“Biz ümumi aqressiya fenomeni ilə rastlaşırıq və bu, çox təhlükəli və narahat edən amildir”
“Universitet tələbəsi əmisi oğlunun başını kəsdi”, “Sürücüsünün başını kəsdi”, “Oğul anasını bıçaqladı”, “Gəlin qaynanasını güllələdi” və s. kimi xəbərlərlə tez-tez rastlaşırıq. Bundan başqa, intiharların da sayı artıb. Xüsusən də gənclər arasında.
İnsanların psixologiyasının bu hala düşməsinin səbəbi nədir?
Psixoloq Azad İsazadə yaranmış vəziyyəti cəmiyyətdə aqressiyanın çoxalması kimi qiymətləndirir: “Sosial problemlər çox olanda əsəblər gərilir. Yığılmış gərginlik, əsəb də hardansa çıxmalıdır axı. Nəticədə xoşəgəlməz hadisələr baş verir. Düzdür, burada ikinci amil də rol oynayır: tərbiyə, mədəniyyət, nəyi etmək olar, nəyi yox və s. Ancaq problemin kökü aqressiyanın çoxalmasındadır”.
“Əsəb gərginliyi keçirən insan da ya özünə, ya da ətrafındakılara zərər yetirir”
Psixoloqlar yaranmış vəziyyəti günü-gündən artan işsizlik, pulsuzluq problemi ilə də bağlayırlar. İşsizlik, gündəlik yaşamını təmin edə bilməmək insanlarda stress yaradır.
“Evə əliboş getmək, övladının görüb, istədiklərini ala bilməmək çətindir. Valideyn olmayanlar bəlkə də bilməz. Amma bu insanlarda çox böyük stressə, əsəb gərginliyinə səbəb olur. Maddi sıxıntılar da toplanıb ailədə gərginlik, dava-dalaş yaradır. Nəticədə həm ailə başçısı, həm də o ailədə böyüyən uşaq əsəbi olur. Ciddi əsəb gərginliyi keçirən insan da ya özünə, ya da ətrafındakılara zərər yetirir”, – deyir, psixoloq Aysel İsgəndərli.
Neft pullarının çox olduğu vaxtlar rəsmilər, dövlət qurumları yeni-yeni iş yerlərinin açıldığı, işsizliyin minimum həddə endiyi ilə bağlı açıqlamalar verirdilər. Ölkənin neftdən asılı olmadığını deyirdilər. Məsələn, oktyabrda prezident 9 ayın nəticələrinə həsr olunan hökümət iclasında dedi ki, 9 ayda 87 min yeni iş yeri yaradılıb.
Bəs, camaat niyə işsizlikdən şikayətlənir?
İqtisadçı ekspert Qadir İbrahimli Azadlıq Radiosuna açıqlamasında deyib ki, yeni iş yerləri adətən infrastruktur layihələrində, məsələn, yol, körpü tikintisində yaradılır, yəni, körpü tikintisi başa çatan kimi həmin adam iş yerini itirir. Yəni, bu iş yerlərinin bir çoxu daimi deyil.
Aysel İsgəndərliyə görə elə işsizlik, pulsuzluq da sonda ya intihara, ya da ətrafına zərər verməyə gətirib çıxarır: “İnsanların rifahı yaxşı olarsa, belə halların da sayı azalar. Məsələn, hava limanına gedən yolun üstündəki körpüyə çıxıb intihar etmək istəyənlərdən hansı bunu xoşbəxtlikdən etmişdi? Hər birinin gətirdiyi səbəblər pulsuzluq, ailə qayğıları, yaşayışı təmin edə bilməmək idi. Və yaxud, mediada demək olar ki hər gün bıçaqlama, yaralama, öldürmə xəbərləri oxuyuruq. Bunların da əksəriyyətinin səbəbi pul, borc üstündədir. Hətta oğurluq halları da artıb. Səbəb bəllidir, işsizlik, ağır həyat, ailəsini dolandıra bilməmək”.
Sentyabrda İsmayıllıda 12 yaşlı məktəbli çantası və məktəbli köynəyi olmadığından intihar etdi. İcra nümayəndəsi günahı internetdə gördü.
Ötən il Lənkəranda 34 yaşlı 2 uşaq atası Qadir Həsənov özünü asıb. Ailəsi onun işləmədiyini və maddi sıxıntıları olduğunu demişdi.
Bu hal nə qədər davam edəcək?
Neftin qiyməti enəndən bəri bir çox iri şirkətlərdə ixtisarlar başladı. Nazirliklər, bank sektoru, BP-Azərbaycan, Dövlət Neft Şirkəti, Milli Bank heyəti azaldır. Bugünlərdə yayılan məlumatlara görə, “Gilan Holdinq”də də ixtisarlar gedir. Deməli, işsizlərin sayı daha da artacaq. Noyabrın yekununa görə, Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 6 milyard 245,6 milyon dollar olub. Bu səviyyə 2010-cu ilin sonlarında qeydə alınmışdı.
İqtisadçı ekspert Elxan Mikayılov deyir ki, yaxın aylarda büdcə xərclərinin azaldılması ilə dövlət investisiyalarından asılı olan tikinti sektorunun çökməsi də gözləniləndir: “Nəticədə ÜDM -in artım tempinin aşağı düşməsi və bu sektorda işsizlərin kəskin artımı baş verəcək. İşsizlik 15 faizə, yoxsulluq 20 faizə qalxa bilər”.
Deməli, işsizliyin, sosial gərginliyin yaxın zamanda aradan qalxması mümkün olmayacaq. Psixoloq Azad İsazadə belə halların zaman-zaman bütün dünyada baş verdiyini deyir:
“Dünyada gedən əksər proseslər insanlarda aqressiya yaradır. Bu da istər siyası, istərsə də sosial partlayışlar şəklində bütün cəmiyyətlərdə özünü göstərir. Biz ümumi aqressiya fenomeni ilə rastlaşırıq və bu, çox təhlükəli və narahat edən amildir. İntiharların artmasına səbəb də elə budur. Elə adam var əsəbini kənardakından çıxarır, eləsi də var özündən. Beləcə cəmiyyətdə həm intiharların sayı artır, həm də xoşagəlməz olayların”.