İnternet azadlığı: Azərbaycan reytinq cədvəlinin dibinə yaxınlaşır

“Freedom House” təşkilatının 2015-ci il üçün İnternet azadlığı (Freedom on the Net 2015) hesabatına görə bütün dünya boyunca virtual aləmin sərbəstlik meydanı ümumilikdə daralıb, belə ki, indi daha çox hökumətlər ictimai maraq kəsb edən informasiyanı senzura edir, müşahidə və güdməni genişləndirir, şəxsi məxfilik alətləri üzərinə hücuma keçir.

Source:

“Freedom House” təşkilatının 2015-ci il üçün İnternet azadlığı (Freedom on the Net 2015) hesabatına görə bütün dünya boyunca virtual aləmin sərbəstlik meydanı ümumilikdə daralıb, belə ki, indi daha çox hökumətlər ictimai maraq kəsb edən informasiyanı senzura edir, müşahidə və güdməni genişləndirir, şəxsi məxfilik alətləri üzərinə hücuma keçir.

Hesabatda deyilir ki, araşdırmalar bütün internet istifadəçilərinin 61 faizinin hökumətin, hərbi hakimiyyətin və ya hakim ailələrin tənqidinə senzura qoyulduğu, 58 faizinin isə bloqqerlərin və istifadəçilərin siyasi, sosial və dini mövzularda informasiyanı mübadilə etdiklərinə görə məhbus edildikləri ölkələrdə yaşadığını göstərir.

Çin internet azadlığını ən çox pozan ölkə kimi qeyd olunur və bildirilir ki, onun ardınca İran və Suriya gəlir.

O da vurğulanır ki, “Freedom House” təşkilatının 2014-cü ildən bəri araşdırdığı 65 ölkədən 32-də internet azadlığı tənəzzül edib.

Həm də bu meylin baş verdiyi ölkələr arasında Fransa kimi Avropa ölkəsi, Liviya kimi münaqişəli dövlət də var.


Gürcüstan və Ermənistan “azad” ölkələr arasında

Ötən bir il ərzində bir-biri ilə ərazi və təbliğat müharibəsində olan Ukrayna və Rusiyada da internet azadlığı geriləyib.

Qeyd olunur ki, internet azadlığı sahəsində ən böyük irəliləyişə Şri Lanka və Zambiya kimi ölkələr nail olublar. Bu, həmin ölkələrdə hakimiyyətə yeni hökumətlərin gəlməsi ilə əlaqələndirilir.

“Freedom House” təşkilatının 2015-ci il üçün İnternet azadlığı hesabatında 65 ölkədə internet və rəqəmsal medianın sərbəstlik dərəcəsi araşdırılıb.

Bu hesabatın reytinq bölümündə ölkələr 0-dan 100-dək bal sistemi ilə qiymətləndirilib. Şərti olaraq “0” qiyməti ən azad internetə malik ölkəyə, 100 xal isə ən az internet azadlığı olan ölkəyə verilib.

0-dan 30-dək bal qiymətləndirməsinə düşən ölkələr internet azadlığına görə “azad”, 31-60 xal arasında olanlar “qismən azad” və 61-100 xal arasında olan ölkələr “azad olmayan” ölkələr kateqoriyalarına aid edilib.

Keçmiş sovet respublikalarından iki Qafqaz ölkəsi – Gürcüstan (24) və Ermənistan (28) “azad” qrupuna daxil edilib.

Bu qrupa İslandiya, Estoniya və Kanada liderlik edirlər və demək olar bütün Qərb demokratiyaları bu kateqoriyadadır.

Azərbaycan (56), Qırğızıstan (35) və Ukrayna (37) ilə birlikdə “qismən azad” kateqoriyasındadır. Demək lazımdır ki, Türkiyə də bu qrupdadır. Reytinq cədvəlində Azərbaycan Liviya ilə Zimbabve arasında mövqe tutub.


Azərbaycanda internet azadlığı tənəzzül edib

Azərbaycan “qismən azad” kateqoriyasına düşsə də, onu reytinq cədvəlinin dibindən 21 pillə ayırır.

Qazaxıstan, Rusiya, Belarus, Pakistan, Özbəkistan və İran “azad olmayan” ölkələr qrupuna düşüb.

Hesabatda bu da qeyd olunur ki, Azərbaycan, Rusiya və Türkiyədə ötən il ərzində internet azadlığı tənəzzül edib.

Bu hesabatda Azərbaycanda internet azadlığı ilə bağlı bir neçə maraqlı məqamlara toxunulur.

Məsələn, bildirilir ki, internetə nəzarət xidmətləri göstərən “Hacking Team” şirkəti 2015-ci ilin iyulunda Azərbaycan, Misir, Efiopiya, Özbəkistan və Vyetnam hökumətlərinin onun müştəriləri olduğunu açıqlayıb.

Bu ölkələrin hamısı internet fəallarını və bloqqerləri məhbus edən dövlətlərin sırasındadır. Halbuki, “Hacking Team” şirkəti insan haqlarını pozan ölkələrə xidmət göstərmədiyində israr edir.

Hesabatda ayrı-ayrı ölkələrdə internet azadlığına hücumların spesifikasına da diqqət yetirilib.

Məsələn, Azərbaycanda internet azadlığı üzərinə təzyiq növlərinə misal olaraq hökumətyönlü şərhçilərin internet diskussiyalarını manipulyasiya etmələri, internetdə senzuranın tətbiqinə və istifadəçilərin cəzalandırılmasına yönəlik qanunvericilik aktlarının qəbulu, jurnalist və bloqqerlərin həbsləri və məhbus edilməsi, tənqidi istifadəçilər üzərinə texniki hücumlar göstərilir.

Bunlardan Ermənistana yalnız sonuncusu şamil edilib, Gürcüstanda isə belə halların qeydə alınmadığı göstərilib. (

Azadlıq Radiosu

)

Ana səhifəXəbərlərİnternet azadlığı: Azərbaycan reytinq cədvəlinin dibinə yaxınlaşır