İntiqam Əliyev: Azad seçki barədə danışıqlar nağıldır

İntiqam Əliyev

İntiqam Əliyev

''Yəqin Aqramuntdan, Volontedən, Qrexdən eşitdikləridir, səhv salıb''

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın daimi nümayəndəsi Çingiz Əsgərovun seçkilərlə bağlı müraciətlərin araşdırılmasına həsr olunan seminarda çıxışı iki gündür medianın diqqət mərkəzindədir.

Çingiz Əsgərov deyib ki, ötən illərdə keçirilən seçkilərin nəticəsinə əsasən ölkədə seçki idarəetmə peşəkarlığı yüksək səviyyədə qalıb, seçki mədəniyyəti artıb və seçki mühiti zənginləşib:

"Bununla da seçkilər zamanı verilən ərizə və şikayətlərin sayı xeyli azalıb. Uydurma və əsassız şikayətlər isə demək olar ki, verilmir. Şikayətlər əsasən texniki səhvlərə görə olur. Əminəm ki, aprel ayında keçiriləcək prezident seçkiləri yüksək səviyyədə və demokratik prinsiplərə uyğun qaydada baş tutacaq”.

O deyib ki, Avropa Məhkəməsi Azərbaycanın seçki sahəsindəki qanunvericiliyinin demokratiyaya xidmət etdiyini etiraf edir.

Ç.Əsgərovun sonuncu fikri xüsusilə maraq doğurub.

Meydan TV Ç.Əsgərovun çıxışı ilə bağlı yaranmış sualları hüquqşünas İntiqam Əliyevə ünvanlayıb.

- İntiqam müəllim, Çingiz Əsgərov iddia edir ki, Avropa Məhkəməsi Azərbaycanın seçki sahəsindəki qanunvericiliyinin demokratiyaya xidmət etdiyini etiraf edib. Bizim sorğuladığımız bir çox ekspert belə bir şey eşitmədiyini bildirib. Bəs siz necə düşünürsünüz?

- Avropa Məhkəməsi belə bir şey deyə bilməz. Azı, ona görə ki (onu kənara qoysaq ki, bu cür bəyanatlarla çıxış etmək AM-in mahiyyətinə, statusuna ziddir), bugünə qədər bu məhkəmə seçki pozuntuları ilə əlaqədar Azərbaycanla bağlı heç bir ölkəyə qarşı çıxarmadığı sayda qərar verib. Onların sayı hər seçkidən seçkiyə artır. Həmin qərarların icrasına nəzarət edən qurum – Avropa Şurası Nazirlər Komitəsi də hökumətin gördüyü işləri qənaətbəxş hesab etməyib, ona görə də, mövzu açıq qalır. Bu halda, Məhkəmə necə deyə bilər ki, durum yaxşılığa doğru dəyişib? Bu, lap Allahsızlıq olar ki. Yəqin Aqramuntdan, Volontedən, Qrexdən və s. eşitdikləridir, səhv salıb.

- Yeri gəlmişkən, iddialardan biri belədir: “Ötən illər ərzində keçirilən seçkilərin nəticəsinə əsasən demək olar ki, ölkədə seçki idarəetmə peşəkarlığı yüksək səviyyədə qalıb, seçki mədəniyyəti artıb və seçki mühiti zənginləşib, bununla da seçkilər zamanı verilən ərizə və şikayətlərin sayı xeyli azalıb”. Bu barədə nə deyə bilərsiniz?

- Ölkədə seçki mədəniyyətinin nə səviyyədə olmasını kütləvi toplantılar, bərabər şəraitdə rəqabət, televiziyalara çıxış, debatlar, seçki komissiyalarında və məhkəmələrdə şikayətlərin səmərəli araşdırılması, hakimiyyət qurumlarının seçki prosesinə müdaxilə etməməsi, qərəzsiz yerli və beynəlxalq müşahidələr və digər məsələlər müəyyən edir. Bunlar yoxdusa, mədəniyyət də yoxdur, ya da çox aşağı səviyyədədir. Seçki mühiti də seçkidən seçkiyə yeni-yeni qadağaların, hoqqaların hesabına zənginləşir. Heç kimlə müzakirə aparmadan, heç kimə izahat vermədən, ağlabatan heç bir izahı olmadan növbədənkənar seçkinin təyin olunması da onlardan biridir.

Şikayətlərin sayının azalması ilə bağlı: Hökumət bu cür şikayətlərin azalmasında və ümumiyyətlə, olmamasında maraqlıdır. Onların sayı artdıqca, başağrısı da artır: ədalətli seçki barədə nağılları yalanlanır. Amma bu cür şikayətlərinin azalması barədə deyilənlər həqiqətdən uzaqdır.

Xatırladım ki, 2005-ci ilin parlament seçkiləri ilə bağlı AM 11 şikayətə mahiyyət üzrə baxıb, azad seçki hüququnun pozuntusunu tanımışdı. Həmin seçkilərlə bağlı daha 7 şikayət üzrə hökumət özü pozuntunun tanıdığını formal bəyan etməklə şikayətləri baxılan işlərin siyahısından çıxarılmasına nail oldu (İsa Qəmbər, Mirmahmud Fəttayev, Fuad Mustafayev, Yaqub Məmmədov və s.). Bu, çox ciddi müzakirə predmeti oldu. Buna görə ciddi tənqidlərə tuş gələn Strasburq Məhkəməsi hökumətin eyni taktikadan istifadə edərək, 2010-cu ilin seçki şikayətlərinin əksəriyyətini barışıq sazişi təklifi, pozuntunun birtərəfli tanınması yolu ilə baxılan işlərin siyahısından çıxarma tələbinə “yox” dedi. 2010-cu ilin seçki şikayətlərindən heç biri hökumətin tələbi ilə siyahıdan çıxarılmadı. 50-dən çox şikayət üzrə qərar verilib. Bu, çox böyük rəqəmdir. Əslində, bunu siyasi dilə çevirsək, o deməkdir ki, ölkədə seçkilər azad deyil.

Hökumət seçki ilə bağlı Strasburqa şikayət getməməsi üçün son illərdə nə mümkündüsə, onu da edib. Xüsusilə, 2014-cü ildə bu işə ciddi girişdi. İnsan hüquqlarının müdafiəsi, o cümlədən seçki ilə məşğul olan təşkilatları qapatmaqla, bəzilərinin liderləri barədə cinayət işi qaldırmaqla, onların üzərinə ağır vergi yükü qoymaqla, bir qismini həbsə atmaqla çox aydın şəkildə hər kəsə mesaj verdi ki, mən bu fəaliyyəti cinayət sayıram, bu işdən uzaq olun.

Amma 2015-ci ilin parlament seçkiləri ilə bağlı da Strasburqa təxminən 100-ə yaxın şikayət göndərildi. Bütün bu real təhdidlərə, risklərə baxmayaraq, ölkədə cinayətkarların sayı azalmır ki, azalmır.

- Nümayəndə müsahibəsində AM-ə göndərilən şikayətlərin əsasən “texniki səhvlərlə” bağlı olduğunu, son vaxtlar “uydurma və əsassız şikayətlərin” göndərilmədiyini qeyd edib...

- “Uydurma və əsassız şikayətlər” deyəndə onun nələri nəzərdə tutduğunu bilmirəm, amma bu deyilənlər də birmənalı uydurma və əsassızdır.
Şikayətlərin əsasən texniki səbəblərlə bağlı olması iddiası da eynilə. Çünki demək olar ki, bütün şikayətlərdə həm qeydiyyat zamanı, həm də seçkilərin gedişində çox kobud qanun pozuntularından danışılır. Əksər şikayətlərdə seçicilərə, seçki komissiyalarının üzvlərinə basqılardan tutmuş dövlət resurslarının hakimiyyət namizədlərinin xeyrinə səfərbər olunmasına qədər, karuseldən tutmuş seçki komissiyaları, yerli icra hakimiyyəti və polis də daxil, hakimiyyət orqanlarının seçki prosesinə kobud müdaxiləsinə qədər, aşağı komissiya və məhkəmələrdən tutmuş MSK və Ali Məhkəməyə qədər bütün komissiya və məhkəmələrdə səmərəli araşdırmanın yoxluğundan şikayət olunur. Əgər bu pozuntuları texniki səhv sayırlarsa, bu, bir daha onu göstərir ki, azad seçki barədə danışıqlar nağıldır.

-AM-in seçki şikayətləri üzrə qərarlarının icrası durumu nə yerdədir?

- Avropa Məhkəməsinin qərarlarının icrası öhdəliyi hökumətin üzərinə həm fərdi, həm də ümumi xarakterli öhdəlikləri yerinə yetirmək vəzifəsi qoyur. Hökumətin seçki işlərində fərdi xarakterli tədbirləri yalnız pozuntu qurbanlarına kompensasiyaların ödənilməsi ilə kifayətlənir. Başqa etdiyi bir şey yox. Halbuki, bu işlərdə çoxsaylı qanun pozuntularından, hətta cinayət faktlarından söhbət gedir. Hələ bir nəfər də olsun bu qərarların əsasında cinayət və inzibati məsuliyyətə cəlb edilməyib. Əksinə, saxtakarlıqlara yol verən insanlar vəzifələrdə irəli çəkilir, dövlət mükafatlarına layiq görülürlərlər. Yeri gəlmişkən, əvvəllər hökumət kompensasiyanı vaxtlı-vaxtında ödəyirdi. Amma son vaxtlar hökumət buna da əlini qoyub. AM-in təyin etdiyi kompensasiya onun qərarı çıxdığı günün üç ayın tamamında ödənilməlidir. Elə qərarlar var ki, qəbulundan iki ilə yaxın vaxt keçib, hələ də qurbanlar kompensasiyalarını tam həcmdə ala bilməyiblər.
Ümumi xarakterli tədbirlərlə bağlı öhdəliyin icrası sahəsində vəziyyət daha acınacaqlıdır. Bu öhdəlik hökumətdən Avropa Məhkəməsinin qərarlarında göstərilən pozuntuların gələcəkdə baş verməməsinin qarşısını almaq üçün qanunvericiliyin və onun tətbiqi praktikasının təkmilləşdirilməsi istiqamətində real addımlar atmasını tələb edir. Hökumət real addımlar atıb, amma tamam əks istiqamətdə: qanunvericilik daha da sərtləşdirilib, seçki hüquqlarının, o cümlədən onun azad və ədalətli olmasını təmin edən digər hüquqların dairəsi daha da daraldılıb. Çox adam (təşkilat) çox şey deyə bilər, çox şeyə ümid edə bilər (islahat nağlı-filan), amma kor olmasan, görünən odur ki, Azərbaycan hakimiyyətinin ölkədə azad və ədalətli seçki keçirmək niyyəti yoxdur.

AŞ NK-nın tövsiyələri arasında seçki komissiyalarının və məhkəmələrin müstəqilliyinin gücləndirilməsi, seçki şikayətlərinə baxılması prosedurlarının təkmilləşdirilməsi, media və toplantı azadlığının təmin olunması, ayrı-seçkiliyin aradan qaldırılması, bütün partiyalar və namizədlər üçün bərabər imkanlar yaradılması və s. görülməsi arzulanan işlər var. Hökumət bunları etməkdə maraqlı deyil. Ona görə də, AM-in qərarlarını ultimativ şəkildə icra etmir: nə AŞ NK, nə Venesiya Komissiyası, nə Avropa Şurası və ATƏT, nə də yerli vətəndaş cəmiyyəti ilə bu sahədə əməkdaşlıq etmək istəmir. Səbəbi də çox sadədir: o, yaxşı anlayır ki, bunları etsə, oturduğu budağı baltalamış olacaq. Azad və ədalətli seçki hakimiyyəti çox asan yolla itirmək deməkdir.

- Apreldə prezident seçkiləri olacaq. Amma parlament seçkilərindən fərqli olaraq AM-in bu seçkilərdəki pozuntularla bağlı Azərbaycana qarşı hələ ki, heç bir qərarı olmayıb.

- Bu, yaralı yerimizdir. Təəssüf ki, Konvensiyadan irəli gələn praktikaya görə, bu qurum yalnız parlament seçkiləri ilə bağlı şikayətlərə baxır. Bələdiyyə və prezident seçkilərində baş verənlər bu qurumun araşdırma predmeti deyil. Həmin seçkilərlə bağlı şikayətlərin Strasburqa getməməsi və uyğun olaraq AM-in qərarlarının olmaması da bununla bağlıdır.

- Onda belə çıxır ki, prezident seçkiləri ilə bağlı obyektiv qiymətləndirmədə yeganə ümid monitorinq missiyalarının hesabatlarına qalır. Amma bu məsələdə də fikirlər haçalanıb. Vətəndaş cəmiyyəti təmsilçilərinin bir hissəsi qərəzsiz missiyaların seçkini müşahidə etməsi üçün gəlmələrinin tərəfdarıdır, o biri hissəsi buna qarşı çıxır.

- Bu başdan bildirim ki, mən ikincilərdənəm. Hərçənd, əks fikirdə olan dostlarımızın, - pultu hökumətin əlində olanları nəzərdə tutmuram, - söylədiklərini də ciddiyə almamaq çətindir. Təbii ki, bu cür hesabatların əhəmiyyəti yox deyil. Onlar olsa, yaxşı olardı. Seçki ilə bağlı duruma qiymət verəndə bu hesabatlara mötəbər mənbə kimi istinad olunur. AM-ə şikayətlər hazırlanarkən də, həmin məhkəmə onlarla bağlı öz qərarlarında da bu hesabatlara sübut kimi istinad edir. Həm 2005, həm də 2010-la bağlı qərarlarda ATƏT-in Demokratiya və İnsan Hüquqları Bürosunun və Avropa Şurasının hesabatlarına istinad edib. Bu hesabatlar həm də ölkədə seçkinin tarixi baxımdan - özü də, təkcə o baxımdan yox, - önəmlidir.

Amma budəfəki seçkilərin keçirildiyi şəraiti kənara atmamaq da gərək. 2008 və 2013-cü il seçkiləri də ağır şəraitdə keçirilirdi. Amma seçki adına utanc gətirən bu qədər ağır şərait indiyə qədər heç vaxt olmayıb. Hətta 2008 və 2013-cü illərdə belə.

İndiyə qədər nisbətən obyektiv rəyləri ilə seçilən ATƏT, əsasən də, onun Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu bu dar macalda ölkəyə o qədər müşahidəçi gətirmək iqtidarında deyil ki (heç macal dar olmayanda da elə imkanları yox idi), bütün məntəqələrdə müşahidə apara bilsin. Müşahidə isə o zaman obyektiv ola bilər ki, hər məntəqədə səhər qapı açılandan, bülletenlərin sayılması da daxil, bütün prosesə nəzarət olunsun. Bunu etmək faktiki imkan xaricində olduğu halda, məntəqələrə 5-10 dəqiqəlik başçəkmə yolu ilə seçkini saxatalaşdırma sahəsində püxtələşmiş bir sistemin hiylələrindən çətin baş açmaq olar. Karuseli normal gözlə necə görmək olar ki? Bunun üçün onu və digər saxtakarlıq oyunlarını, hoqqalarını sənə göstərən media, anladan vətəndaş cəmiyyəti , saxtakarların yeri gələndə əllərindən tutan yerli müşahidəçilər olmalıdır. Bunların heç biri yoxdur ölkədə.

Digər tərəfdən, öncəki seçkilərə qatılan az-çox müstəqil və qərəzsiz monitorinq missiyaları seçkinin bütün prosesini monitorinq edib uyğun olaraq aralıq və yekun hesabatlarla çıxış edirdilər. Sual yaranır: Həmin missiyalar bu dəfə gəlib yalnız seçki günü müşahidə apara biləcəklərsə, seçkiyə verilən belə yarımçıq qiymət nə qədər obyektiv olacaq? Heç cür obyektiv ola bilməz.

Əgər hətta seçki günü heç bir qanun pozuntusuna yol verilməsə və beynəlxalq standartlara uyğun seçki keçirilsə belə, bütövlükdə, o azad və ədalətli sayıla bilməz. Çünki seçki yalnız seçki günü baş verənlərdən ibarət deyil, o qat-qat geniş anlayışdır. Bu barədə öncəki seçkilərlə bağlı az-çox obyektiv mövqe tutan monitorinq missiyaları öz hesabatlarında aydın və qəti şəkildə yazıblar. İndi bunu yaza bilməyəcəklər. Hökumət də elə bunu istəyir. Ona görə, onları təkidlə seçkiyə çağırır. Məncə, heç olmasa bu oyuna getməmək gərək. Onsuz da oyunun içindəyik.

Yeri gəlmişkən, “seçkidən sonra islahatlar olacaq” da köhnə nağıldır. Amma bu nağıla inananlar da az deyil. Özü də baxırsan, ağıllı-ağıllı adamlardı. Heç bir islahat-filan olası deyil. Uzaqbaşı, “Asan”a oxşar hansısa dekorasiya dəyişikliklərindən söhbət gedə bilər. Bu seçkidən sonra o biri, ondan sonra yenə o biri gəlir. Ölünü başına buraxsan, kəfəni yırtar…

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/49k98y

Ən çox baxılan