“Düz 20 ildən artıq acısı ürəyimi parçalayıb. O vaxta qədər ki, qaynı arvadı mənə baş verənlərin həqiqət olduğunu söylədi. İndi yaşamaq daha asandır”.
7 il dəli-divanə məhəbbət yaşamış bir qadının etirafıdır, bu. Uzun zaman nişanlı qalmış həmin xanım evliliyin bir addımlığında faci ilə üzləşir. Nişanlısı öz bacısını zorlayır. Xəbər bütün kəndə yayılır, beləliklə, bir göz qırpımında uzunmüddətli münasibət, gələcək planlar puça çevrilir. Bu 20 ildə isə onun baş vermiş olaya inanmamağa vadar edən bircə səbəb varmış. O da 7 illik münasibətləri zamanı istəklisinin onu bircə dəfə belə öpməməsi, heç buna cəhd etməməsi olub.
Amma gerçəklik danılmaz faktdır. Dəfələrlə bacısını zorlamış nişanlısının hətta bacısından uşağı da olur. Qızlarını aylarla evdə saxlamış valideynləri uşaq doğularkən öldürüb, basdırır, öz oğullarını isə kənddən sürgün edirlər. Deyilənə görə həmin şəxs o kəndə bircə dəfə də ayaq basmayıb. Bacısını isə hadisədən bir neçə il sonra ayrı rayona, yaşlı, dul kişiyə ərə veriblər.
Bəli, bu tip olaylar tarixlər boyu olub və olacaqdır. Əvvəllər belə hadisələri ancaq böyüklər bilib, xəlvətdə danışardılarsa indi vəziyyət tamam başqadır. Vətəndaş jurnalistikasının formalaşması ilə artıq sosial şəbəkələr vasitəsilə də ən məhrəm xəbərlərdən halı olmaq mümkündür.
Bu hadisənin psixologiya elmində bir adı var-insest. İnsest nədir?
Ailə üzvləri yaxud qan qohumları arasındakı seksual münasibət insest sayılır.
Ailə institutu modelinə, ümumdünya əxlaq qaydalarına və bütün dinlərə görə qadağan olunan bu hal əsrlərdir mövcuddur.
Əslində, məsələyə dini baxımdan yanaşsaq, qəribə paradoks meydana çıxır. Belə ki, əgər bugünkü cəmiyyət Adəmlə Həvvanın törəmələridirsə, demək ortada insest həqiqəti var. Belə olan halda, Çarlz Darvinin təkamül nəzəriyyəsinə əsəslanmaq daha fərəhləndiricidir. Hərçənd ki, yaradılış barədə həqiqəti nə dinlər, nə də Darvin ağılabatan və faktlara əsaslanmış formada sübut edə bilməyibdir.
İstənilən halda hesab edirəm elm və mistika hər zaman bəşəriyyəti təəccübləndirməyə qadirdir.
İnsestlə bağlı qısa tarixi araşdırma aparsaq, Qədim Misirdə qardaşla-bacı evliliyinə aid onlarla nümunə tapa bilərik. O cümlədən Yunan və Roma mədəniyyətlərində də insestə dair rəvayətlərə rast gəlinir.
Ziqmund Freydin Edip kompleksi də öz tərkibində insestə əsaslanır. Belə ki, Freydin qurucusu olduğu Psixanalitik nəzəriyyəyə görə qarşı cins olan valideynləri sahiblənmə və öz cinsindən valideynləri itələmə mövzusunda uşağın bəslədiyi duyğu, düşüncə, impuls və fantaziyaların cəmidir.
Buna görədir ki, Sofoklun “Kral Edip”, Şekspirin “Hamlet” və Dostoyevskinin “Karamazov qardaşları” əsərlərində eyni mövzunun – ata qatili olmanın əsas olması heç də təsadüf deyil. Bütün bunların kökündə edip kompleksi dayanır. Kral Edip Sofokla görə bir əsər qəhrəmanı idisə, Freydə görə insan olmağın faciəvi hallarından biri idi.
Nə yazıqlar olsun ki, tarix təkrarlanır. Hər gün ölkədə və xaricdə insest xarakterli xeyli cinayət hadisələrinin baş verdiyinə qiyabi də olsa şahidlik edirik.
Amerika kimi nəhəng ölkəndə bu gün ciddi səviyyədə insest problemi var. Bəs, belə hallarla rastlaşmamaq, ən azı profilaktika üçün nə etmək lazımdır?
Zənnimcə, cəmiyyətdə bu durumun keşikçi köpəyi valideynlər olmalıdır. Mümkün qədər çalışmaq lazımdır ki, qardaşla bacı otaqda yatmasın, bütün uşaqların ayrı otaqları olmalıdır. Anasız qalmış uşaqlara qarşı cəmiyyət xüsusi həssaslıq nümayiş etdirməlidir. Ümumən cəmiyyətimizin başlıca problemlərindən olan məsafəni saxlamaq qabiliyyəti ilk növbədə özünə sonra övladına aşılanmalıdır. Məhz bu etik xüsusiyyətin olmaması kiçik halda ananın oğlunu gəlininə qısqanması, qardaşın bacını qarşı cinsin nümayəndələrindən hədsiz müdafiəsi, atanın ağılasığmaz hikkəsi kimi özünü biruzə verirsə daha geniş miqyasda intim yaxınlıq yaxud zorakılıqla nəticələnə bilər.
Hər nə qədər acı olsa belə, bu reallığı daim göz önündə tutmalıyıq. Bəşəriyyətin əsrlərdir sahib olduğu ən dəyərli məhfum-ailə inistitunu qorumaq, cəmiyyətin daha da çirklənməməsi üçün bunu etməliyik.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…