib.

Vəkil Fəxrəddin Mehdiyev qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqqında vəsatət qaldırıb.

İntiqam Əliyev özü bildirib ki, ölkədən qaçmaq niyyəti yox idi, əks təqdirdə cinayət işi başladığını bildiyi halda qayıtmazdı.

“Mən bu ölkədə qalacağam, həbsi mübarizəmin bir hissəsi kimi qiymətləndirirəm. Xədicə, Leyla, Anar, Rəsul, Tofiq, İlqar kimi insanlarla birlikdə həbsdə olmaq mənim üçün qürurdur”, – deyə Əliyev bildirib.

Digər tərəfdən, İntiqam Əliyev qeyd edib ki, onun həbsdə saxlanılması üçün əsas yoxdur, belə ki, istintaq yekunlaşıb və o, artıq istintaqa heç bir təzyiq göstərə bilməz.

İntiqam Əliyev hesab edir ki, məhz prokurorlar təzyiq göstərir.

“Nədənsə milyonları mənimsəməkdə ittiham edilən şəxsləri həbsdən azad edirlər, məni isə yox. Qərarın nə olacağını bilirəm, çünki siyasi məhbuslar ev dustaqlığına buraxılmır. Amma mən bu məsələni Azərbaycan məhkəmələrinin hansı vəziyyətdə olduğunu göstərmək üçün qaldırıram. Nə həbs, nə yalan ittiham mənim iradəmi sındırmayacaq, hansı qərarı istəyirsiniz qəbul edin”, deyə Əliyev bildirib.

Öz növbəsində, prokuror bildirib ki, təqsirləndirilən şəxslər məhkəməyə ləyaqətlərinə hörmət edilərək gətirilməlidirlər, qeydlərin alınması isə yolverilməzdir.

Öz növbəsində, hakim deyib ki, Penitensiar Xidmətin rəhbərliyinə müraciət göndəriləcək və sözügedən məsələlər aradan qaldırılacaq.

Vəkil Cavad Cavadov sənədlər arasından Əliyevin rəhbərlik etdiyi Hüquq Maarifçiliyi Cəmiyyətinin ofisində axtarış və müsadirə protokollarının çıxarılması haqqında vəsatət qaldırıb. Protokolda prosessual hərəkətlərin ardıcıllığı göstərilməyib, müsadirə edilmiş materialların siyahısı yoxdur.

İntiqam Əliyev özü bildirib ki, “bu, axtarış deyil, hücum idi”. Onun sözlərinə görə bütün sənədləri sadəcə olaraq torbalara doldurub aparıblar, təşkilatın möhürünü müsadirə ediblər.

“Möhürümüzü müsadirə ediblər. Bundan sonra istənilən sənədi saxtalaşdırmaq olar”, deyə Əliyev bildirib.

O qeyd edib ki, evindən hətta uşaqlarının və qohumlarının öz şəxsi həyatları ilə bağlı məlumatlar olan kompüterləri müsadirə edilib.

Vəkil Şəhla Hümbətova bildirib ki, sənədlərin bir hissəsi cinayət işinə tikilib. Amma işlə bağlı olmayan materiallar, o cümlədən Əliyevin səhhəti haqqında tibbi sənədlər də qaytarılmır. Bu sənədlər İntiqam Əliyevin müalicəsinin davam etdirilməsi üçün əhəmiyyətlidir.

Daha sonra İntiqam Əliyev özü qrantların qeydiyyatdan keçirilməməsi haqqında ittihamların əsassız olduğunu bildirib. Onun sözlərinə görə, sonuncu iki qrant qeydiyyatdan keçirilməyib və onlar üzrə heç bir iş görülməyib.

Öz növbəsində, prokuror bildirib ki, axtarış məhkəmə qərarı ilə aparılıb və bu zaman Əliyevin nümayəndəsi iştirak edib.

O, 13 qrant müqaviləsinin qeydiyyatdan keçirilmədiyini, bunun qanunsuz sahibkarlıq olduğunu iddia edib.

İntiqam Əliyev 8 avqust 2014-cü ildə qanunsuz sahibkarlıq, vergi ödənişindən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə həbs edilib. Sonradan o, mənimsəmə və vəzifə saxtakarlığında da ittiham edilib.

O, bütün ittihamları təkzib edir və siyasi motivli hesab edir. Amnesty İnternational beynəlxaq hüquq müdafiə təşkilatı onu “vicdan məhbusu” kimi tanıyıb.

Ana səhifəXəbərlərİntiqam Əliyev: Vəsatətləri təmin edilənə qədər ifadə verməkdən imtina edir (yenilənib)