Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi, Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesə hakim Rasim Sadıxov sədrlik edib.
Prosesin əvvəlində İ. Əliyevin daha öncə verdiyi və təmin edilməyən vəsatəti yerinə yetirildi. Onun dəmir barmaqlıqlar arasından çıxaraq vəkillərinin yanında oturmasına izin verildi. Hakimin bu qərarı zaldakıların alqışı ilə qarşılandı.
Bundan əlavə, məhkəmədə daha çox adamın iştirak edə bilməsi üçün proses əvvəlkindən daha iri zala keçirilmişdi.
Proses başlayan kimi İntiqam Əliyevin özünü pis hiss etməsi səbəbindən hakim 10 dəqiqəlik fasilə elan etdi.
Fasilədən sonra İntiqam Əliyev hakimə müraciət edərək məhkəməyə gətirilmə prosesinin normal olmadığını bildirdi:
“Sizə ötən dəfə də dedim ki, məhkəməyə gətirilərkən maşında tabut boyda havasız yerdə otururam. Bu da səhhətimə pis təsir edir. Bu qeyri-insani haldır. Təkcə özümə görə demirəm, ümumiyyətlə, heç kəs bu cür şəraitdə aparılmamalıdır. Bu, insan ləyaqətinin alçaldılmasıdır”.
“Siyasi məhbuslarla birgə dustaq həyatı yaşamaq şərəfdir”
Daha sonra vəkillər hüquq müdafiəçisinin həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsinə dair vəsatət qaldırdılar. Vəsatəti müdafiə edərkən İntiqam Əliyev həbsdə saxlanması üçün heç bir səbəbin olmadığını bildirdi:
“Mən daha öncə də dedim ki, Praqada olanda həbs olunacağımı bilirdim. Qaçmaq fikrim olsaydı, heç ölkəyə qayıtmazdım. Mənim üçün Xədicə İsmayıl, Leyla Yunus, Rəşadət Axundov, Rəsul Cəfərov, İlqar Məmmədov, Tofiq Yaqublu və digər siyasi məhbuslarla birgə dustaq həyatı yaşamaq şərəfdir”.
“Nəyə görə mənim təcridxanada yazdığım vəsatətlər və ya hər hansı bir digər sənəd üzərimdən götürülüb yoxlanılmalıdır?”
Sonra İntiqam Əliyev üzünü hakimlərə tutaraq bildirdi ki, onsuz da indiyə kimi heç bir siyasi prosesdə ev dustaqlığına buraxılma ilə bağlı vəsatət təmin edilməyib. Ona görə İntiqam Əliyev hakimlərdən heç nə xahiş etməyəcəyini bildirdi:
“Vəsatətləri ona görə qaldırmıram ki, sizdən nəsə gözləyirəm. Belə bir illüziyam yoxdur. Məqsədim, sadəcə, bu sistemin işləmədiyini, həbslərin insanları qorxutmaq, sındırmaq məqsədi daşıdığını bir daha dünyaya çatdırmaqdır”.
Hakim İntiqam Əliyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin etmədi. Məhkəmə gətirilmə şəraiti ilə bağlı şikayəti isə nəzərə aldı, bildirdi ki, bununla bağlı Penitensiar Xidmətə müraciət olunacaq.
Daha sonra İntiqam Əliyev qeydlərinin əlindən alınmasına, surətlərinin rəisə çatdırılmasına, fasilə zamanı zalda oturanlarla ünsiyyətinə imkan verilməməsinə etiraz etdi:
“Bu gün də gələrkən nəzarətçi tərəfindən yoxlanıldım. Nəyə görə mənim təcridxanada yazdığım vəsatətlər və ya hər hansı bir digər sənəd üzərimdən götürülüb yoxlanılmalıdır? Səyalı adlı nəzarətçi bir neçə gün öncə mənə “şad” xəbər verdi ki, daha sənədləriniz götürlməyəcək. Məndə olan bütün sənədlər götürülüb rəisə veriləcək, rəis də onların surətini çıxarıb özündə saxlayacaq. Nəyə görə mənim şəxsi yazışmalarım və s. onlar tərəfindən yoxlanılmalıdır? Vəkillər gələndə yoxlanılırlar, sənədləri oxunur. Nəyə görə? Mənim ifadə azadlığımı heç kim əlimdən almayıb. Gültəkin Hacıyeva cərimələnib – buna münasibət bildirmək istəyirəm. “Azadlıq” radiosu bağlanıb – buna da münasibət bildirmək istəyirəm. Və yaxud bura gələrkən məndən müsahibə almaq istəyən olur. Nəyə görə buna icazə verilmir?”.
Vəsatətə münasibət bildirən prokuror belə halların olub-olmamasını məhkəmədən araşdırmağı xahiş etdi.
“Məhkəmə Penitensiar xidmətə müraciət etsin və bu hallar aradan qaldırılsın”- deyə məhkəmə qərarını elan etdi.
“Məhkəmə əgər bu vəsatətə etiraz etsə, onu rədd etsə, demək ki, onlar nədənsə narahatdırlar”
Proses zamanı vəkil Şəhla Hümbətova prosesin gedişatının audio və video yazıya alınması ilə bağlı vəsatət qaldırdı. Vəsatəti dəstəkləyən digər vəkillər də çıxışlarında bildirdilər ki, adətən siyasi həbslər zamanı protokollarda qeyd edilənlərin həqiqətə uyğun olmadığının şahidi olurlar: “Məhkəmədə baş verənləri təfərrüatı ilə yazmaq olmur. Xanım nə qədər sürətlə yazsa da, bunu çatdırmaq mümkün deyil”.
“Prokuror, məhkəmə əgər bu vəsatətə etiraz etsə, onu rədd etsə, demək ki, onlar nədənsə narahatdırlar” – deyə İ.Əliyev münasibətini bildirdi.
Məhkəmə bu vəsatəti də rədd edərək, protokolun obyektiv yazılmağına şərait yaradacağını bildirdi.
“Təşkilatın möhürünü götürməklə istənilən sənədi cırıb, digər saxta sənəd tərtib edib, möhürləmək olar”
Növbəti vəsatətlə vəkil Cavad Cavadov çıxış etdi: “Ötən prosesdə də qeyd etdik ki, təşkilatın bütün sənədləri ofisdən qeydə alınmayaraq aparılıb. Yoxlama aktı aidiyyatı olan qurum tərəfindən tərtib edilməyib. Sənədlərin nə əsli, nə də surəti indiyədək bizə təqdim edilməyib ki, biz müdafiəmizi qura bilək. Təşkilatın möhürü götürülüb, istənilən sənədi cırıb, digər saxta sənəd tərtib edib, möhürləmək olar. Bunun özü qanunsuzluqdur”.
Məhkəmə bu vəsatətin qismən təmin edilməsi haqda qərar verdi.
Növbəti vəsatət ödəniş tapşırıqlarında yer alan imzanın ekspertiza tərəfindən yoxlanılması ilə bağlı oldu. Bu vəsatət ötən prosesdə qaldırılsa da, məhkəmə onu rədd etmişdi.
“İbtidai istintaq zamanı ekspertiza təyin edilməyib”
“110 min manat Əfsanə Orucovanın hesabına köçürülüb. Orada olan ödəniş tapşırıqlarında imzaların İntiqam Əliyevə məxsus olduğu bidirilir. İbtidai istintaq zamanı ekspertiza təyin edilməyib. Vəsatət veririk ki, bu imzaların İntiqam Əliyevə məxsus olub-olmadığını yoxlamaq üçün ekspertiza təyin edilsin. Bundan əlavə, Əfsanə Orucovanın hesabında bank çıxarışlarından şəxsi hesabına köçürülən bütün məlumatlar təqdim edilsin. Onun hesabına digər təşkilatlardan da ödənişlər, çıxarışlar olub. Hesaba gələn pulların mənbələri və həyata keçirilən çıxarışlar haqda məlumat almaq istəyirik” – deyə Ş.Hümbətova çıxışında qeyd etdi.
“Köçürülən pulların bir manatını da görməmişəm”
İntiqam Əliyev vəsatətə münasibət bildirərək imzaların ona aid olmadığını dedi:
“Köçürülən pulların bir manatını da görməmişəm. Ən azı ödəniş tapşırıqlarının ekspertizaya göndərilməsi məqsədəuyğundur”.
Məhkəmə qaldırılan vəsatəti rədd edərək, hazırda buna zərurət olmadığını, proses zamanı lazım gələrsə, yenidən bu məsələlərə baxacağını bildirdi.
“İndiki məqamda ifadə verməkdən imtina edirəm”
Daha sonra prosesdə ittiham aktı elan olundu. Bundan sonra İntiqam Əliyev ittihamın mahiyyətinin ona aydın olmadığını, özünü heç nədə təqsirkar saymadığını bildirdi:
“Mənə qarşı mənimsəmə ittihamı irəli sürülüb. Bunun üçün pulu, ya mülki mənimsənilən şikayətçi olmalıdır. Hanı o şəxs? Qanunsuz sahibkarlıq, vergidən yayınma ittihamları da saxtadır”.
İntiqam Əliyev sənədlərin onlara qaytarılmaması, o cümlədən digər əksər vəsatətlər təmin olunmamasına görə özünü müdafiə hüququndan məhrum olunmuş sayır. Ona görə də, indiki məqamda ifadə verməkdən imtina etdiyini bildirdi.
Zərərçəkən Gülşən Orucova isə məhkəmədə dindirilərkən prosesin qapalı keçirilməsi ilə bağlı vəsatət qaldırdı. Bu vəsatət həm müdafiə tərəfinin, həm də dövlət ittihamçısının etirazına səbəb oldu. Hakim bu vəsatəti təmin etmədi.
Növbəti proses zərərçəkənlərin dindirilməsi ilə bağlayacaq. Məhkəmə prosesi fevralın 17-də davam edəcək.
İ.Əliyev 2014-cü ilin avqustunda həbs olunub. O, vergidən yayınma, vəzifə səlahiyyətindən sui-istifadə və qanunsuz sahibkarlıqda ittiham olunur.
“Amnesty International” İ.Əliyevi “vicdan məhbusu” kimi tanıyıb.