İntihar edən qazinin qardaşı: “Mərhumu gözdən salmaqla məşğuldurlar”

Foto: Maşallah Mənəfovun yaxınlarının arxivindən

“Maşallahın maşına mindirilməsi ərazidəki müşahidə kamerasına da düşüb”

“Hələ istintaq gedir, ortada heç nə yoxdur, deyirlər, guya qardaşım kiməsə mesaj yazıb, narahat edib. Deyirik, çıxarın, göstərin görək, o nə mesajdır elə, kimə yazılıb? Özünü öldürəni namussuz çıxarmaq, bu da bunların təzə metodudur deyəsən. Başçı indidən mərhum qardaşımın namussuz olmasıyla bağlı ictimai rəy formalaşdırmağa çalışır”.

Bunu Meydan TV-yə Sabirabadda bir ay əvvəl özünü asaraq intihar etmiş Maşallah Mənəfovun qardaşı Mədət Mənəfov deyir.

Bir neçə gün əvvəl Sabirabadda özünü yandıraraq intihar edən İkinci Qarabağ Müharibəsinin qazisi Elvin Cəfərovun dəfn mərasiminə rayonun icra başçısı Siraqəddin Cəfərov da gedib. O, müsahibə verərkən müxbirin bir ay əvvəl özünü asaraq həyatına son qoymuş digər qazi Maşallah Mənəfovla bağlı sualını belə cavablandırıb:

“Mən burda açıqlama vermək istəmirəm ki, başqa qazilər də gözdən düşsün. Orda namus məsələsi… Mümkün istiqamətlər ona gedir. Bu məsələləri gəlin saxlayaq”.

İcra başçısının bu sözləri Maşallah Mənəfovun ailəsini qəzəbləndirib. Mədət Mənəfov deyir, Siraqəddin Cabbarovun bu videomüsahibəsindən sonra – iyulun 14-də o, icra başçısı ilə görüşüb.

Mədət Mənəfov:

“Başçıya sual verdim ki, sizi nə məcbur edirdi qardaşım haqqında o sözləri deyəsiz? Deyir: “Mesaj yazıb qıza. Mən onu bilirsən niyə dedim? Sənin qardaşın çox abırlı adam idi, o, başqa qazilərdən fərqlənirdi, icra hakimiyyətinə gələndə də başqaları kimi səsini başına atmırdı, sakit adam idi. Özüm elə dedim ki, bu işin üstünü tez açsınlar”. Deyirəm, bir rayonun icra başçısı – yəni rayonun birinci şəxsi ölümünün səbəbləri araşdırılıb ortalığa çıxarılmamış bir şəxs barəsində bunu necə deyə bilər? Demirsiniz kiməsə mesaj yazıb? Biz onun telefonuna baxmışıq, orda mesaj görməmişik, telefonu da istintaqa vermişik ki, qoy araşdırsınlar. Niyə faciəli ölmüş birini rüsvay etməkdən ötrü əlinizdən gələni edirsiniz? Dayanıb, üzümə baxır, heç nə demir”.

Mədət Mənəfov qardaşının müharibədən qayıdandan sonra uzun müddət iş axtardığını, bir müddət əvvəl rayondakı “Əmin” marketlər şəbəkəsində işlə təmin olunduğunu deyir:

“Çox kasıb ailəyik. Maşallah maddi sıxıntılarıyla bağlı tez-tez icra hakimiyyətinə, kənddəki icra nümayəndəliyinə, bələdiyyəyə müraciət edirdi. Ancaq heç bir köməklik olunmurdu. Döydüyü qapılardan boş vədlərlə geri qaytarılırdı. Bir neçə ay əvvəl icra başçısı qardaşımı “Əmin” marketə göndərdi, dedi, tapşırmışam, get, orda sənə iş verəcəklər. Səhər saat 8-dən gecə saat 11-ə kimi işləyirdi, 276 manat maaş alırdı. Marketin sahibinə tez-tez maaşın azlığından, müddəti ötmüş ərzaqların adamlara satılmasından şikayətlənirdi. Market sahibinin Maşallahı görən gözü yox idi. Sadəcə, başçının tapşırığıyla işə götürülmüşdü deyə, işdən çıxara bilmirdi”.

Mədət Mənəfov deyir, Maşallah özünü öldürməmişdən bir neçə saat əvvəl – iyunun 15-də axşam saat 23 radələrində işlədiyi mağazanın qarşısına üç maşın gəlib. Maşallahı zorla maşınlardan birinə mindirərək aparıblar:

“Maşallahın maşına mindirilməsi ərazidəki müşahidə kamerasına da düşüb. Maşının sahibi də, onu zorla maşına mindirib aparanlar da rayon adamlarıdır, tanıyırıq. Maşallah evə gecə saatlarında gəlib. Həyəcanlı olub, yata bilməyib, səhər saat 7 radələrində evdəkilərə bir söz demədən evdən çıxıb, pay torpağına gedərək orada özünü söyüd ağacından asıb. Biz o görüntüləri də istintaqa vermişik. Ancaq hadisənin üstündən bir ay keçməsinə baxmayaraq qardaşımı özünü öldürmə həddinə çatdırmış adamlar hələ də azadlıqda gəzir. Biz nə baş verdiyini bilmirik, qardaşım bizə heç nə deməyib. Biz də istəyirik ki, bu işin üstü açılsın. Qardaşımı özünü öldürmək həddinə çatdıran kimlər olubsa, cəzalandırılsınlar. Ancaq düzgün araşdırılsın, ölənin dalıyca “namus məsələsiydi” deyib, bu başdan ictimaiyyəti çaşdırmasınlar. Açıq-aşkar görünür ki, prokurorluq işin üstünü ört-basdır etməyə çalışır”.

Sabirabad Rayon Prokurorluğundan bildirilib ki, Maşallah Mənəfovun ölümüylə bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsiylə cinayət işi başlanıb, istintaq davam edir. Maşallah Mənəfovun hüquqi varisi kimi qardaşı Ağagül Mənəfov tanınıb.

Mərhumun ailə üzvləri Baş prokurorun istintaqı nəzarətə götürməsini istəyir.

Ana səhifəBölgəİntihar edən qazinin qardaşı: “Mərhumu gözdən salmaqla məşğuldurlar”