İntiqam Əliyev məhkəmə heyətinə etiraz etdi

“Mən nədə ittiham olunduğumu bilmirəm”

Source:


“Mən nədə ittiham olunduğumu bilmirəm”

Fevralın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi, “Hüquq Maarifçiliyi” Cəmiyyətinin rəhbəri İntiqam Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesə hakim Rasim Sadıxov sədrlik edib.

Meydan TV əməkdaşının verdiyi məlumata görə, proses başlayan kimi hakim zərərçəkmiş Gülşən Orucovanın ifadə verəcəyini elan edib. Lakin İntiqam Əliyev etiraz edərək, vəsatətlə çıxış edib. O, ittiham aktının ona aydın olmadığını, nədə günahlandırıldığını bilmədiyini deyib. Hakim vəsatəti təmin edib və təkrar  ittiham aktını oxumağa başlayıb. İntiqam Əliyev ittiham aktını oxuduğunu, ancaq nədə ittiham olunduğunu bilmədiyini deyib və izah istəyib.

Hakim onun sualını “siz nədənsə zərərçəkənin ifadə verməsini istəmirsiz” deməklə cavablandırıb.

Bundan sonra İntiqam Əliyev məhkəmə heyətinə etiraz edib: “İndiyədək heç bir normal vəsatətimiz qəbul olunmayıb. Buna görə də mən məhkəmənin ədalətli keçiriləcəyinə inanmıram”.

Bundan sonra məhkəmə heyəti fasiləyə çıxıb.

Ana səhifəXəbərlərİntiqam Əliyev məhkəmə heyətinə etiraz etdi