“İntiqam Əliyev və Leyla Yunusun saxlanma şəraiti yaxşıdır”

Penitensiar Xidmət narazılığı təkzib edən bəyanat yaydı

Source:


Penitensiar Xidmət narazılığı təkzib edən bəyanat yaydı

“Ədliyyə Nazirliyinin Penitensiar xidməti Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxslər – İntiqam Əliyev və Leyla Yunusun saxlanma şəraiti barədə bəzi kütləvi informasiya vasitələrində yer almış həqiqətə uyğun olmayan məlumatlara cavab olaraq bildirir ki, hər iki şəxsin saxlanma şəraiti ilə bağlı narazılıqları əsassızdır”.

Bu fikirlər Pentensiar Xidmətin yaydığı bəyanatdandır. Bəyanatda daha sonra bildirilir ki, müasir standartlara uyğun inşa edilmiş və beynəlxalq müşahidəçilərin də daim yüksək qiymətləndirdikləri Bakı İstintaq Təcridxanasındakı kameralarda hava çatışmazlığı ilə bağlı problem mövcud deyil. Bütün kameralarda Cəza İcra Məcəlləsinin və Daxili İntizam Qaydalarının tələblərinə uyğun şəkildə təmiz hava axınının mövcudluğu təmin edilir. Bununla yanaşı, hər iki təqsirləndirilən şəxs gəzinti hüququndan istifadə edir.

“İntiqam Əliyev və Leyla Yunus digər təqsirləndirilən şəxslər kimi “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” AR Qanununda nəzərdə tutulan bütün hüquqlardan (telefon danışığı, tibbi yardım, vəkillərlə görüş, gəzinti, sovqat və banderol almaq hüququ) tam həcmdə istifadə etməkdədirlər” – deyə bəyanatda bildirilir.

Penitensiar Xidmət Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin mütəxəssisləri tərəfindən hər iki şəxsin tibbi müayinədən keçirilməsinin təmin olunduğunu bildirib: “12 avqust 2014-cü il tarixdə Bakı İstintaq Təcridxanasının rəhbərliyi tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələrinə İntiqam Əliyev və Leyla Yunusa baş çəkmələri üçün şərait yaradılıb. BQXK əməkdaşları tərəfindən həmin şəxslərin saxlanma şəraiti ilə bağlı müəssisə rəhbərliyinə heç bir irad bildirilməyib”.

Ana səhifəXəbərlər“İntiqam Əliyev və Leyla Yunusun saxlanma şəraiti yaxşıdır”