Ariz Əliyev mənim şəxsiyyətimi, qadın ləyaqətimi alçaltdı
“Deyirlər, intihar edən kəlmeyi-şəhadət gətirməməlidir, günahdır. Bəlkə də ondandır, alınmadı, ölmədim”, – 10 gün öncə intihara cəhd edən Qax sakini 39 yaşlı Xalidə Abdullah belə deyir.
O, Meydan TV-yə açıqlamasında intiharının səbəbinin məmur özbaşınalığı olduğunu söyləyib. Deyir, Qax Rayon Prokurorluğu və Qax Rayon Polis Şöbəsi ona qarşı ədalətsizlik edib, şikayətini araşdırmayıblar:
“Bu, bir yana, hədələdilər, təhqir etdilər, söydülər”.
Bu qədər ədalətsizliyə yox, yaşıma baxdılar
Xalidə Abdullah iyulun 24-də yaşadığı Qax rayonunda intihara cəhd edib. Özünü evlərinin arxasındakı meşədə asıb. Ancaq ətrafdan keçənlər vaxtında görüb, həyatını xilas ediblər. O, intiharına səbəbin ədalətsizlik olduğunu söyləyir:
“Ancaq həkimlər vəsiqəmə, yaşıma baxıb rəy verdilər. Mənə ailə qurmağı məsləhət bildilər. Bu qədər ədalətsizliyə yox, yaşıma baxdılar”.
Həkimlər vərəq imzaladıb getdilər
Xalidə Abdullah həmin gün xəstəxanaya getməyi rədd edib. Rayondakı heç bir dövlət müəssisəsinə güvənmədiyini bildirib:
“Huşsuz vəziyyətdə istəmədiyimi söylədim. Vərəq imzalatdılar. Sonra da arxayın-arxayın “oldu, istəmirsənsə, biz gedək” – deyib, uzaqlaşdılar”.
Xalidəni intihara aparan nə olub?
Xalidə Abdullah 2017-ci ilin onun üçün çətin başladığını deyir. Anasının xəstəliyinə görə işindən ayrılıb ona baxmalı olub. Sonra isə dolanışıqlarını yaxşılaşdırmaq üçün Rusiyanın Xarkov şəhərinə getməyi qərara alıb:
“Azər Əfəndiyev adlı həmyerlim var. Mikro-avtobus sürür. Onunla həmişə rayondan Bakıya gedib-gəlirdik. İllərdir tanıyırıq. Bir gün mənə Xarkova gedəcəyini, istəsəm məni də apara biləcəyini dedi. Orada ərzağın ucuz, istədiyim qədər alıb gətirməyin mümkün olduğunu söylədi. Mən də gedib bal, yağ, xama, moyonez, kolbasa, sosiska və s. başqa ərzaq məhsulları alıb gətirməyin yaxşı fikir olduğunu düşündüm. Azər mənə “həm özünüz istifadə edərsiniz, həm də satarsan, vəziyyətiniz yaxşılaşar” – deyib, şirnikləndirdi. Razılaşdım. Yanvarın 29-u Xarkova yola düşdük”.
Sən saydığını say…
Xalidə Abdullah deyir ki, yolda Azər Əfəndiyev ondan borc istəyib. Ona hardasa 400 manat və 200 dollar verib:
“Sərhədi keçdik. Minvoda çatanda dönüb bir dostundan da pul götürəcəyini dedi. Mən isə Xarkova vaxtında çatıb, alış-veriş edib, dönməyi planlaşdırırdım. Deyir e “sən saydığını say, gör fələk nə sayır”. İşim ona döndü”.
Məni necə döydüsə, başım deşildi
“Minvoda çatandan sonra Azər sənədlərini, pulunu, qulağımdakı brilliant sırğamı alıb, “Azərbaycanı unut”, – dedi. Təsəvvür edin, rus dilini bilmirəm, düşmüşəm başqa bir dövlətə. Üstəlik, pulum da yoxdur. Kiməsə şikayət edə bilmədim” – deyir, Xalidə Abdullah.
Daha sonra Azər Əfəndiyevin sənədlərini alıb onu kirayələdiyi evə qeydiyyata saldığını bildirir:
“Beləcə 2 aya qədər Minvodda qaldım. Hər dəfə nə zaman dönəcəyimizi soruşduqda, pullarımı geri istədikdə məni döyür, söyür, təhqir edirdi. Martın 17-də isə əsəbi gəlmişdi. Məni necə döydüsə, başım deşildi”.
Səni satmaq niyyətindədir, qaç, canını qurtar
Xalidə Abdullah deyir ki, heç düşmən də əsir götürdüyü insana belə əziyyət verməz:
“Daşkəsən ermənisi olan bir tanışı var idi. Evə gəlib-gedirdi. Azərbaycanca bilirdi. Məni o vəziyyətdə görüb acıdı. “Azər Bakıda Nərminə İsmayılova adlı bir həkimə 20 min 200 manat borcludur, verə bilmir. Həmin qadın polisə şikayət edib. Həmin pulu çıxarmaqdan ötrü gəlib bura. Səni satmaq niyyətindədir, qaç, canını qurtar”, – dedi. Bunu eşidib bir gün Azər evdə olmayanda rus dilini bilməməyimə, üstümdə bir qəpiyimin olmamasına baxmayaraq evdən qaçdım”.
Döyülməkdən kürəyimin sağ tərəfi və başımda şiddətli ağrılar olurdu
Xalidə Abdullah bundan sonra bir müddət dağıstanlıların yanında işləyib. Evə dönmək üçün pul yığmağa başlayıb. Ancaq aldığı xəsarətlər, səhhətindəki problemlər buna imkan verməyib:
“Döyülməkdən ayaqların, kürəyimin sağ tərəfi və başımda şiddətli ağrılar olurdu. Buna rəğmən işləyirdim. Ancaq dönə bilmədim. Pis xəstələndim. Günlərlə xəstəxanada yatmışam. Sonra dağıstanlı, dindar bir ailə məni evinə apardı. Müalicə etdirdilər. Özümə gələndən sonra Bakıda bir dostumun vasitəsilə Azərbaycana gedən avtobusların biri məni pulsuz, daha doğrusu, nisyə vətənə gətirdi. Yanvarın 29-da çıxdığım ölkəyə bir də aprelin 18-də dönə bildim”.
Prokuror Ariz Əliyev məni hədələdi
Xalidə Abdullah dönər-dönməz başına gələnləri Qax Rayon Polis İdarəsinə və prokurorluğuna anladıb. Eyni zamanda, yaşadıqlarını baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova da yazıb:
“Qax Rayon Prokurorluğundan zəng edib məni çağırdılar. Bakıya məktub yazdığıma görə əvvəlcə danladılar. Sonra da “otur, işinin burada araşdırıldığını və tədbir görüldüyünü yaz”, – dedilər. Mən buna etiraz edəndə prokuror Ariz Əliyev məni hədələdi. Azər Əfəndiyevin arxasında olduğunu, ona heç nə edə bilməyəcəyimi söylədi”.
Mehriban Əliyevaya intiharın bir addımlığında olduğumu yazdım
Xalidə Abdullah deyir ki, Azər Əfəndiyevin atası Qax Rayon Təhsil Şöbəsində rus dili üzrə inspektordur. Azər Əfəndiyev isə təkcə ondan yox, çoxundan borc alıb, qaytarmayıb:
“Başıma gələnlər təsadüf deyil. Hamısını planlaşdırıb. Bütün bunları yaşamağım azmış kimi şikayət etdim, hədələndim. Məcbur olub Birinci vitse-prezident Mehriban Əliyevaya həyatımın təhlükədə, intiharın eşiyində olduğumu yazdım”.
Prokuror şəxsiyyətimi, qadın ləyaqətimi alçaltdı
Məktubundan sonra Xalidə Abdullah yenidən Qax rayon Prokurorluğuna dəvət edilib:
“Əhmədov soyadlı müstəntiq “get, sənə 5 dəqiqə vaxt verirəm. Məktub yazdığın yerlərin hamısına işimlə bağlı Qax rayon Prokurorluğunda araşdırma aparıldı, problem həll edildi. İşin gedişatından razıyam yaz”, – dedi. Razılaşmadım. Bu zaman prokuror Ariz Əliyev mənim şəxsiyyətimi, qadın ləyaqətimi alçaltdı. “Hara istəyirsən şikayət et, sənin belə bir hüququn yoxdur. Heç kim sənin şikayətinə baxmayacaq. Araşdırma üçün rayon prokurorluğu ilə birgə iş aparılmalıdır. Mən buna imkan verməyəcəyəm”, – dedi”.
Ya yenidən intihar edib, ya da başımı götürüb gedəcəyəm…
Xalidə Abdullah deyir ki, bundan sonra əli hər şeydən üzülüb. Təhqirlər, başına gələnlər və bunun qarşılığında işinin araşdırılmaması ona ağır gəlib:
“Dolanışığımı yaxşılaşdırmaq istədim, əlimdə olan pulumu, qulağımdakı sırğamı, sağlamlığımı itirdim. Mən özümü assam da, kəssəm də, nə Azər Əfəndiyevin, nə də polisin, prokurorun vecinədir. Ədalətli cəmiyyətdə yaşamağı mən də istəyərdim. Günahkarların cəzalandırılmasını, zərərimin ödənməsini, sağlamlığımın geri verilməsini istəyərdim. Bütün bunların heç vaxt gerçəkləşməyəcəyini anladım. Odur ki, intihara qərar verdim. Bizim ölkədəki ədalət ipdən asılıdır. Son ümidim prezidentədir. Ümid edirəm, bu dediklərimi eşidər və günahkarları cəzalandırar. Əks halda, bu ölkədə yaşamaq istəmirəm. Ya yenidən intihar edib, ya da başımı götürüb gedəcəyəm…”
Xalidə Abdullahın müraciətilə bağlı qanuni qərar qəbul olunub
Meydan TV Azər Əfəndiyevlə əlaqə saxlaya bilməyib. Ancaq Qax rayonunun prokuroru Ariz Əliyev bildirib ki, Xalidə Abdullahın müraciəti araşdırılıb. Həmin müraciətlə bağlı qanuni qərar qəbul olunub:
“Xanım bu araşdırmadan narazı qalıb, özü bilər. Ancaq onun durumu ilə bağlı cinayət işi açılıb, 125-ci maddə ilə istintaq aparılır”.
Qax Rayon Polis Şöbəsindən isə intihar olayı ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib, məlumat almağımızı söylədilər:
“Biz məlumat verə bilmərik. Lazım olan məlumatı nazirlikdən alın”.
Gün ərzində Daxili İşlər Nazirliyi və Baş Prokurorluqdan bilgi almaq mümkün olmayıb.