“Əgər o pulun 1 manatını mənimsəmişəmsə, ən axırıncı şəxs kimi cəza almağa hazıram”
Yanvarın 23-də hakim Rasim Sadıqovun sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində İntiqam Əliyevin məhkəmə prosesi keçirilib. Prosesdə müdafiə tərəfi bir neçə vəsatət qaldırıb. Lakin onlardan heç biri təmin olunmayıb.
“Qəfəs insan ləyaqətini alçaldır”
Vəsatətlərdən biri İntiqam Əliyevin zaldakı dəmir qəfəsdən çıxarılıb, vəkilləri yanında oturması barədə olub. İntiqam Əliyev çıxış edərək “Məni qəfəsdən çıxarın. Bura heyvanlar üçündür. Qəfəs insan ləyaqətini alçaldır. Azərbaycan hökuməti insanları qəsdən bu qəfəsə salaraq onları sındırmağa, ləyaqətini alçaltmağa çalışır” – deyib.
Digər bir vəsatət isə cinayət işinə son verilməsi ilə bağlı olub. Bu vəsatət də rədd edilib. Daha sonra onun ev dustaqlığına buraxılması, videoçəkilişin aparılması, məhkəməyə gələnlərin hər birinin iclasda iştirakının təmin edilməsi üçün prosesin daha böyük zalda keçirilməsi və digər məsələlərlə bağlı vəsatətlər də qaldırılıb. Hakim bu vəsatətləri də təmin etməyib.
İntiqam Əliyev çıxışının davamında məhkəməyə gətirilmə prosesinə də etirazını bildirib. O, məhkəməyə 9 nəfərlik avtomobildə 13 nəfərlə birgə gətirildiyini söyləyib: “Tabut kimi kiçik bir yerdə gətirilmişəm məhkəməyə. İnanın, yay olsaydı, o şəraitə ürək tab gətirməzdi. İndi də havasızlıqdan əziyyət çəkirdim”.
“Bütün bu həbslərin arxasında siyasi məqamlar durur”
İntiqam Əliyev çıxışında siyasi məhbuslara fərqli münasibətin olmasından danışıb:
“Bizim vəkillərlə görüşümüz zamanı az qala tamamilə soyundurulub yoxlanırıq. Son dəfə mənim məhkəmə üçün hazırladığım vəsatətlər də əlimdən alındı. Bütün bunlar bizi sındırmaq üçündür. Amma mənim, Xədicə, Leyla, Rəsul, Anar – bizim həbsimiz mübarizəmizin bir yoludur. Bu, həm də bizə imkan yaradır ki, içəridəki vəziyyəti öz gözümüzlə görək. Bütün bu həbslərin arxasında siyasi məqamlar durur”.
İntiqam Əliyev məhbusların gətirildiyi maşınların dövlət nömrə nişanını səsləndirməklə məsələyə diqqət çəkmək istəyib: “10 AO 369”, “10 AO 356”.
Daha sonra İntiqam Əliyev rəhbərlik etdiyi təşkilatın aldığı bütün qrantların Ədliyyə Nazirliyində qeydiyyatdan keçdiyini bildirib: “Ofisimizdə axtarış aparılan zaman bütün sənədlər qanunsuz formada, sənədləşdirilmə aparılmadan qara torbalara yığılıb aparılıb. Yaşadığım evdə də qanunsuz olaraq övladlarıma, hətta qardaşım uşaqlarına aid kompyüterlər də qanunsuz götürülüb. Bütün fəaliyyətimizlə bağlı sənədlər, məlumatlar və möhürümüz istintaq orqanındadır. Ədliyyə Nazirliyinə müraciət etdik ki, bizə qeydiyyatla bağlı sənədlərin sürətini versin, həmçinin istintaq orqanından da bəzi sənədlərin sürətini istədik, amma əsassız olaraq rədd cavabı verildi. Bu da onu göstərir ki, bütün orqanlar, Ədliyyə Nazirliyi bizim həbsimizdə maraqlıdır”.
119 minlik mənimsəmə iddiası
Daha sonra həm İntiqam Əliyev özü, həm də vəkilləri zərərçəkən Gülşən Orucovanın – Hüquq Maarifçiliyi Cəmiyyətində mühasib olub – bankla bağlı hesabatları barədə bankdan tam məlumat alınması, həmçinin onun mülkiyyəti barədə məlumatın əldə olunmasının vacibliyi məsələsini qaldırıblar. İttihama görə, 119 min manat vəsait Gülşən Orucovanın bacısının bank hesabına köçürülüb. İttiham olunur ki, həmin vəsaiti bacılar bankdan çıxarıb İntiqam Əliyevə veriblər. Qarşı tərəf bu iddianı rədd edir və bunu sübut edən hər hansı faktın olmadığını deyirlər. Vəkillər həmin pulların hesabdan çıxarılıb-çıxarılmaması ilə bağlı bank məlumatlarının tələb olunmasını vacib sayırlar. Həmçinin məhkəmədən Gülşən Orucovanın hesabına başqa təşkilatlardan da ödəmələrin olub-olmadığının aydınlaşdırılmasını istəyiblər.
İntiqam Əliyev həbsini ölkədə aparılan siyasi həbslərin tərkib hissəsi hesab edib. Bildirib ki, bu həbs mübarizəsinin bir hissəsidir:
“Biz azad insanlarıq. Azad insanlar üçün habsxana ilə həbsxanadan kənarda olmağın fərqi ola bilməz. Mübarizəmiz bu şəraitdə də davam edir. Mən həbsimdən əvvəl Praqada idim. Bakıya dönən kimi həbs ediləcəyimi bilirdim. Ordan gəlməyə də bilərdim. Lakin gördüyünüz kimi, gəldim. İnanın həbsdə olduğum aylar ərzində bircə dəfə də Praqadan döndüyümə görə heyifsilənməmişəm”.
İntiqam Əliyev daha sonra 119 min manat mənimsəməyə yol verdiyi haqda ittihama münasibət bildirib. Sənədlərdəki imzanın ona aid olub-olmadığını müəyyənləşdirmək üçün ekspertiza təyin olunması ilə bağlı vəsatət qaldırıb:
“İşdə 119 min manat mənimsəmədən söhbət gedir. Əgər o pulun 1 manatını mənimsəmişəmsə, ən axırıncı şəxs kimi cəza almağa hazıram. O vəsaitin köçürülməsi haqda sənədlərdə imzam o qədər aşkar saxtalaşdırılıb ki, istintaq onları ekspertizaya göndərməkdən belə çəkinib. Sənədlərdən birinin guya imzalandığı tarixdə mən, ümumiyyətlə, ölkədə olmamışam”.
Məhkəmə bu vəsatətləri də rədd edib.
Növbəti proses fevralın 3-nə təyin olunub.
İntiqam Əliyev vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq və mənimsəmə maddələri ilə ittiham olunur. O, ittihamları rədd edir, həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir.