Ağsu rayonunun Hacıqədirli və Sarvan kəndlərində yaşayanlar məktəbə getmək üçün 4 km yol qət etməlidirlər. Bunun üçün isə uşaqlar səhər saat 5-də yuxudan oyanmağa məcburdurlar. Üstəlik həmin saatlarda çöldə küçə itlərinin çox olması da ailələr üçün narahatlıq doğurur.
Bura isə 4 km yoldan sonra şagirdləri gözləyən məktəbdir. Şagirdlər bu otaqda təhsil alırlar. Qızdırıcı sistemi olmayan otaq odun sobası ilə qızdırılır. Yağış yağarkən isə şagirdlərin başına su damır. Şagirdlərlə birgə həm də indiki və eks-prezidentlərin rəngli portretləri də islanır. Sinif otağının şəraitsizliyindən dərslər birnövbəli sistemdə keçirilir. Kənd sakini Rəhman İslamov deyir ki, 1-ci, 2-ci, 3-cü və 4-cü sinif şagirdləri eyni vaxtda bir parta arxasında dərs keçirlər. O, sual edir ki, bu sistemdə uşaqlar hansı dərsi qavraya bilərlər?
Rəhman İslamov təkcə qazın yox, həm də suyun, telefon xəttinin də olmadığını deyir. Əlavə edir ki, internetin nə olduğu kənd uşaqları bilmir. Onlar sadəcə bu sözü televizordan eşidiblər.
Bütün bu problemlərlə yanaşı, kənd əhlinin 600 hektar torpaq sahəsini də adı bilinməyən bir nəfər özəlləşdirib. Sakinlər adamın kimliyini nə qədər öyrənməyə çalışsalar da, onlara heç bir məlumat verilməyib.
Hazırda kənddə körpü tikilir. Lakin kəndin sakinləri bu körpü tikintisində işlə təmin edilmirlər.
İşıq dirəkləri isə ayrı bir problemdir. Külək əsən kimi kəndlilər günlərlə işıqsız qalır.
Məktəbə gəlmək üçün 4 km yolu qət edən şagirdləri odun peçi ilə qızınmağa məcbur olan bu sinif otağı və iki prezidentin portreti qarşılayır. Onları bir gün daha isti sinif otağının qarşılayacağı ümidi ilə elə sakinlərin çəkdiyi və MeydanTV-yə göndərdiyi videonu sonlandırırıq.