”İnsidentin yaranmasına Araz Şahverdiyevin tutduğu mövqe səbəb oldu”

Cəbrayıl ağsaqqaları prezidentə müraciət etdi

Source:


Cəbrayıl ağsaqqaları prezidentə müraciət etdi

Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış 11 qəsəbədə yaşayan ağsaqqallar adından prezident İlham Əliyevə mürciət ünvanlanıb. Surəti Meydan TV-yə göndərilmiş müraciətdə 127 nəfərin adı qeyd olunub.

Müraciətdə deyilir:

“Cəbrayıl rayon ağsaqqalları və ağbirçəkləri bildirir ki, 2003-cü ildə Biləsuvar rayonu ərazisində Cəbrayıldan olan məcburi köçkünlərin məskunlaşdığı çadır şəhərciyini su basmasışdı. Bununla əlaqədar həmin gecə ulu öndər şəxsən bizimlə birgə oldu və birbaşa onun göstərişi nəticəsində heç bir layihə olmadan 6 qəsəbənin tikilməsinə sərəncam verildi. 2007-ci ildə Sizin sərəncamınız əsasında əlavə olaraq 5 qəsəbənin tikintisi başa çatdı. Bütün çadır şəhərcikləri ləğv edilərək, qəsəbələrdə 20 minə yaxın əhali yerləşdirildi. Nəzərinizə çatdırmaq istəyirik ki, əvvəlki illərdə 11 qəsəbə salındı. Soyuq qış aylarında vətəndaşlarımız neft yanacağı ilə təmin olunurdu. 2015-ci ildən etibarən neftin verilməsi dayandırıldı və bütün yük elektrik enerjisinin üzərinə düşməyə başladı.

2016-cı ilin dekabrından işıqlar hər gün saatlarla söndü. 22 dekabrda işıqlar, ümumiyyətlə, yanmadı. Bununla əlaqədar əhalimiz dözməyərək etirazını bildirməyə başladı. Əvvəlki illərə nisbətdə bu qışın daha çox sərt keçməsi və yalnız elektrik enerjisindən istifadə bizə ayrılan limiti aşmağımıza səbəb oldu. Evdə yaşlılar, körpələr, xəstələr var. İşıqların söndürülməsi, fasilələrlə verilməsi onların vəziyyətini daha dözülməz hala gətirib çıxardı. Qazımız yox, odunumuz yox, neftimiz yox, odur ki, ancaq elektrik enerjisindən istifadə edirik”.

Müraciətdə daha sonra deyilir ki, dekabrın 22-də “Azərişıq” yaranmış borcu əsas gətirərək, xətləri tamamən elektrik dirəklərindən ayırmağa başlayıb. Bu da əhalinin narazılığına səbəb olub. Ancaq polis narazı insanların sözünü İcra Hakimiyyətinə deməsinə mane olub:

“Məlumunuz olsun ki, insidentin yaranmasına Cəbrayıl rayon Polis Şöbəsinin rəisi Araz Şahverdiyevin tutduğu mövqe səbəb oldu. Biləsuvar və İmişli rayonundan olan polisləri hadisə yerinə toplamağa heç bir lüzum yox idi. Bu, dinc şəkildə etiraz toplantısı idi. İnsanların məqsədi fikirlərini icra orqanına çatdırmaqdan ibarət idi. Hadisənin qarşıdurmaya çevrilməsinə səbəb məhz Araz Şahverdiyev oldu. Dinc əhalini dubinka ilə vuraraq, söyüşlə təhqir edərək, etiraz toplantısının polis və vətəndaş arasında qarşıdurmaya çevrilməsinə zəmin yaratdı.

Məhz buna görə cavanlar hiddətlənərək qeyri-qanuni hərəkətlərə yol veriblər. Ağsaqqaları icra başçısı ilə görüşməyə qoymadılar. Münaqişənin bir səbəbi də budur.

Nəticədə beş nəfər; Alməmmədov Gülağa Vəli oğlu (Qarabağ qazisi), Quliyev Calal Ədil oğlu (vərəm xəstəsi), İsgəndərov İlkin Fizuli oğlu, Fehruzlu Zaur Tərbiz oğlu və Quliyev Ülvü Məhəmməd oğlugünahsız yerə həbs olunublar”.

Müraciətin sonunda deyiir: “Cənab prezident, bilirsiniz ki, cəbrayıllılar tarixboyu dövlətə, dövlətçiliyə sadiq olublar. Ulu öndər Heydər Əliyevə və şəxsən Sizə arxalanıb, həmişə sizinlə birgə olduğumuzu sübut edib, bundan sonra da sizinlə birgə addımlayacağıq.

Siz həmişə məcburi köçkünlərin yanında olduğunuzu və humanistliyinizi bütün dünyaya sübut etmisiniz.

Cəbrayıl rayon ağsaqqalları və ağbirçəkləri inanır ki, Siz həmin o günahsız cavanların əziyyət çəkməsinə imkan verməyəcəksiniz”.

Meydan TV Araz Şahverdiyevlə əlaqə saxlaya bilməyib. Polis Şöbəsindən onun işdə olmadığı bildirilib.

Ana səhifəXəbərlər”İnsidentin yaranmasına Araz Şahverdiyevin tutduğu mövqe səbəb oldu”