İnterpol külli miqdarda vergidən yayınmaqda ittiham edilən azərbaycanlı podratçını saxlayıb

Azər Kazımov. Foto: şəxsi arxivindən

Tikinti-quraşdırma şirkətinin rəhbəri, Olimpiya Stadionu layihəsində “MST Tikinti-Quraşdırma” MMC-nin rəhbəri kimi fəaliyyət göstərən Azər Əkbər oğlu Kazımov Azərbaycanda vergidən yayınma və qanunsuz sahibkarlıq cinayətlərində ittiham olunaraq axtarışa verilib. O, 2021-ci ildən İsveç vətəndaşı olmasına baxmayaraq, bu il iyulun 15-də Xorvatiya sərhəddində İnterpol tərəfindən saxlanılıb və hələ də sərbəst buraxılmayıb.

Ailəsinin həbsindən sonra Meydan TV- yə verdiyi açıqlamaya görə, 57 yaşlı Azər Kazımov CM-in  213-cü (vergidən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirləndirilir. Yerli mediada hələ 10 il bundan əvvəl yayılmış xəbərlərdə Azər Kazımovun yarım milyon manat vergi borcuna görə ölkədən qaçdığı deyilirdi.

Azər Kazımov kimdir və niyə interpol tərəfindən saxlanılıb?

Ailəsi Meydan TV-yə bildirib ki,  Azər Kazımov 2010-2014- cü illərdə “MST Tikinti-Quraşdırma” MMC-nin rəhbəri olub. Bir neçə dövlət layihəsində tikinti şirkəti-podraçı olaraq əməkdaşlıq edib. O cümlədən Olimpiya Stadionunun təməli üçün ərazinin təmizlənməsi və torpağın restovrasiyası işini onun şirkəti həyata keçirib.

“Həmin layihədə ödənişi neft şirkəti etsə də, burada vasitəçi idarə var idi; podratçıların pulunu məhz həmin vasitəçi idarə ödəyirdi. (Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi– red.) 2013-ün sonu bizim şirkət öhdəsinə götürdüyü işi təhvil verdi, lakin son bir neçə ayın pulunu ala bilmədik; işçilər pul gözləyirdi, xərclər var idi. 2 milyon (mln) manat ziyanda idik. Azər pulu almaq üçün dəfələrlə idarələrə gedirdi. 2014-cü ilin əvvəlləri Mirqafar Seyidov (2007–2014-cü illərdə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi- red.) onu pulunu istədiyinə görə çağırıb təhdid etmişdi. Ona demişdi ki, “istəsək, səni elə maddələrlə yükləyərik, bir də işin içindən çıxa bilməzsən, get həyatını yaşa.” Bir müddətdən sonra bizə xəbər gəldi ki, Azəri yaxın günlərdə tutacaqlar”.

Ailəsi bildirir ki, həbs olunacağı ilə bağlı xəbər aldıqdan sonra Azər Kazımov təcili şəkildə ölkədən çıxıb. Sonradan onun barəsində cinayət işi açılıb və interpol vasitəsilə axtarışa verilib.  Ailəsinin sözlərinə görə, o, hazırda bu səbəbdən saxlanılıb.   

Azər Kazımov. Foto: Şəxsi arxivindən

Olimpiya Stadionunun tikintisinə başlanılmasına dair mənbələr 2012-ci ilin noyabr-dekabr ayını göstərir. Yerli mediada gedən xəbərlərdə  bunun 2012-ci ilin dekabrına təsadüf edildiyi yazılsa da, Olimpiya Stadionunun 44 dildəki vikipedik məlumatlarında isə mühasiblərin dediyi kimi noyabr ayından başladığı qeyd olunub. Binanın tikintisinin ilkin mərhələsi- ərazinin təmizlənməsi və torpağın restovrasiyası  “MST Tikinti-Quraşdırma” MMC-yə həvalə edilib, şirkət 2012-ci ilin noyabrından 2013-cü ilin sonunadək həmin ərazini tikintiyə hazırlayıb. Ailəsinin sözlərinə görə, onlar işi təhvil verdikcə Türkiyənin “Tekfen İnşaat” şirkəti ərazidə stadionun tikinti işlərinə başlayıb və iki şirkət bir neçə ay koordinasiyalı işləyiblər.

Təkcə stadionun tikintisi üçün 640 milyon dollarlıq müqavilə imzaladıqlarını deyən “Tekfen İnşaat”ın baş direktoru Levent Kafkaslı layihənin inşasına 2013-cü ilin fevral ayında başladıqlarını bildirib. UEFA AVRO-2020 üzrə Dəyərləndirmə Hesabatında isə qeyd olunub ki, stadionun ümumi investisiya büdcəsi 710,6 milyon avro təşkil edib.

Ailəsinin bildirdiyinə görə, Azər Kazımov həbs təhlükəsini və ölkədən çıxmaq məcburiyyətini məhz Olimpiya Stadionunun tikilməsi zamanı göstərdiyi xidmətin ödənişini tələb etdiyi üçün yaşayıb. Lakin ailə deyir ki, bu onların dövlət qurumları ilə münasibətdə yaşadıqları ilk problem deyil.

“Həmin dövrdə Zaqatala-Balakən yolunun inşası ilə bağlı layihə var idi, layihə “Mambrini Construzioni” şirkətinə verilmişdi, həmin şirkət Azərbaycanda tikinti şirkəti axtarırdı və bizim şirkətlə razılaşdı. Biz də düşünürdük ki, layihə başlayacaq və hər şey yaxşı gedəcək. Kəmaləddin Heydərov bu layihəyə hazırlıq üçün bizə 3 milyon manatlıq “İVECO” markalı yük avtomobilləri satdı. Alış-satış “Qaraçay MMC” vasitəsilə aparılırdı. Biz 1.6 mln pul ödədik, gözlədik ki, layihə başlayacaq, amma şirkət məvacibi aidiyyatı qurumlar arasında bölüşdürə bilmədi və nəticədə layihə ləğv olundu. Nəticədə pulun qalanını (1,4 mln) ödəyə bilmədiyimiz üçün maşınlar əlimizdən alındı. “Qaraçay MMC” yalnız pulu tam ödədikdən sonra maşınları adımıza keçirəcəyini demişdi. Beləcə, pulunu ödədiyimiz maşınları da əlimizdən aldılar. Bu iki hadisə- Olimpiya Stadionu problemi və maşınların əlimizdən alınması təxminən paralel dövrdə idi”.

Azər Kazımovun ailəsi deyir ki, o ölkədən çıxdıqdan sonra polis ailə üzvlərini bir neçə dəfə çağıraraq barəsində məlumat almağa çalışıblar, sonra barəsində axtarış elan ediblər.

“Bir neçə dəfə A.Kazımovun yoldaşını çağırdılar, harada olduğunu soruşdular və o da bildirdi ki, hazırda ölkədə deyil. Bizə əlavə hansısa təzyiq göstərmədilər. İlk olaraq İtaliyaya getdi, həmin italyan şirkəti-“Mambrini Construzioni” ilə iş əlaqələri var idi, lakin sığorta sisteminə görə 2015-ci ildə İsveçə sığınacaq üçün müraciət etdi. 2018-ci ildə İsveç ona yardımçı müdafiə statusu verdi. (“subsidiary protection”; əgər bir şəxs BMT-nin qaçqın statusu meyarlarına tam uyğun gəlmirsə, lakin öz ölkəsinə qayıtdıqda onu ciddi təhlükə (məsələn, ölüm cəzası, işgəncə, müharibə vəziyyəti) gözləyirsə, o zaman “subsidiary protection”, yəni yardımçı müdafiə statusu ala bilər-red.)”.

Yaxınları deyir ki, Azər Kazımov 2021-ci ildə İsveç vətəndaşlığını alıb. Azərbaycan vətəndaşlığından çıxmaq üçün özü və oğlu Azərbaycana müraciət etsə də, vətəndaşlıqdan çıxarılmayıblar. Kazımov 2022-ci ildə Norveçdə sərhəddi keçərkən İnterpol tərəfindən saxlanılıb və bir gün sonra azad edilib. Hazırda isə artıq iki gündür ki, İsveç vətəndaşı olmağına rəğmən, gözləmə məntəqəsində saxlanılır. Ailəsi deyir ki, onlar İsveçin aidiyyatı qurumları ilə əlaqə saxlasalar da, hələki heç bir qənaətbəxş nəticə ala bilməyiblər:

“Bizim üç qurumla əlaqə vasitəmiz var və təəssüf ki, heç biri məsələnin həllini öhdəsinə götürmür. Bu qurumlardan biri, İsveçin Miqrasiya idarəsidir, onlar bizə deyirlər ki, artıq İsveç vətəndaşlığı olduğu üçün məsələ bizim səlahiyyətimiz daxilində deyil. İkinci qurum, İsveç Xarici İşlər Nazirliyidir, onlar da məsələnin İsveçin Xorvatiyadakı səfirliyinin baxmalı olduğunu bildirib və səfirliyə bildiriş göndərib. Səfirlik isə deyir ki, başqa məsələdə kömək edə bilərik, bu məsələ bizim səlahiyyətimizdə deyil. Hazırda biz bilmirik ki, bu məsələ ilə hansı qurum maraqlanmalıdır”.

Deyilənlərə aidiyyatı qurumların münasibəti məlum deyil.

Azərbaycanda bu il təxminən 10 nəfər ictimai-siyasi fəal, QHT rəhbərləri terorizm, dələduzluq, vergi qaçaqmalçılığı və çirkli pulların yuyulması ittihamı ilə , 11 nəfər insan alveri ilə məşğul olmaq ittihamı ilə beynəlxalq axtarışa verilib.

Ana səhifəSiyasətİnterpol külli miqdarda vergidən yayınmaqda ittiham edilən azərbaycanlı podratçını saxlayıb