İntiqam Əliyev: Çox yaxın vaxtda Azərbaycan da azadlıqda olacaq (VİDEO)

Hüquq müdafiəçisi İntiqam Əliyev bu gün Ali Məhkəmədə baş prokuror Zakir Qaralovun kassasiya protestinin


plenum iclasında azad edilib.

Dostları, yaxınları və jurnalistlər 2 saatdan artıq 6 saylı cəzaçəkmə müəssisəsinin qarşısında gözləsələr də İntiqam Əliyevin artıq evə buraxıldığı bildirilib. Hüquq müdafiəçisinin Azadlıqda ilk müsahibəsini sizə təqdim edirik.

“İkili hisslər keçirirəm əslində. Plenumun qərarı barədə danışmaq istəməzdim. Azadlıqda olmağıma təbii ki, sevinirəm. Çünki ilin-günün bu vaxtında istirahət eləmək çöldə çalışan, ağır şəraitdə çalışan dostlarıma bir ədalətsizlik sayırdım. Ona görə də azadlığa çıxmağım o anlamda mənim üçün xoş bir şeydi. Yenidən yükün bir hissəsini çiyinlərimə götürəcəm. O biri tərəfdən həm də məyusam, çünki dostlarımın böyük bir hissəsi hələ də həbsdədir. Məmnuniyyətlə öz azadlığımı onların azadlığı ilə dəyişərdim.

Bütövlükdə proseslər gedir. Əminəm ki, çox yaxın vaxtlarda dostlarım da çöldə olacaq. Azadlıqda olacaqlar. Çox yaxın vaxtlarda Azərbaycan da azadlıqda olacaq. Buna heç bir şübhəm yoxdur. Bu qədər repressiyalar, bu qədər basqılara baxmayaraq, Azərbaycan cəmiyyəti azadlıq, demokratiya uğrunda çalışmaqda davam edir. Bu bizə ümüd verir. Bu həm də bizə orada ümüd verirdi. Dostlarımız, əqidə yoldaşlarımız, vətəndaş cəmiyyəti, siyasi partiyalar, adi insanlardan, beynəlxalq təkilatlardan aldığımız dəstək onu göstərdi ki, bu toplumun azadlıq istəyi həddindən artıq böyükdür və onu həbslərlə, basqılarla, təzyiqlərlə boğmaq mümkün deyil.

Təşəkkür edirəm hər birinizə. 1 il 8 ay həbsdə yatdım bu qədər üzülmədim. Bu gün sizi çox gözlətdim bayırda. Minnətdaram”.

“Hüquq Maarifçiliyi Cəmiyyəti”nin rəhbəri İntiqam Əliyev 2015-ci ilin aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 7 il 6 ay azadlıqdan məhrum edilib. Hökmə görə, o, 3 il dövlət vəzifəsi tuta bilməz.

Ana səhifəVideoİntiqam Əliyev: Çox yaxın vaxtda Azərbaycan da azadlıqda olacaq (VİDEO)