Layihələr plenar iclasa tövsiyə edilib
Milli Məclisin Mədəniyyət komitəsinin iclasında Azərbaycanda internet informasiya ehtiyatının və onun domen adının sahibi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması ilə bağlı cərimə cəzalarının müəyyənləşdirilməsi məsələsi müzakirə edilib.
İnzibati Xətalar Məcəlləsinin 388.0.1 maddəsinə (Maddə 388. Kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etmə; 388.0.1 – açıqlanması qanunla qadağan edilən məlumatları açıqlamaq;) təklif edilən əlavəyə görə, bu əmələ yol verən fiziki şəxslər 500 manatdan 1000 manata qədər, vəzifəli şəxslər 1000 manatdan 1500 manata qədər, hüquqi şəxslər isə 1500 manatdan 2000 manata qədər cərimələnəcəklər.
Maddəyə görə, yuxarıdakı cərimələr eyni qaydada həmçinin internet informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunla yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməyə görə də tətbiq ediləcək.
Bundan başqa, internet informasiya ehtiyatı “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na daxil edildikdən dərhal sonra host provayder və internet provayderlər tərəfindən həmin internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılmamasına görə, vəzifəli şəxslər 1500 manatdan 2000 manata qədər, hüquqi şəxslər isə 2000 manatdan 2500 manata qədər cərimlənəcəklər.
Yeni maddənin “Qeyd” hissəsində isə deyilir ki, bu maddədə göstərilən əməl Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.
Bununla bağlı “Kütləvi informasiya vasitələri haqqında”, “Telekommunikasiya haqqında”, “Televiziya və radio yayımı haqqında” qanunlara da oxşar düzəlişlər edilir.
Bundan başqa, provayderlər tərəfindən uçota durma qaydalarının pozulmasına görə cəza tətbiq olunacaq. İnzibati Xətalar Məcəlləsinə yeni- 370-1-ci (İnternet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər tərəfindən uçota durma qaydalarının pozulması) maddəsi əlavə edilir.
Maddəyə əsasən, xidmət göstərməyə başladıqları vaxtdan 15 gün müddətində müvafiq icra hakimiyyəti orqanında uçota durmamasına, uçota alınma üçün zəruri olan sənədlərdəki çatışmazlıqları aradan qaldıraraq 15 gün müddətində uçota alınmaq üçün yenidən müraciət edilməməsinə, uçot məlumatlarında dəyişiklik baş verdiyi gündən 10 gün müddətində həmin dəyişiklik barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsinə görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə ödəyirlər.
Layihələr plenar iclasa tövsiyə edilib.
Mart ayında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliklər
təsdiqlənib
.
Bu qanun dəyişikliyindən sonra Azərbaycanda tənqidçi media hesab edilən bir neçə sayt
bloklanıb
.
Qanuna görə, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir.
İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın olduğunu aşkar etdikdə və ya bu barədə ona müraciət daxil olduqda belə informasiyanın informasiya ehtiyatından götürülməsini təmin edir.
Qanunda deyilir ki, host provayder öz informasiya sistemlərində yerləşdirilmiş internet informasiya ehtiyatlarında yayılması qadağan edilən informasiya aşkar etdikdə və ya ona bu barədə məlumat daxil olduqda dərhal informasiya ehtiyatının sahibinin onu götürməsi üçün tədbirlər görür.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə xəbərdarlıq edir.
Xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində yayılması qadağan edilən informasiya internet informasiya ehtiyatından götürülmədikdə nazirlik həmin orqanın yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsinə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciət edir.
Dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yarandığı və ya insanların həyat və sağlamlığı üçün real təhlükə olduğu təxirəsalınmaz hallarda internet informasiya ehtiyatına müraciət nazirliyin qərarı əsasında müvəqqəti olaraq məhdudlaşdırılır. Nazirlik bu qərarı qəbul etdikdə eyni zamanda internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə məhkəməyə müraciət edir. İnformasiya ehtiyatına müraciətin müvəqqəti məhdudlaşdırılması barədə qərar məhkəmədə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciətə baxılanadək və ya həmin qərar ləğv edilənədək qüvvədə qalır.
Qanun fəaliyyəti məhdudlaşdırılan internet informasiya ehtiyatının adının qara siyahıya salınmasını da tənzimləyir. Siyahıdakı məlumatların tərkibi, siyahının tərtibi, tətbiqinə nəzarət edilməsi və host və internet provayderlərə qarşılıqlı əlaqənin təşkil edilməsi qaydalarını Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müəyyən edir.
İnternet informasiya ehtiyatı “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının siyahısı”na daxil edildikdən dərhal sonra host provayder və internet provayderlər internet informasiya ehtiyatına müraciəti məhdudlaşdırmalı və bu barədə internet informasiya ehtiyatının sahibinə məlumat verməlidir.